Mediada vəziyyət xeyli düzəlib

Artıq cəbhə xəbərləri yalnız Müdafiə Nazirliyinə istinadən verilir




Prezident İlham Əliyevin ölkədə informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı müvafiq qurumlara verdiyi tapşırıqlardan sonra Kütləvi İnformasiya Vasitələri bu istiqamətdə xeyli müsbət iş görüb. Bu barədə fikirlərini bölüşən media kapitanları müharibə şəraitində olan bir dövlətdə informasiya təhlükəsizliyinin olduqca mühüm olduğunu bildiriblər.

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, informasiya təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsi olaraq hər zaman aktual məsələ olub: "Nəzərə alsaq ki, milli təhlükəsizliyin obyekti cəmiyyət və onların milli-mənəvi dəyərləridir, deməli, informasiya təhlükəsizliyi indiki mərhələdə daha önəmli məsələdir. Ona görə də müvafiq sərəncam bir daha Azərbaycan cəmiyyətini təşkil edən əsas ünsürlərin səfərbər olunması və bunun informasiya, eləcə də milli təhlükəsizliyə yönəlməsini təmin edən vasitələrdən biridir. Odur ki, bu gün Azərbaycan mətbuatının üzərinə çox ciddi vəzifələr düşür. Çünki ölkəmiz hələ də müharibə şəraitində yaşayır. Hesab edirəm ki, avqust ayında keçirilən müşavirədə qaldırılan məsələlər mətbuatın diqqət edəcəyi əsas nüanslar idi. Bu da o deməkdir ki, Azərbaycan mətbuatı

yenidən öz məsuliyyətini dərk etməli və bütün məsələlərə hüquqi kontekstdən yanaşmalıdır. Bu, hazırkı mərhələdə milli maraqlarımızın qorunması üçün olduqca vacibdir”.

"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də bildirib ki, istər Prezident Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında KİV rəhbərləri ilə keçirilən görüşdən, istərsə də Prezidentin sərəncamından sonra peşəkar media qurumlarının redaksiyalarında geniş müzakirələr aparılıb və yaranmış vəziyyət təhlil olunub: "Bunun nəticəsində informasiya təhlükəsizliyi sahəsində mövcud olan boşluqların aradan qaldırılması ilə bağlı Mətbuat Şurası da öz təkliflərini hazırlayaraq müvafiq dövlət qurumlarına təqdim edib. Cüzi istisnalar olmaqla demək olar ki, bütün media qurumları eyni mövqedən çıxış edirlər. Azərbaycanın dövlət və milli maraqlarına, vətəndaşların şəxsi həyatlarının təhlükəsizliyinə münasibətdə diqqətli olmaq KİV-in əsas vəzifələrindən biridir. Jurnalist yazdığı hər sözə görə tək qanun qarşısında deyil, eyni zamanda vətəndaşı olduğu dövlət, mənsub olduğu xalq və öz vicdanı qarşısında da məsuliyyət daşıyır. Əslində bu məsuliyyət bəzilərinin iddia etdiyi kimi söz azadlığını məhdudlaşdıran bir amil deyil, jurnalist peşəsinə şərəf gətirən, onun dəyərini, cəmiyyətdəki rolunun əhəmiyyətini artıran bir faktordur. Məsələyə bu kontekstdən yanaşanda əsl mahiyyəti ortaya çıxır. Cəbhə bölgəsində yaranmış gərginlik zamanı bir neçə KİV-in buraxdığı səhvləri sadəcə onların səhvi kimi qiymətləndirmirəm. Bu, bütövlükdə medianın problemidir və bunun aradan qaldırılması istiqamətində bütün media həmrəylik nümayiş etdirməlidir. Baş verənlərdən əksər mətbuat orqanları ciddi nəticə çıxarıblar.

"Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin sözlərinə görə informasiya təhlükəsizliyi ayrı-ayrı mətbuat orqanlarının məsələyə şəxsi məsuliyyət hissi ilə yanaşmasından asılıdır. Çünki hələ qanunvericilikdə bununla bağlı zəruri dəyişikliklər edilməyib: "Apardığım müşahidələrə görə, vəziyyət hazırda pis deyil və müşavirədə qaldırılan məsələlərlə bağlı media orqanları öz üzərlərində məsuliyyəti dərk etməyə başlayıblar. Fikir versəniz görərsiniz ki, bəzi KİV nümayəndələri bu həftələrdə təmas xəttində ermənilər tərəfindən qətlə yetirilən əsgərlərlə bağlı Müdafiə Nazirliyinin rəsmi məlumatı olmadan xəbər yaymaqdan çəkinirlər. Düşünürəm ki, qanunvericilikdə də müəyyən dəyişikliklər edildikdən sonra məsələnin digər tərəfi aydınlaşacaq. Beləliklə, media orqanlarının bu məsələdə öz fərdi məsuliyyətlərini necə başa düşməsi məlum olacaq. Sözsüz ki, müəyyən cəzalandırmalar və cinayət məsuliyyətinə cəlb olunanlar da olacaq. Eyni zamanda media orqanlarının fəaliyyətlərinin dayandırılması halları da qaçılmazdır. Bu zaman tam şəkildə mənzərəni görə biləcəyik. İnanıram ki, nəticə sonda pozitiv olacaq”.

İsmayıl