Niyaz Niftiyev: “Prinsip etibarı ilə biz jurnalistlər başlığı oxucunu məlumatlandırmaqdan daha çox diqqəti cəlb etmək üçün seçirik”
Medianın sərlövhə problemi...
Xanlar Xoca: “Başlıq kifayət qədər qısa, amma dolğun olmalıdır ki, oxucunun diqqətini cəlb etsin”
Niyaz Niftiyev: “Prinsip etibarı ilə biz jurnalistlər başlığı oxucunu məlumatlandırmaqdan daha çox diqqəti cəlb etmək üçün seçirik”
Niyaz Niftiyev: “Prinsip etibarı ilə biz jurnalistlər başlığı oxucunu məlumatlandırmaqdan daha çox diqqəti cəlb etmək üçün seçirik”
Azər Həsrət: "Tərkibində "şok”, "dəhşət” kimi sözlər olan başlıq altındakı yazıları heç bir zaman oxumuram”
Elşad Məmmədli: "Əslində, başlığı müxbirin özü seçməlidir”
Əziz Əlibəyli: "Tamam başqa mənzərə yaranıb”
Müasir dövrümüzdə xeyli sayda qəzet, jurnal və xəbər saytları fəaliyyət göstərir. Hər bir yazılı medianın, informasiya agentliyinin, xəbər portallarının da öz oxucu auditoriyası var. Mətbu orqanlarda oxucuların diqqətini çəkən ilk və əsas amil isə yazılara qoyulmuş uğurlu və ya uğursuz başlıqlardır. Əslində sərlövhələr yazıların çox oxunmasını təmin edən başlıca şərtlərdən biri, bəlkə də birincisidir. Bu gün mətbu orqanlarda gedən yazılara baxdıqda müxtəlif formada sərlövhəyə rast gəlirik. Məsələn, bir və ya bir neçə cümlədən ibarət olan qısa söz birləşməsindən tutmuş uzun cümlələrdən ibarət olan fərqli başlıqlar görürük. Hətta bəzən elə olur ki, xəbər başlığı informasiyanın özündən daha çox maraqlı olur. Amma bəzi hallarda seçilən başlıqlar oxucuları aldatmaq üçündür. Yəni başlıq gözəl olsa da, oxucu yazıda həmin başlığa aid heç nə tapa bilmir.
Ona görə də, ekspertlər hesab edirlər ki, yaxşı və cəlbedici başlıq yazının maraqlı olması ilə sıx bağlıdır. Məsələnin digər tərəfi isə mediada gedən yazılara kimin başlıq seçməsidir. Dünyanın əksər ölkələrində media qurumlarında yazıya başlıq seçən şəxslər redaktorlardır. Amma bəzən peşəkar və təcrübəli jurnalistlər yazılarına özləri başlıq seçirlər. Məsələn, köşə yazarları məqalələrinə başqalarının başlıq qoymasını "xoş” qarşılamırlar. Onların necə və hansı üsullarla başlıq seçməsi isə özlərindən asılıdır. Yəni əvvəlcə yazını yazıb sonra başlıq seçən də var, sərlövhə qoyub, sonra ona uyğun yazı yazanlar da.
Məsələyə münasibət bildirən media nümayəndələri başlığı yazının "qapısı” sayırlar. Onlar hesab edirlər ki, başlıq oxucuya qarmaq atmaqdır. Bu baxımdan ümumi peşəkar tələblər öz yerində, hər yazıya onun məzmununa uyğun konkret yanaşmaq lazımdır. Yəni başlıqlar da müəyyən tələblərə cavab verməlidir. Ekspertlərin sözlərinə görə, yazını oxutdurmaq naminə ona məzmununa aid olmayan başlıq qoymaq qəbuledilməzdir. Çünki şit və məzmuna yad başlıqlar yazını gözdən salır. Hər yazının məzmununda onu ən yaxşı səviyyədə oxutdura biləcək bir başlıq var. Əgər yoxdursa, deməli, yazı "iki qəpiklik”dir.
Xüsusən, nəzərə almaq lazımdır ki, son illər ölkəmizdə internet media sürətlə inkişaf edir. Oxucular mobil telefon, planşet və kompüterlərindən xəbər saytlarına daxil olmaqla istənilən informasiyanı, xəbəri asanlıqla əldə edə bilərlər. Bu inkişafın fonunda xəbər bazarında bir canlanma hökm sürür. Yeni-yeni saytlar açılır, mediada birincilik uğrunda qızğın mübarizə gedir. İnformasiya uğrunda bir-biri ilə rəqabət aparan saytlar artıq "mənalı” başlıqlar üçün də mübarizə aparırlar.
Yeni açılan saytlar İP burulğanında reytinq qazanmaq üçün ən primitiv xəbəri belə oxuculara "Şok, Eksklüziv, Özəl” və s. bu tipli diqqətçəkən sözlərlə sırımağa çalışırlar. Amma xəbər o qədər mənasız olur ki, aldanmış oxucu sadəcə başlığa baxmaqla kifayətlənir. Bir də əziyyət çəkib mətni axıra qədər oxumur.
