Qubad İbadoğlu: “İsa Qəmbərin adından istifadə olunmasaydı, seçkinin nəticələri başqa cür olacaqdı”
Məğlublar narazıdır
Tural Abbaslı: “Arif Hacılı partiyaya yenilik gətirməyəcək”
Qubad İbadoğlu: “İsa Qəmbərin adından istifadə olunmasaydı, seçkinin nəticələri başqa cür olacaqdı”
Qubad İbadoğlu: “İsa Qəmbərin adından istifadə olunmasaydı, seçkinin nəticələri başqa cür olacaqdı”
Müsavat Partiyasının başqanlıq seçkisi başa çatıb. Səsvermənin nəticələrinə görə, səs verən 448 nəfərdən 228-i Arif Hacılını dəstəkləyib. Beləliklə, Arif Hacılı Müsavat Partiyasının yeni başqanı olub. Qubad İbadoğlu 200, Tural Abbaslı isə cəmi 19 səs toplayıb.
Qeyd edək ki, başqanlıq postuna üç iddialı var idi: Arif Hacılı, Qubad İbadoğlu və Tural Abbaslı. Belə ki, Səxavət Əlisoy namizədliyini son anda Qubad İbadoğlunun xeyrinə geri götürüb. Seçki başa çatsa da, qurultayla bağlı müzakirələr hələ yeni başlayıb. Seçkilərin legitimliyindən şübhələnən kim, ədalətsizlikdən gileylənən kim, istefa xəbərdarlıqları yayan kim? Bir sözlə, Müsavatda aləm bir-birinə dəyib. Bəs görəsən, başqanlığa keçmiş namizədlər qurultayın nəticələri ilə bağlı nə düşünür?
Başqan adaylığına iddialı namizədlərdən biri kimi yadda qalan Tural Abbaslı nəticədən bir o qədər də razı qalmadığını deyib: "Təbii ki, özüm qalib olub başqan seçilsəydim, lap razı qalardım. Amma seçki oldu və nəticə elan olunub, bizim nümayəndələr komissiya üzvü kimi iştirak edib və şəffaf seçki keçib. Səslər insanların gözü önündə sayılıb. Nəticələr bəllidir.
Xeyirli-uğurlu olsun. Əsas odur ki, bu, əgər bizim qurultay nümayəndələrinin, müsavatçıların iradəsidirsə, içi mən qarışıq istənilən postda təmsil olunan və olunmayan sıravi müsavatçıya qədər bunu qəbul etməlidir. Bunun başqa yolu yoxdur. İstənilən məsələ səsvermə ilə həll olunur və onun nəticələrini də hamı qəbul etməlidir. Güman edək ki, Arif bəy qurultay nümayəndələrinin etimadını doğruldacaq”.
Qurultayla bağlı aparılan müzakirələrdən biri Tural Abbaslının cəmi 19 səs toplamasıdır. Başqanlığa namizəd kimi həm sosial şəbəkələrdə, həm də partiyada kifayət qədər geniş təbliğat kampaniyası aparan və müsavatçı gənclər arasında xeyli elektoratı olan Abbaslının bu qədər az səs toplaması istənilən halda sual doğurur.
Bunun gözlənilən olub-olmadığına gəldikdə isə keçmiş namizəd daha çox səs gözlədiklərini ifadə edib: "Xüsusilə apardığımız təbliğat kampaniyasından çıxış edərək deyə bilirəm ki, bu qədər az səs gözləmirdim. Lakin gözlədiyimizdən az oldu. Buna da bəzi nüanslar təsir etdi. Könül istərdi ki, daha çox olsun, amma görünən budur. Yəni hələ ki reallıq budur. Bunun müxtəlif səbəbləri ola bilər. Məsələn, bizə səs verəcək potensial seçicilərin çoxu son anda düşünə bilərlər ki, əsas yarış Qubad bəylə Arif bəyin arasında gedir, biz də öz səsimizi bəlkə bunlardan birinə verək ki, səsimiz seçkidə hansısa təsir imkanına malik olsun. Düzdür, bizim səsimiz çox olsaydı, yəqin ki, ikinci tur olacaqdı . Arif bəy 228 yox, 225 səs yığsaydı, ikinci tur baş tutacaqdı və burada da vəziyyət yenidən dəyərləndirilə bilərdi. Seçki yarışı başqa formatda davam edəcəkdi. Amma seçicilərin düşüncəsi belə olub, bizə səs verəcək adamlar son anda fikrindən daşınıb ki, seçkiyə təsir edə biləcək insanlara səs verək”.
