Məktəbli qızların 1200 abort statistikası həyəcan yaratdı

Kamran Əsədovun açıqladığı rəqəmləri Səhiyyə Nazirliyinin səlahiyyətliləri təkzib edir
Millət vəkili isə deyir ki, rəqəm hələ az göstərilib, bu sahədə çalışan həkim bandaları da var



Son 3-4 ildə abort elətdirən məktəblilərin sayının 1200-ə çatması xəbəri ölkə gündəmini zəbt edib. Bu barədə açıqlama verən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, abort etdirənlər 9-cu, 10-cu və 11-ci sinif şagirdləridir: "Artıq biz abort olunma həddindəyik. Təəssüflər olsun ki, orta məktəblərin idarə olunmasındakı ciddi boşluqlar daha təhlükəli fəsadlar yarada bilir. Belə ki, son illər ərzində rəsmi statistikalara nəzər saldıqda görürük ki, abort olanlar arasında azyaşlıların, məktəblilərin sayı çoxalır. Bu kimi halların baş verməsinin əsas səbəbi məktəblərdə nəzarətsizliyin hökm sürməsi, səlahiyyətli şəxslərin öz vəzifələrinin öhdəsindən lazımınca gəlməməsidir. Bu kimi halların baş verməsinə şagirdlərin fiziki inkişafla bağlı məlumatsızlığı da təsir göstərir. Şagirdlər arasında cinsi inkişaf, onun fəsadları ilə bağlı lazımi maarifləndirmə tədbirləri görmək lazımdır. Avropa və Amerika ölkələrində bununla bağlı xüsusi təlimçilər var.



Amma biz yanlış olaraq düşünürük ki, bu, şagirdlərə daha da açıq olmaq və beyinlərini oyatmaq kimi olacaq. Bu heç də belə deyil. Necə olur ki, hər gün siqaret əleyhinə, narkomaniya əleyhinə, erkən nikahlar əleyhinə təbliğatlar aparırıq, heç bir fəsad yoxdur, amma zorlama, cinsi istismar, onun fəsadları barədə təbliğat aparmaqdan qorxuruq. Əlbəttə ki, qız və oğlan şagirdləri fərqli olaraq maarifləndirmək lazımdır. Əgər bu kimi tədbirlər görülsə, şagirdlər arasında abort hallarının sayı kəskin şəkildə azalacaq”.

Qeyd edək ki, həftəsonundan bu yana Kamran Əsədovun açıqladığı bu rəqəmlər cəmiyyətdə qorxu və narahatlıq yaradıb. Xüsusən də məktəbli uşaqları olan valideynlər üçün maraqlıdır ki, ekspert bu statistikanı hardan, necə əldə edib? Doğrudanmı, qız uşaqlarını məktəblərdə təhlükə gözləyir? Heç şübhəsiz, bu açıqlamadan sonra mühafizəkar ailələr qız uşaqlarının oğlanlarla bir sinifdə oxumasına etiraz edərək qızları məktəbdən çıxarmaq haqqında belə düşünəcək.

...Bu sahədə Azərbaycan, bəlkə də ən nəzarətsiz ölkələrdən biridir

Millət vəkili Fazil Mustafa isə bu rəqəmin faciəvi olduğunu deyib. Onun sözlərinə görə, bu rəqəm hələ az göstərilib, bu sahədə çalışan həkim bandaları da var, məsələni ört-basdır etmək müqabilində məktəbli qızların əxlaqsızlıq şəbəkələrinə cəlb edilməsini təmin edirlər. F.Mustafa hesab edir ki, cinsi tərbiyənin tamamilə unudulması artıq qızlarla oğlanların bir yerdə təhsil almasının təhlükəli olduğunu iddia edənlərin arqumentlərini gücləndirir. O qeyd edib ki, məktəb yaşından qızların təhsildən yayındırılaraq bir çox xoşagəlməz istiqamətlərə yönləndirilməsi sonrakı ailə faciələrinin, boşanmaların sürətlə artımının əsas səbəblərindən birini təşkil edir: "Özümüzü statistik rəqəmlərlə aldatmayaq, bu sahədə Azərbaycan, bəlkə də, ən nəzarətsiz ölkələrdən biridir. Müvafiq dövlət qurumlarının məsələyə müdaxiləsi ancaq hansısa təsadüfi video paylaşımlarından sonra başlayır və nəticəyə elə də təsir etmir. Milli dəyərlər, mentalitet, Həcər, Nigar, pafos, müqəddəs Azərbaycan ailəsi ritorikasını bir kənara qoyub, ictimai faciənin önlənməsi ilə məşğul olmalıyıq”.

Qızlara əks cinslə səmimiyyətin ölçüsünü anlatmaq şərtdir

"Sağlam Cəmiyyət” İB-nin sədri Lalə Mehralı isə deyib ki, bu açıqlama rəsmi deyil, statistik məlumatlara söykənmir və ən əsası qaynağı göstərilmir: 

"Mən də bir açıqlama verim onda, əgər mənbə göstərilmir, sübut edilmirsə, bunu etmək çox asandır. Bildiyim qədəri ilə Kamran Əsədov belə bir açıqlama verib, informasiya ondan sonra yayıldı mətbuatda. Başdan bəri bunun real olmadığını bilirəm, ona görə reaksiya vermədim. Amma bu o demək deyil ki, məktəbyaşlılar abort olunmur. Yox, bu kimi hallar var. 100, 300 ya 500, rəqəm neçədir, hər nədir dəqiq bilmirəm, amma var. Əsassız məlumatlar yaymaq yerinə çalışıb kütləviləşməsinin qarşısını almaq lazımdır. Düşünmək lazımdır, uşaqlar niyə tez böyümək, cinsi həyatını erkən yaşamaq istəyir? Məktəblərdə tərbiyə, əxlaq, davranış barədə öyrədilənlər yetərsizdirmi? Bunu analiz etmək lazımdır. Analar xüsusilə qızları ilə işləməli, əxlaqi dəyərləri aşılamalı, biri ilə yaxınlıq nəticəsində nələrin ola biləcəyini başa salmalıdırlar. Qızlara əks cinslə səmimiyyətin ölçüsünü anlatmaq şərtdir. Əks halda rəqəm həqiqətən də 1200-ü keçəcək”.

Kimlərsə şou yaratmaq üçün belə açıqlama verib

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova da Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Baş mütəxəssis olaraq Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatları araşdırdığını qeyd edən S.Məmmədova bu məlumatın həqiqətə uyğun olmadığını, kimlərinsə şou yaratmaq üçün belə açıqlama verdiyini söyləyib:

"Bu rəqəmin mənbəyi olmalıdır. Məlumatlar yalnız statistik rəqəmlər olduqda biz ona istinad edə bilərik. Digər tərəfdən, bizim tərbiyəmiz, mentalitetimiz yol vermir ki, 9-11-ci sinif şagirdləri abort etdirsin”.

Baş mütəxəssis əlavə edib ki, Azərbaycanda şagirdlər arasında abortların olması halları tək-tük hallarda baş verir. Belə hallar baş verdikdə cinayət işləri açılır və KİV-lərdə məlumat verilir:
"Şagirdlər arasında baş verən tək-tük abortlar qanuni şəkildə - tibbi göstərişlərlə icra edilir. Bu haqda mətbuatda rəsmi açıqlama verilir”.

Azərbaycanda abortların icrasının qanuni əsaslarla həyata keçirildiyini deyən S.Məmmədova bildirib ki, bu məlumatlar şəffaf sistem əsasında toplanır. Buna görə də o qədər sayda gizlənmiş abortun olması mümkün deyil.

O bildirib ki, hər bir tibb müəssisəsində abort edilən şəxsin şəxsiyyət vəsiqəsi ilə kart açılır. Qeydiyyatı aparılan bütün xəstələr barədə məlumatlar vahid elektron sistemdə toplanır. Buna görə də müraciət edən şəxslər barədə tələb olunan məlumatları oradan əldə etmək mümkün olur. S.Məmmədova məktəbyaşlı qızların abort edilməsini də çox təhlükəli hesab edir:

"Heç bir həkim məktəbyaşlı qızların abort olunması məsuliyyətini öz üzərinə götürməz. Çünki məktəbyaşlı qızların orqanizmi tam yetişkən deyil. O qızlar hamilə qala bilərlər. Amma onların orqanizmi - qan sistemi, qaraciyəri və s. tam mükəmməl olmadığından belə qızları abort etdirmək onları doğuzdurmaq qədər böyük risk, təhlükəlidir”.

...vaxtından əvvəl düşüklər,inkişafdan qalmış hamiləliklərin hamısı ümumi abortların statistikasında cəmləşir

Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi-katibi, Doğuşayardım Komissiyasının cənub bölgəsi üzrə kuratoru Leyla Məmmədova isə deyib ki, 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatlara ilkin olaraq qabardılmalı məsələ erkən nikahlardır. Onun sözlərinə görə, burada söhbət sırf məktəblilərdən yox, yeniyetmələrdən gedə bilər: "Çünki abort olanda bu o demək deyil ki, yeniyetmə bunu öz istəyi ilə edib. Çox vaxt erkən nikahlar zamanı vaxtından əvvəl düşüklər, inkişafdan qalmış hamiləliklərin hamısı ümumi abortların statistikasında cəmləşir. Erkən nikah məsələsində söhbət təkcə məktəblidən getmir. Söhbət məktəbdən yayındırılıb ailə quran yeniyetmələrdən gedir”.

Hamiləliyin vaxtından əvvəl pozulması məsələsinə gəlincə, Doğuşayardım Komissiyasının mütəxəssisi vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı 10-19 yaş arası olanları yeniyetmə hesab edir: "Əgər hamilə qalan qadının 18-19 yaşı varsa, o, öz arzusu ilə bunu sonlandıra bilər. Yox əgər söhbət yetkinlik yaşına çatmayanlardan gedirsə, hamiləliyin 11-ci həftəsinə qədər onlara sonlandırma məsləhət görülür. Digər qalan məsələlər isə tibbi göstərişdir. Bu zaman da hamiləliyin 12-ci həftəsinə qədər həmin şəxsin qanuni nümayəndəsinin icazəsi ilə hamiləlik sonlandırıla bilər”.

Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi-katibi əlavə edib ki, inkişafdan qalmış hamiləlik də statistikada abortların arasında qeyd olunur: "Yeniyetmə yaşlarında döldə qüsurun olması ehtimalı çox yüksəkdir. Bundan başqa, yeniyetmənin sağlamlığı ilə bağlı bədəndə tibbi göstəriş meydana çıxır ki, hamiləlik sonlandırılsın. Çünki yeniyetmə orqanizmi bir çox hallarda dölü tam yetişdirmək imkanına malik olmur”.

...Əlbəttə ki, onların məktəbli olub-olmaması barədə məlumat yoxdur, amma...

Qeyd olunan rəqəmlərin əsassız olması ilə bağlı iddialara cavab verən Kamran Əsədov əlavə edib ki, hər il aidiyyəti dövlət orqanları müxtəlif statistik göstəricilər açıqlayır: "Mən də təhsil araşdırmaçısı olaraq onları toplayır, bu və ya digər yazılarda istifadə edirəm. Hər il abort etdirən xanımların sayı barədə və onların yaş həddi haqqında məlumat yayılır. Orada hər il qeyd olunur ki, 15-18 yaşlarında olan bu qədər xanım abort edilib. Əlbəttə ki, onların məktəbli olub-olmaması barədə məlumat yoxdur, amma 15-16-17 yaşlarında olan şəxs qanunvericilik aktlarına görə məktəbli hesab olunur. İllər ərzində KİV-də çıxan rəqəmlərdən əgər aidiyyəti şəxslərin xəbəri yoxdursa, bu artıq onların vəzifəsinin öhdəsindən gələ bilməməsi deməkdir. Bu rəqəmlər rəsmi saytlara istinad edilərək götürülüb”.


Sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, orta məktəblərdə mənfi hallar yaşanırsa, cəmiyyətin özündə profilaktik tədbirləri artırmalıdır:

 "Televiziyalarda yüngül davranışlı qadınların, açıq-saçıq danışıqlarına çox yer verilir. Hətta bir dəfə xalq artisti olan qadını mətbuatda tənqid etdim ki, televiziyada belə açıq-saçıq danışmazlar. Xalq artistləri, sənətçilər gənclərin, yeniyetmələrin diqqət mərkəzində olurlar. Müğənnilərin fanatları da gənclərdir. Sosial psixologiyada təsdiq olunmuş məsələdir ki, diqqət mərkəzində olan şəxslərin hərəkəti cəmiyyətə təsir göstərir. Açıq-saçıqlığı təbliğ edən "azadlıq” prinsipi əsasında qurulan, əslində isə cəmiyyətə mənfi davranışlar ötürən verilişlər televiziyalardan yığışdırılmalıdır.

Orta məktəblərin özünün də vəzifələri dəyişib. Yeni nəsli cəmiyyətə, həyata hazırlayan 3 güclü faktor var: ailə, cəmiyyət, məktəb. Təəssüf ki, ailədə də, cəmiyyətdə də gərginlik artıb. Amma vəzifələr qalır, yeni nəsli layiqli tərbiyə etmək, yetişdirmək lazımdır. Yaranmış vəziyyətdə məktəbin rolu da güclənib. Burada mühit dəyişməlidir, təhsil müəssisəsi mühiti olmalıdır. Dəfələrlə demişəm, cəmiyyətdə, xüsusilə gənclər arasında mənəvi dəyərlərə marağı artırmalıyıq. Bütün bunlar üçün böyük, ciddi humanitar siyasət həyata keçirilməlidir. Elmi tədqiqat mərkəzləri cəlb olunmalı, fəaliyyət proqramları hazırlanmalıdır”.

Şəymən