Məhkəmə dövrü bitdi: Teleradio Şurası qanunu pozan telekanalları daha özü cəzalandıracaq

Tutalım, Nuşirəvan müəllim yumşaq xasiyyətli bir insandır və əlindəki səlahiyyətdən sui-istifadə etməyəcək. Amma ola bilər, başqa birisi bundan mənfi şəkildə istifadə etsin



Bundan belə Azərbaycan Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında” qanunun tələblərini pozan telekanalları birbaşa özü cəzalandıracaq. Telekanalları cəzalandırmaq üçün məhkəməyə müraciət etməyə ehtiyac qalmayacaq.

MTRŞ bu fövqəl səlahiyyəti Milli Məclisin "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklikləri təsdiqi ilə əldə edib. MM-in srağagün keçirilən plenar iclasında Milli Televiziya və Radio Şurasının səlahiyyətlərinin artırılmasını nəzərdə tutan dəyişiklər müzakirə edilib və qəbul edilib.

Yeni dəyişikliyə əsasən sözügedən qanunun 16.11-ci maddəsində "məhkəmə qarşısında iddia qaldıra bilər” sözləri "teleradio yayımı sahəsində müvafiq dövlət orqanına müraciət edir” sözləri ilə əvəz edilib. Bu isə o deməkdir ki, hər hansı qanun pozuntusu olduqda və ya xüsusi razılığın - lisenziyanın qüvvəsinin istifadə haqqı ödənilənə qədər onun dayandırılması üçün daha məhkəmə orqanı qarşısında deyil, teleradio yayımı sahəsindəki müvafiq dövlət orqanı qarşısında qaldırılacaq.

Digər bir dəyişikliyə əsasən teleradio yayımçıları xüsusi razılığın qayda və şərtlərini və bu qanunun tələblərini pozduqda xüsusi razılığın qüvvəsi və ya hər hansı proqramın yayımı teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırılır. Halbuki əvvəlki qanuna görə, bu, yalnız məhkəmənin qərarı ilə, həm də bir gündən yeddi günədək müvəqqəti dayandırıla bilərdi. Bundan əlavə, teleradio yayımçılarının xüsusi razılığının ləğv edilməsi səlahiyyəti də birbaşa Milli Televiziya və Radio Şurasına verilir.

Belə görünür ki, MTRŞ ilə bağlı çoxdan gözlənilən qərarlar yavaş-yavaş əksini tapmağa başlayır. Məlumdur ki, hər hansı bir telekanalla bağlı iradlar səsləndikdə, MTRŞ "səlahiyyətimiz çatmır” deyirdi və bu da tələbkar tamaşaçıları razı salmırdı. Dəfələrlə olub ki, MTRŞ hansısa telekanal və ya verilişlə bağlı sərt ölçü götürmək istəyib, lakin qanunvericiliyin tələbləri buna imkan verməyib.

Bəs mövcud dəyişiklik MTRŞ-nin əl-qol açmasına rəvac verəcəkmi? Və tamaşaçılar etik normaların çeynəndiyi bəzi verilişlərlə bağlı sərt addımların şahidi olacaqlarmı?

Televiziya mütəxəssisi Zeynal Məmmədli "Şərq”ə açıqlamasında hər bir dəyişikliyin həm müsbət, həm də mənfi tərəfləri olduğunu dedi:

- Tutalım, Nuşirəvan müəllim yumşaq xasiyyətli bir insandır və əlindəki səlahiyyətdən sui-istifadə etməyəcək. Amma ola bilər, başqa birisi bundan mənfi şəkildə istifadə etsin. Lazım gəldi, gəlmədi, telekanalların lisenziyasını ləğv etsin, hansısa verilişə qadağa qoysun və s. Dəyişiklikləri anlamaq olar, amma buna müsbət tərəfdən baxıldığı kimi, mənfi tərəfdən də baxmaq mümkündü. Məncə, bu dəyişikliklər inzibati üsulları gücləndirməyə xidmət edir. Hesab edirəm ki, məhkəmələr vasitəsilə həll yolu daha doğru idi. Və ümumiyyətlə, hər bir işə görə məhkəməyə müraciət etmək də olmaz. Dəyişikliklərin yaxşı niyyətə xidmət etdiyini əsaslandırmaq olar. Bəs, gözlənilən nəticə əldə edilməyəcəksə, onda necə? Əsas məsələ bir də budur ki, bütün bunların mahiyyəti ictimaiyyətə açıqlanmır, mütəxəssislərin iştirakı ilə müzakirələr keçirilmir. Hamımız istəyirik ki, televiziyalarımızın fəaliyyəti qənaətbəxş olsun. Amma MTRŞ-yə telekanalların fəaliyyətinə birbaşa müdaxilə imkanının verilməsi, məncə, düzgün deyil. Qanunun dəyişikliyə uğramamış halında da hər şey əksini tapmışdı. Məncə, qanuna dəyişikliklər hər ehtimala qarşı atılmış addımdır.

Z.Məmmədli telekanalları ictimai önəmli mözvulardan qaçmaqda suçladı:

- Bu yerdə lazım gəlir ki, MTRŞ telekanallara belə bir tövsiyədə bulunsun ki, ictimai önəmli mövzulardan yayınmasınlar. Amma biz bunu da görmürük. Götürək, reklam şərtlərinin pozulması hallarını. "Reklam haqqında” qanuna baxılsa, qanunun tələbləri ilə bu cür halların qarşısını almaq mümkündü. Ancaq, biz bunu da görmürük. Sosial reklamlar əsas reklam vaxtına daxil edilir, heç bir telekanal pulsuz sosial reklam vermir. Heç kim onları buna məcbur da etmir. MTRŞ isə bunu əngəlləmək üçün heç bir iş görmür. Tutalım, özəl telekanallar pulsuz reklam verməməklərini biznes maraqları ilə "izah edir”, halbuki bütün telekanalların kifayət qədər gəlirləri var. Çünki bütün verilişlər sponsorluqla hazırlanır. Hansı verilişi desəniz, görərik ki, orada iki-üç və daha çox sponsor var. Həm də bu sponsorlar reklam olunur. Sponsorluqla reklam arasında fərq qalmayıb. Sponsorlar daha çox reklam olunur, nəinki reklamlar. Bu mənada özəl telekanalların da "pulsuzluqdan” şikayət etməsi absurddur. Amma Az.TV və İTV kimi sırf dövlət büdcəsindən maliyyələşən televiziyalarımız da var axı. Onlar da pulsuz sosial reklamlar vermir. MTRŞ-yə əlavə və daha sərt səlahiyyətlər verməkdənsə, televiziyaların maliyyə qaynaqlarının şəffaflığı təmin edilməli, pulların nəyə xərcləndiyi bilinməlidir.

Məlahət Rzayeva