İsa Qəmbərlə Arif Hacılıdan birinin adını çəkəndə o biri yada düşür
Tural Abbaslının Müsavat başqanı seçilməməsində yaş amilini də vurğulayanlar var. Hətta təbliğat kampaniyası zamanı da sosial şəbəkələrdə bunu tez-tez qabardırdılar ki, çox gəncdir. Bütün bunları istisna etməyən T.Abbaslı deyib: "Ola bilər düşünüblər ki, Tural hələ çox gəncdir. Yaşla bağlı sadaladığımız arqumentlərə baxmayaraq, qurultay nümayəndələri düşünə bilər ki, çox gəncdir, partiyanı idarə edə bilməz. Hətta düşünə bilərlər ki, başqanlığa layiq deyiləm və sıravi üzv kimi qalsam, kifayətdi. İnsanların subyektiv fikri var və səs də onlarındı. Bu səsdən necə istifadə edəcəklərini mühakimə etmək olmaz, mümkün deyil. Müsavat üçün bunun xeyirli olacağını düşünüblər. Biz də qurultay nümayəndələrinin iradəsinə tabe olmalıyıq, əks təqdirdə biz müsavatçı olmarıq. Bizim lehimizə verəcəkləri səsi necə xoş qəbul ediriksə, əleyhimizə olan səsləri də elə qəbul etməliyik. Çünki biz əvvəlcə müsavatçıyıq, sonra Müsavatda hansısa seçkili orqanlarda təmsil olunmalı insanlarıq. Müsavat seçiciləri bizi istər başqan kimi, istərsə də sıravi müsavatçı kimi görsə, biz fəxrlə o mövqedə mübarizə aparmağa hazırıq”.
Arif Hacılının partiyaya heç bir yenilik gətirməyəcəyini bildirən Abbaslının sözlərinə görə, İsa Qəmbərlə Arif Hacılıdan birinin adını çəkəndə, o biri yada düşür: "Bizim təbliğat kampaniyasında əsas tezislərimizdən biri o idi ki, yeni sima, yeni nəfəs olsun. İnsanların daha az tanıdığı, siyasətə daha sonra gələn, cəmiyyətin bugünkü liderlərə tutduğu iradın ona aidiyyəti olmayan bir lider olsun. Bu aspektdən yanaşırdıq. İsa bəylə Arif bəyin fəaliyyəti eynidir. Əgər yenilik olması üçün İsa bəyi dəyişiriksə, Arif bəyin başqan olması ilə yenilik olmayacaq. Yəni Arif Hacılı partiyaya yenilik gətirməyəcək. Bundan sonra da dünənə qədər olan proseslərin davamı olacaq. Amma əlahəzrət seçici bu gün belə istəyir və biz bu seçimlə hesablaşmağa məcburuq.
Yenilik məsələsinə hər kəsin bir yanaşması var. Bizim aspektimizə görə, yenilik belə olmalı idi. Lakin ola bilsin ki, Arif Hacılıya səs verənlər yeniliyin bu olduğunu düşünürlər. Buna görə də ittiham etmək doğru olmaz. Adama deyərlər ki, özünü yeni hesab edirsənsə, bizim üçün də yenilik budur”.
Seçki sonrası narazılıqlara rəy bildirən Tural Abbaslının sözlərinə görə, partiyada ümumi ab-hava stabildir: "Müsavat haqqında zaman-zaman iddialar irəli sürülür ki, filan bəy gedəcək, parçalanma olacaq, filan bəy istefa verəcək, kütləvi istefalar olacaq. Amma bəzi dövrlərdə həmin filan bəylər bu və ya digər səbəbdən partiyadan gediblər, onların ən qatı tərəfdarları isə Müsavatda müsavatçı olaraq qalıblar. Bu gün Müsavatda Arifçi, Turalçı, yaxud kimçi prinsipi yox, müsavatçı prinsipi var. İnanmıram ki, namizədlərdən kimsə getsin, amma əgər gedən olacaqsa, belə ciddi bir dəyişiklik görmürəm. Böyük partiyalarda gündəlik, cari istefalar olur, gələnlər də olur. Ona görə də bundan fərqli nəsə baş verəcəyini düşünmək yanlışdır.
Təbii ki, seçkinin nəticəsindən narazı olanlar, qəbul etməyənlər var. Amma narazılıqlarını partiyada qala-qala davam etdirə bilərlər. Buna görə də kütləvi istefaların olacağına inanmıram”.
Əslində bu seçkidə Müsavatın icra aparatı ilə, bütövlükdə Müsavatdakı rəhbərliklə mübarizədə uduzdum "Müsavat” başqanlığına digər iddialı namizəd Qubad İbadoğlu qurultayla bağlı narazılığı olmadığını, amma xoşuna gəlməyən müəyyən məqamların olduğunu deyib: "Bəri başdan deyim ki, seçki azad və şəffaf təşkil olunmuşdu. Ancaq həm seçkidən əvvəlki dövrdə iştirakın bərabərliyi, həm də seçki dövründə ədaləti tam təmin etmək mümkün olmadı. Yəni, xoşuma gəlməyən başqanlığa namizədlərin bərabər şərtlərlə iştirak imkanlarının yaradılmaması, eyni zamanda, seçki günü və ondan əvvəlki dövrdə bəzi ədalətsizliklərin olmasıdır. Bir şey də xoşuma gəlmədi ki, Müsavatda hələ də əvvəlki kursu saxlamaq, yəni klassik üsullarla mübarizə aparmaq durumu var idi. Bunun da səbəblərindən biri ondan ibarət idi ki, qurultay nümayəndələrinin sayı 487 nəfər idi, amma onun içində Gənclər Təşkilatının cəmi iki üzvü var idi. Bunlar da Müsavatın yeniləşməyində maraqlı olmayan adamlar idi, mövcud kursu saxlamağa üstünlük verənlər idi.
Digər məqam ondan ibarətdir ki, Müsavatda hələ də bir qrup bir şəxsə xitab edir. Təbii ki, bura da Şərqdir, Şərqdə belə hallar geniş yayılıb, Müsavat başqanı 22 ildir bu postda işinə davam edir. Yəni, onun adından sui-istifadə edib seçicilərin iradəsinə təsir etmə halları oldu. Xoşuma gələn məqamlar da var - təbii ki, səslərin şəffaf sayılması, səslərin sayılmasının mətbuat tərəfindən müşahidə olunması, səsvermə prosesinin özünün təşkilində bir az qüsurlar olsa da, bütövlükdə yaxşı təşkil olunması.
Ona səs verənlərin əksəriyyətinin Müsavat Partiyasında təmsil olunan ziyalılar, partiyanın yeniləşməsini istəyən, partiyada islahatların aparılmasını vacib hesab edənlər, yeni nəfəsin, yeni fikrin və yeni insanların gəlməsində maraqlı adamlar olduğunu deyən Q.İbadoğlunun sözlərinə görə, bunun özü göstərib ki, Müsavat Partiyasında bunu istəyən kifayət qədər adam var: "Xoşuma gəlməyən İsa bəyin adından sui-istifadə olunması idi. Belə olmasaydı, yəqin ki, seçkinin nəticələri başqa cür olacaqdı. Sui-istifadə məsələsində isə icra strukturu, icra aparatı rol oynadı. Çünki icra aparatı rəsmi qurumdur və çatdırdığı mesajdan elə çıxırdı ki, bu rəsmi qəbul olunmuş mesaj idi. Əslində bu seçkidə Müsavatın icra aparatı ilə, bütövlükdə Müsavatdakı rəhbərliklə mübarizədə uduzdum. Heç vaxt Arif Hacılının öz potensialı, öz resursları ilə mənə qalib gəlməsinə inanmaram”.
Partiyada bundan sonrakı fəaliyyətinə gəldikdə isə o, partiyada kifayət qədər tərəfdarları olduğunu və özünü yalnız seçkinin nəticələri ilə ifadə etmədiyini bəyan edib: "Bilirsiniz ki, seçkidən kənarda qalan xeyli gənc, partiyanın qadınlar təşkilatı, ziyalıları açıq şəkildə mənə dəstək verib. Seçkinin nəticələri də az göstərici deyil, kifayət qədər böyük göstəricidir. Biz bu qərarı birlikdə veririk, yəni bu, təkcə mənim fərdi qərarım deyil. Hər halda bizim məsləhətləşmələrdə ilkin rəy ondan ibarətdir ki, partiyada fəaliyyətimizi davam etdirək. Fəaliyyətimizin hansı formada, hansı formatda, hansı səviyyədə olması ilə bağlı müzakirələr gedir. Hələ ki, bizim nə seçkili orqanlarda, nə təyinatlı vəzifələrdə yer almaq fikrimiz var. İstəyirik ki, həm də yeni seçilmiş komandaya, eyni zamanda, onların köhnə platformasına bir meydan verək. Davam etsinlər, görək, Müsavatı hara aparırlar, necə inkişaf etdirirlər?”.
Şəymən