Elman Məmmədov: “Beynəlxalq hüququn hansı bəndində yazılıb ki, kimsə öz yurd-yuvasında bir yerdən başqa yerə hərəkət edəndə mühakimə olunmalıdır?”
"Ermənistana rəhbərlik edən Serj Sarkisyan və onun komandasına məhkəmə qurulmalıdır”. Bu sözləri "Şərq”ə millət vəkili Elman Məmmədov Kəlbəcərə ata-babalarının qəbrini ziyarətə gedərkən erməni silahlı birləşmələri tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərov barədə qondarma rejimin başlatdığı əsassız məhkəmədən danışarkən deyib.
Onun sözlərinə görə, bu, beynəlxalq hüquqa ziddir: "Beynəlxalq hüququn hansı bəndində yazılıb ki, kimsə öz yurd-yuvasında bir yerdən başqa yerə hərəkət edəndə mühakimə olunmalıdır? Dünya təcrübəsində belə bir şey mövcud deyil. Bunu ancaq türk qanı içən Ermənistan və havadarları edə bilər”.
Qanunsuz məhkəməyə ABŞ və Avropa ölkələrinin susqunluq nümayiş etdirməsinə gəlincə, deputat qeyd edib ki, dünyaya insan hüquqları və azadlıqlarından dərs keçən rəsmi Vaşinqton və Avropa dövlətləri vəhşiliyə göz yumurlar: "ABŞ niyə reaksiya vermir? Niyə səsini qaldırmır? Bu günlərdə telekanalların birində bir görüntüyə baxdım. ABŞ-da 6-7 polis nəfəri əqli çatışmazlığı olan bir nəfərə 46 güllə vurdular. Budurmu Amerikanın demokratiyası? Budurmu Amerikada insan azadlıqlarının qorunması? Hamısı gözəl bilirlər ki, həmin 3 nəfər Azərbaycanın dinc vətəndaşlarıdır. Doğma yurdlarına baş çəkməyə gediblər. Birini öldürdülər. İkincisinə də işgəncə veriblər. Nə günə salıblar? İndi də üzərlərində məhkəmə qururlar. Görün, kim kimə məhkəmə qurur. İşğalçı, cinayətkar, soyqırım törətmiş insanlar günahsızları məhkəməyə çəkir. Dünya
birliyi, beynəlxalq təşkilatlar, dünyada söz sahibi olan böyük dövlətlər haqsızlığa göz yumurlar. Həmsədr ölkələr tövsiyə edirlər ki, aranızda qarşılıqlı etimad yaradılmalıdır. Cinayətkarla və məni yurdumdan didərgin salanlarla mənim aramda hansı inam yarana bilər? Onu bilmək istəyirik ki, cinayətkarlar niyə müdafiə olunur?”.
Prezidentlərin Paris görüşünə diqqət çəkən E.Məmmədov qeyd edib ki, Fransa rəhbəri Fransua Ollandın Sarkisyanı qucaqlayıb öpməsi ilə öz mövqeyini ortaya qoydu: "Cinayətkarla oturub-duran ən qatı cinayətkardır. Onu ittiham etmək, ədalətə səsləmək əvəzinə, qucaqlaşıb öpüşür. Himayə edirlər. Müdafiə edirlər. Budurmu dünyanın ədaləti?”
Ayyət Əhməd