Bu institut münaqişə səviyyəsini azaldıb, tərəfləri razı salacaq variant tapır
"Azərbaycanda "Mediasiya haqqında" qanun layihəsinin hazırlanıb müzakirəyə çıxarılmasını müsbət dəyərləndirirəm. Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq"
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında "Mediasiya haqqında” qanun layihəsinə baxılıb. Yeni qanun layihəsi 5 fəsil 39 maddədən ibarətdir. Qeyd edilib ki, bu yeni qanun Azərbaycan Respublikasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 12-ci bəndlərinə uyğun olaraq, mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir. Mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu qanunla müəyyən olunan prosesdir.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov mediasiyanın dünyada geniş yayılan bir institut olduğunu deyib və beynəlxalq mediasiya institutlarının olduğunu əlavə edib: "Ümumi desəm, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır.
Mediasiya mübahisələrin məhkəmədənkənar alternativ həlli mexanizmidir. Əmək, ailə, hətta kommersiya münasibətlərində yaranan mübahisələrin məhkəmələrdən kənar həll olunması üçün həyata keçirilir. Mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq prinsipləri əsasında formalaşmalıdır”.
S.Məmmədovun sözlərinə görə, mediasiya könüllü xarakter daşıyır və heç bir halda mediatorlar vətəndaşların məhkəməyə müraciət hüququnu məhdudlaşdıra bilməz. Tərəflərə mütləq şəkildə seçim sərbəstliyi verilir və məxfilik, tərəflərin hüquq və bərabərliyi qorunur: Azərbaycanda "Mediasiya haqqında" qanun layihəsinin hazırlanıb Milli Məclisdə müzakirəyə çıxarılmasını müsbət dəyərləndirirəm. Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq.
Adətən məhkəmə çəkişmələrində tərəflər arasındakı münasibətlər daha da gərginləşir və bu da həm prosesi uzadır, həm də çəkişən tərəflər arasındakı münasibətlərin birdəfəlik pozulması ilə nəticələnir. Mediasiya İnstitutu isə barış mövqeyinə üstünlük verir. Konfliktlərin həllindən sonra tərəflər arasındakı düşmənçiliyə son qoyulur. Mən oxuyan vaxtları bizə İspaniyada hər il 35 mindən çox işin məhkəməyə getmədən alternativ mediasiya institutları vasitəsilə həll olunduğunu tədris edirdilər. İlbəil də bu rəqəm arta-arta gedir”.
Boşanmaq istəyən ailələr üçün bu barışdırıcı mexanizmin nə dərəcədə effektiv olacağına gəldikdə isə hüquq müdafiəçisi deyib ki, ailə münasibətlərində qeyri-formal mediasiya həmişə olub: "Hər iki tərəfin qohumlarından ibarət olan tərkib onları barışdırmağa, boşanma fikrindən daşındırmağa çalışır. Bəzən bu görüşlər müsbət nəticə versə də, tərəflərin israrlı olduğu vaxtlar da olur. Mediatorların bu prosesə nə dərəcədə töhfə verəcəyini isə zaman göstərəcək. Ailə münasibətlərindən qaynaqlanan məişət zorakılığına qarşı mübarizədə "Mediasiya haqqında” qanun müsbət rol oynaya bilər".
Şəymən