Bəs görəsən, yazılara, informasiyalara başlıq seçilərkən nəyə diqqət edilməlidir? Xəbər portallarını cənginə alan bu tendensiya zamanın tələbindən, yoxsa qeyri-peşəkarlıqdan qaynaqlanır?
Medianın sərlövhə problemindən danışan "Yenilik.az” saytının baş redaktoru Xanlar Xoca həqiqətən yazıların başlıq sarıdan ciddi "əziyyət” çəkdiyini bildirib: "Telekanallar reytinq arxasınca qaçıb bütün mental dəyərləri ayaqladığı kimi yazılı mediada da daha çox İP qazanmaq məqsədilə arzuolunmaz şeylər edirlər. Bu isə özünü əsasən başlıqlarda göstərir. Oxucunu cəlb etmək üçün yazırlar ki, "Gəmi batdı”, oxucu girib yazını oxuyanda məlum olur ki, kiçik bir balıqçı qayığı aşıb, heç kim də xəsarət almayıb. Əslində bu cür başlıqlar oxucuya hörmətsizlikdir, oxucunu aldatmaqdır. Bu ona bənzəyir ki, vitrinə brend markalı ayaqqabı qoyub alıcını cəlb edəsən, qutuya isə sex istehsalı olan ayaqqabı qoyub yola salasan. Özünə hörmət edən jurnalist və ya media qurumu oxucuya da hörmətlə yanaşmalıdır, ona doğru məlumat verməlidir. Başlıq kifayət qədər qısa, amma dolğun olmalıdır ki, oxucunun diqqətini cəlb etsin. Amma bu, oxucunu cəlb etmək üçün yalan danışmaq anlamına gəlməməlidir”. Baş redaktorun sözlərinə görə, başlıq mütləq xəbərin içindəki informasiyaya uyğun olmalıdır: "Bir media qurumu əgər hər gün "filan məmur gedir” yazsa, axırda həmin məmur bir gün doğrudan da gedəndə oxucu inanmayacaq, başqa bir mənbədən bunu dəqiqləşdirməyə çalışacaq. Bu problemlərin başlıca səbəbi də ölkəmizdə fəaliyyət göstərən Jurnalist təşkilatlarının fəaliyyətinin bəyanat verməkdən, Milli Mətbuat Günündə mükafat paylamaqdan o yana keçməməsidir. Jurnalist təşkilatları mütəmadi olaraq bu sahədə monitorinqlər keçirməli, nöqsanları aşkarladıqda, həmin mətbu orqana və sayta tövsiyələr verməlidir. Hesab edirəm ki, bu problemin həmişəlik həll olunması üçün qəzet və sayt rəhbərləri toplaşıb müzakirə aparmalı və qərar verməlidir”.
"Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev də deyib ki, hər bir məqalədə, hazırlanan reportajlarda başlıq və xüsusən də yarım başlıqlar çox önəmlidir: "İnternet mediadan fərqli olaraq klassik mediada - qəzetlərdə, jurnallarda yazı ilə yanaşı, ən önəmli məsələ başlıqdır. Əlbəttə, yeni mediada da bu yanaşma keçərlidir. Prinsip etibarı ilə biz jurnalistlər başlığı oxucunu məlumatlandırmaqdan daha çox diqqəti cəlb etmək üçün seçirik. Konkret informasiyalarda xəbəri qısa vermək və mətni daha çox oxutdurmaq uğurlu başlığın iki əsas məqsədindən biridir. Təbii ki, uğursuz xəbərin içini özündə ehtiva etməyən başlıqla verilən yaxşı bir informasiyanın oxunma şansı da aşağı olur. Bu səbəbdən də jurnalistlər və redaktorlar daha çox yaxşı başlıq seçməyə diqqət ayırırlar. Bəzən vaxt itkisinə yol verməmək səbəbindən xəbərin içini deyil, başlıqlar və yarım başlıqları oxumaqla informasiya tələbatını ödəyən oxucular da var. Yəni onları da nəzərə almaq lazımdır”. N.Niftiyevin sözlərinə görə, redaktorlar daha çox başlıqların uzun və ya qısa olmasında deyil, mahiyyətin nə dərəcədə başadüşülən olmasında maraqlı olmalıdır: "Bəzən bir-iki sözlə də başlıq qoya bilərik, amma fikrimizi ifadə edə bilmərik. Yəni iki sətirli başlıq qoyub oxucunu yormamaq lazımdır. İri həcmli məqalələrdə bir deyil, bir neçə yarım başlıqların qoyulmasının, hətta seçilmiş şriflərlə verilməsinin tərəfdarıyam. Düşünürəm ki, bu həm görünüş etibarı ilə, həm oxucunu yormamaq baxımından, həm də mövzunun planlı təhlili nöqteyi-nəzərindən effektlidir”. Baş redaktor bildirib ki, oxucu cəlb etmək üçün aldadıcı yarım başlıqlar ciddi media qurumu üçün baş ucalığı gətirmir: "Azərbaycanda istər yeni, istərsə də klassik ciddi media vasitələri bu aldadıcı manevrlərdən çox az hallarda istifadə edirlər, yəni kütləvi deyil. Təbii ki, qeyri-ciddi, sarı media orqanları var ki, bu onlarda vərdiş halını alıb. Məsələn, sosial şəbəkələrdə bu kimi yazıları paylaşırlar, diqqəti cəlb edirlər, açıb baxırsan, başlıq mahiyyətə uyğun deyil, vaxtın gedir, əsəbiləşirsən və başlayırsan yeddi arxa dönənini söyməyə...”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət də Azərbaycan mətbuatında çox ciddi başlıq probleminin olduğunu vurğulayıb:
"Hər şeydən öncə onu deyim ki, bir çox KİV-lərimiz, təəssüf ki, başlıq seçimində vicdansızlıq edərək oxucuları aldadırlar. Digər bir problem isə başlıqların həddən artıq uzun olmasıdır. Bir jurnalist uzun başlıq yazarsa, mən onun yazısını oxumaram. Özümə gəlincə deyim ki, şəxsən mən ən çoxu 5 sözdən ibarət başlıq yazaram, o da məcburiyyət qarşısında. Adətən 2-3, bəzən də 4 sözdən ibarət başlıqlara üstünlük verirəm. Alt başlığa gəlincə, bunun bir qədər uzun olması yol veriləndir, amma o da həddən artıq uzun olmamalıdır. Bir və ya bir neçə başlıq məsələsi Azərbaycanda geniş yayılmasa da, düşünürəm ki, belə yanaşma uğurlu olardı. Çünki bir məqalə bu cür yarımbaşlıqlarla hissələrə ayrılaraq təqdim edildiyi halda oxucu yorulmur, yazıya daha da bağlanır”. A.Həsrət şit başlıqlı yazılara baxmadığını deyib: "Şəxsən mən tərkibində "şok”, "dəhşət” kimi sözlər olan başlıq altındakı yazıları heç bir zaman oxumuram. Oxumadıqlarım arasında "dəhşətli faciə”, "dəhşətli qətl” kimi sözlərdən ibarət başlıqlar da var. Ümumiyyətlə, cinayət xəbərlərini heç oxumamağa çalışıram. Demək istədiyim odur ki, faciə zatən faciədir və onun dəhşətli olduğunu başlığa çıxararaq oxucuların duyğularını zorlamaq doğru deyil və vicdansızlıqdır”.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də hesab edir ki, yazının, xəbərin başlığı mütləq məsələnin məğzinə, mənasına uyğun olmalıdır: "Başlığı mümkün qədər çəkici halda vermək lazımdır ki, oxucunun diqqətini cəlb etsin. Təbii, oxucunu başlıqla aldatmaq da yolverilməzdir, yəni başlıq çəkiciliyi ilə yanaşı, yazının mahiyyətini də ehtiva etməlidir. Fikrimcə, başlıq adətən 3-5 sözdən ibarət olduqda daha rahat "həzm olunur”. Media uzun başlıqlardan qaçmağa çalışmalıdır. Əlbəttə, bu gün xeyli sayda peşəkarlıqdan uzaq saytlar var ki, orada verilən başlıqların bir çoxu qəbuledilməzdir, belə demək mümkünsə, oxucu ilə məzələnməkdir”. "Başlığı kim seçməlidir” sualına gəldikdə isə, redaktor düşünür ki, əslində, başlığı müxbirin özü seçməlidir. Amma: "indi başlıq seçmək bacarığı olan müxbirlər çox azdır, ona görə də bu işi redaktorlar etməyə məhkumdur”.
"Atvxəbər.az” saytının redaktoru Əziz Əlibəyli isə deyib ki, mətbuat daha əvvəlki formada deyil, bu da inkişafla bağlıdır. Hazırda xəbər ala biləcəyimiz hər bir obyekt mənbə rolunu oynaya bilir: "Ənənəvi mətbuata münasibət dəyişib. Konkret olaraq, daha lakonik və yığcam mətbuat dili yaranıb. Fikir versəniz, görəcəksiniz ki, bu gün istənilən mətbu orqan daha çox yeniliyə qucaq açır və çoxlu auditoriya yığmağa meyl edir. Vaxtilə başlıqlar 7 və 8, hətta 10 sözdən də artıq olurdu. Eyni zamanda isə, mürəkkəb və çox işlənən sözlərdən ibarət idi. Amma indi tamam başqa mənzərə yaranıb”. Redaktor bildirib ki, tətbiq edəcəyin metod mütləq oxucunu cəlb etməlidir: "Başlıq qısa, amma məlumata açar verəcək şəkildə olmalıdır. Başlıqda informasiya açıqlanmamalıdır. Bu işi qismən həyata keçirmək üçün yarımbaşlıq daha məqsədəuyğundur. Sərlövhələrə gəldikdə isə, bu, çox az saytlarda qalıb. Belə bir müqayisə aparaq: - eyni xəbəri iki sayt yayıb. Birinin başlığı klassik, o birinin başlığı isə daha müasir və cəlbedicidir.
Bax bu, o sayt üçün uğurlu başlıqdan savayı, bol İP və daha çox maddi qazanc gətirir”.
(Davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb