Medianın sərlövhə problemi...
Yazılara başlıq qoyanlar da, oxucu da narazıdır
Müasir dövrümüzdə xeyli sayda qəzet, jurnal və xəbər saytları fəaliyyət göstərir. Hər bir yazılı medianın, informasiya agentliyinin, xəbər portallarının da öz oxucu auditoriyası var. Mətbu orqanlarda oxucuların diqqətini çəkən ilk və əsas amil isə yazılara qoyulmuş uğurlu və ya uğursuz başlıqlardır. Əslində sərlövhələr yazıların çox oxunmasını təmin edən başlıca şərtlərdən biri, bəlkə də birincisidir. Bu gün mətbu orqanlarda gedən yazılara baxdıqda müxtəlif formada sərlövhəyə rast gəlirik. Məsələn, bir və ya bir neçə cümlədən ibarət olan qısa söz birləşməsindən tutmuş uzun cümlələrdən ibarət olan fərqli başlıqlar görürük. Hətta bəzən elə olur ki, xəbər başlığı informasiyanın özündən daha çox maraqlı olur. Amma bəzi hallarda seçilən başlıqlar oxucuları aldatmaq üçündür. Yəni sərlövhə gözəl olsa da, oxucu yazıda həmin başlığa aid heç nə tapa bilmir.
Ona görə də, ekspertlər hesab edirlər ki, yaxşı və cəlbedici başlıq yazının maraqlı olması ilə sıx bağlıdır. Məsələnin digər tərəfi isə mediada gedən yazılara kimin başlıq seçməsidir. Dünyanın
əksər ölkələrində media qurumlarında yazıya başlıq seçən şəxslər redaktorlardır. Amma bəzən peşəkar və təcrübəli jurnalistlər yazılarına özləri başlıq seçirlər. Məsələn, köşə yazarları məqalələrinə başqalarının başlıq qoymasını "xoş” qarşılamırlar. Onların necə və hansı üsullarla başlıq seçməsi isə özlərindən asılıdır. Yəni əvvəlcə yazını yazıb sonra başlıq seçən də var, sərlövhə qoyub, sonra ona uyğun yazı yazanlar da. Məsələyə münasibət bildirən media nümayəndələri başlığı yazının "qapısı” sayırlar. Onlar hesab edirlər ki, başlıq oxucuya qarmaq atmaqdır. Bu baxımdan ümumi peşəkar tələblər öz yerində, hər yazıya onun məzmununa uyğun konkret yanaşmaq lazımdır. Yəni başlıqlar da müəyyən tələblərə cavab verməlidir. Ekspertlərin sözlərinə görə, yazını oxutdurmaq naminə ona məzmununa aid olmayan başlıq qoymaq qəbuledilməzdir. Çünki şit və məzmuna yad başlıqlar yazını gözdən salır. Hər yazının məzmununda onu ən yaxşı səviyyədə oxutdura biləcək bir başlıq var. Əgər yoxdursa, deməli, yazı "iki qəpiklik”dir. Bəs görəsən, yazılara, informasiyalara başlıq seçilərkən nəyə diqqət edilməlidir? Xəbər portallarını cənginə alan bu tendensiya zamanın tələbindən, yoxsa qeyri-peşəkarlıqdan qaynaqlanır?
Mətbuatın başlıq problemi barədə danışan "Modern.az” saytının redaktoru Əfqan Qafarlı sərlövhəni yazının yarısı adlandırıb. Redaktorun sözlərinə görə, başlıq təqdim olunan məqalənin açarıdır: "Fərqi yoxdur, xəbər, müsahibə və ya reportaj olsun, sərlövhə yazını oxutdurur və ona kəmiyyət dəyəri qazandırır. Bu səbəbdən də yazıların müəllifi və ya redaktor həmişə çalışır ki, elə başlıq seçsinlər ki, oxucunun diqqətini cəlb edə bilsinlər. Bir sözlə, sərlövhə yazının yarısı deməkdir. Biz "Modern.az” saytında böyük məqalələrə başlıqla yanaşı, yarımbaşlıqlar da veririk. Bu zaman çalışırıq ki, daha yığcam ifadələrdən istifadə edək. Müasir mətbuat yazının başlığının qısa və lakonik, eyni zamanda cazibədar olmağını tələb edir. Xüsusilə də indi bir-birilə rəqabət şəraitində işləyən internet mediasında bu daha vacibdir. Yəni, başlıqla "oynamaq” zəruridir. Gündəlik işimizdə də görürük ki, elə yaxşı yazı ola bilər ki, başlıq onu heç edər və ya əksinə, pis bir xəbəri uğurlu başlıq çox yaxşı oxutdura bilər”. Ə.Qafarlının sözlərinə görə, qəzetlərlə müqayisədə internet KİV-də bir şey yaxşıdır ki, başlıqla "oynamaq”, onu dəyişdirmək daha asandır: "Dəfələrlə olub ki, yazıya qoyduğumuz başlığı sonradan dəyişməklə onun daha yaxşı oxunmasına nail olmuşuq. Aldadıcı başlıqlara gəldikdə isə, bu, redaktor və müxbirlərin daha çox oxucu auditoriyası əldə etmək məqsədi güdür. Amma oxucunu neçə dəfə aldatmaq olar? Uzağı bir dəfə, iki dəfə. Üçüncü dəfə artıq həmin KİV-ə inam azalacaq. Dördüncü dəfə isə belə başlıqları görən oxucu üzünü yana çevirəcək”.
APA İnformasiya Agentliyi baş direktorunun birinci müavini Cavid İsmayıl medianın ciddi problemlərlə üz-üzə qaldığını bildirib: "Gözəl şairimiz Rüstəm Behrudinin şeirlərindən bir misranı çox sevirəm: "Halım məmləkətin halı”. Bu misradan çıxış etsək, Azərbaycan mətbuatının da halı məmləkətin halı kimidir. Cəmiyyət şou-biznesə yuvarlandıqca, intellektual səviyyəsi aşağı düşdükcə, jurnalistika adı ilə təqdim olunan çığır-bağırçılıq daha çox ayaq tutub yeriyir. Çünki o jurnalistikanı cəmiyyətə təqdim edənlərin əksəriyyətinin jurnalistikaya aidiyyəti yoxdur. Ona görə mediamızın başlıq siyasəti də göz oxşamır. Oxucu cəlb etmək yarışı bəzən elə bir həddə çatır ki, başlıq qoyanlar affekt vəziyyətinə düşür və qoyduqları başlıqla mətn arasında əlaqə olmadığını görə bilmirlər. Ən eybəcər üsullardan biri hansısa məşhurla ad-soyadı eyni olan cinayətkarın tutulmasını şok xəbər kimi təqdim etməkdir. Məsələn, "Alim Qasımov həbs olundu” kimi. Fikrimcə, başlıqlar seçilərkən maksimum qısa olmasına çalışmaq, eyni zamanda ana dilimizin qramatik qaydalarına riayət etmək lazımdır. Bir yazıya maksimum 3 başlıq qoymaq olar, dörd-beş başlıq yox. Fəlakət bundadır ki, Azərbaycan jurnalistikasının alt yapısı yetişmir və bu gedişlə durum daha pis olacaq”.
"Karabakhİnfo.Com” saytının baş redaktorunun müavini Hidayət Qəriboğlu bildirib ki, peşəkarlıqdan kənar kadrların çoxluğu, xəbərin əsas elementi olan başlıq və sərlövhə seçiminin qeyri-professionallığı, eləcə də yersiz yarımbaşlıqlar mətbuatı bərbad günə salıb: "Son dövrlər Azərbaycanda mətbuat və media sahəsində bir sıra yeniliklər meydana çıxsa da, peşəkarlıq baxımından ciddi problemlər yaşanmaqdadır: Xüsusilə, jurnalistikadan kənar kadrların bu sahədə səriştəsizliyi dözülməzdir. Əslində, Azərbaycan mətbuatında başlıqdan daha çox, yaxşı mövzu yaza bilməmə problemi var. Mövzu yaxşı seçilməyəndə, təbii ki, başlıq da yaxşı olmur. Yazı üçün başlıq pasport, xəbərin vizit kartı deməkdir. Başlıqlar yaradıcı, sözlər arasında əlaqədən təşkil olunmuş, mətnin ahənginə və mövzusuna uyğun şəkildə seçilməlidir. Fikrimcə, məqalədə sərlövhənin bir və ya bir neçə olması, problem deyil. Yaradıcı insan azad şəkildə yazısında bir neçə sərlövhə verə bilər. Mümkün qədər başlıqlar qısa olmalıdır. Jurnalistikada sadaladığınız problemlərin meydana gəlməsi bu sahədə olan disbalanslığın və yaradılan çərçivə məhdudiyyətinin məhsuludur. Bura elə bir sahədir ki, onu çərçivəyə salsan, əli də, başı da, başlığı da, oxucusu da əzilər”.
"Regioninfo.Az” saytının redaktoru Samirə Nəsibova başlıq məsələsini ölkədə virus kimi yayılmaqda olan bir problemə bənzədib. "Başlıq yazının təqdimatıdır” deyən redaktorun fikrincə, sərlövhə elə seçilməlidir ki, xəbərin mahiyyətini bir az gizli şəkildə, bir az müəmma buraxaraq yalansız oxucuya çatdırsın: "Daha maraq üçün "Amerika kəşf etmə”yə ehtiyac yoxdur. Əgər oxucunun həmin yazıya marağı varsa, oxuyacaq. Bir insanın həyata baxışlarını sual kimi verib cavabından elə bir intim yönümlü başlıq çıxarırlar ki, elə bilirsən həmin adam bütün Azərbaycana elan verib. Bu həm müsahibinə hörmətsizlik edir, həm də sayt rəhbərliyi özü özünü aldadır. Kimlərsə yalan başlıqla bir günlük oxucu yığa bilər, amma nəzərə alsınlar ki, oxucunun aldadılması gələcəkdə onları nüfuzdan salacaq. Həmin portalın pis xəbər kimi anti-reklamı da tez yayılacaq”. S.Nəsibovanın sözlərinə görə, başlıqların yalan olması artıq oxucu inamsızlığında özünü göstərir: "Belə ki, mövzusundan asılı olmayaraq, 2 il əvvəl kimsə xəbərə "şok video” yazırdısa, o zaman həmin sərlövhənin özü "gəl məni oxu” deyirdi. Amma bu gün o ifadəyə heç kim əhəmiyyət vermir. İndi yazıya uyğun video paylaşanlar başlıq kimi "real video”, "real görüntü” və s. seçirlər. Bir azdan başlıqlarda and içiləcək ki, "dədəmin goru haqqı olan şeydir”, "indicə çəkmişəm, baxın”. Çox gülünc vəziyyətdir. Yaxşı olar ki, kim nədən yazırsa, elə ona uyğun uydurma olmayan başlıq yazsın. Belə olarsa, sözlər də dəyərini itirməz”. Redaktorun fikrincə, başlığın uzun və ya qısa olması önəmli deyil. Əsas odur ki, yalan və yorucu olmasın. Yazının tipinə, mövzusuna uyğun olsun: "Söz azadlığından bu və ya digər şəkildə sui-istifadə etmək heç də doğru deyil. Başlıq oyunu kəmiyyət üçün çıxarılan oyunlardır. Amma geri qalan kəmiyyət yox, keyfiyyətdir”. Sayt redaktoru deyib ki, cəhbə xətti ilə bağlı yayılan xəbər başlıqlarında da insanların əsəbləri ilə oynayırlar: "Bir də görürsən ki, vay-şüvən qopub, nə olub, bəs düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. Lakin xəbəri elə başlıqla veriblər ki, fikirləşirsən ki, görəsən, əvvəllər güllə əvəzinə qoz-fındıq atırlarmış”. "AzVision.az” saytının redaktoru Anar Rüstəmov isə hesab edir ki, saytların ucuz başlıqlara üstünlük verməsində təkcə jurnalistlər deyil, oxucu zövqü də əsas rol oynayır: "Azərbaycan mətbuatında bir neçə saytı çıxmaqla yerdə qalan KİV-lərin xəbərlərə baxışı, onlara qoyduqları başlıqlar qəbulolunmazdır. Təbii ki, bütövlükdə saytları da qınamaq olmaz. Oxucu zövqü də böyük rol oynayır. İnsanların böyük qismi ciddi xəbərləri oxumur. Onların diqqətini daha çox şou, əyləncə xəbərləri cəlb edir.
Bu tipli xəbərlər hansısa siyasətçinin, nazirin açıqlamasından daha çox oxunur”. Redaktorun sözlərinə görə, internet mediada oxucuların diqqətini çəkmək üçün şişirdilmiş başlıqlardan daha çox istifadə edilir: "Bəzən yerinə düşsə də, bir çox hallarda gülünc görünür. Hamının bildiyi bəsit şeyləri "özəl xəbər” kimi oxucuya sırımaq qeyri-peşəkarlıqdan irəli gəlir. Məsələn, qışda qarın yağmasını "sensasiya” kimi təqdim etmək ucuzluqdan başqa bir şey deyil”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb