Məmməd Əlizadə YAP-a üzv olmaq istəyir
“Siyasi fəaliyyətlə məşğul olmaq qərarım qətiləşsə, bu partiyanı seçəcəm”
Demokratik Azərbaycan Dünyası Partiyasının keçmiş sədri Məmməd Əlizadə təsis etdiyi partiya ilə heç bir əlaqəsinin olmadığını söyləyib. Uzun müddət rəhbərlik etdiyi partiyaya qayıtmaq niyyəti olmadığını bildirən M.Əlizadə bir neçə partiyadan fəxri sədrlik təklifi aldığını deyib.
DADP-nin keçmiş sədri Yeni Azərbaycan Partiyasına üzv ola biləcəyi anonsunu da verib. Bu məsələlərlə bağlı "Şərq”in suallarını cavablandıran M.Əlizadə bəyan edib ki, siyasi fəaliyyətlə məşğul olmaq barədə qərar verərsə, ilk növbədə hakim partiyaya üzv olacaq.
- Məmməd müəllim, təsis etdiyiniz və uzun müddət rəhbərliyində qaldığınız partiya ilə əlaqələrinizi niyə kəsmisiniz?
- Mən partiya sədrliyindən gedəndən sonra, xüsusən prezident seçkiləri öncəsində qurumda xoşagəlməz hadisələr baş verdi. "Keçmiş sədr partiyada gedən proseslərə müdaxilə edir” deməsinlər deyə şəxsən qurumda yaşananlarla bağlı açıq mövqeyimi bildirmədim. Dedim, qoy müstəqil olaraq tərəflər özləri bir araya gələrək problemlərini həll etsinlər. Təəssüf ki, partiya daxilində formalaşmış iki qütb ortaq məxrəcə gələ bilmədi. Faktiki olaraq DADP iki yerə parçalanıb və tərəflər bir-biriylə yola getmir.
- Bəs qurucusu olduğunuz partiyanın dağılması sizi narahat etmir?
- Təbii ki, dövlətçilik maraqlarına qulluq edən bir partiyanın qurucusu və uzun müddət siyasətlə məşğul olan adam kimi DADP-nin iki yerə bölünməsi məni çox narahat edir. Bu baxımdan dəfələrlə təşəbbüs etmişəm ki, qarşıdurma yaradan tərəfləri bir masa arxasına gətirim. Düzdür, birbaşa müdaxiləm olmasa da, dolayı yolla barışmaq, birləşmək ideyasını ortaya atırdım. İstəyirdim ki, partiyadakı başıpozuqluq aradan qaldırılsın. Hətta onlara təkliflər də təqdim edirdim. İki qanadın başında duran şəxslər ya həmsədr kimi fəaliyyət göstərməlidir, ya da biri digərinə güzəştə getməlidir. Əgər bunu etməsələr, partiya yaxın günlərdə sıradan çıxma təhlükəsi ilə üz-üzə qalacaq.
- Partiyada baş verən proseslərə müdaxilə etməyinizə maneçilik yaradılırmı?
- Yox, qətiyyən. Sadəcə olaraq özüm onların işlərinə qarışmaq istəmirəm. Baxmayaraq ki, Əlisahib Hüseynovun rəhbərlik etdiyi qanad məni partiyanın fəxri sədri seçdi və dəfələrlə məsləhət almaq üçün yanıma gəldilər. Ancaq mən heç vaxt partiyanın qərarlarına müdaxilə etmək fikrində olmamışam.
- Qarşıdan parlament seçkiləri gəlir. Bölünmüş halda olan partiya seçkilərə necə qatıla bilər?
- Bələdiyyə seçkilərində DADP bütöv şəkildə iştirak edə bilmədi. Parlament seçkilərində partiya şəklində iştirak etmək üçün təşkilatın hansısa qanadı rəsmi olaraq dövlət qurumları tərəfindən qəbul olunmalı, tanınmalıdır. Partiyadakı hər iki tərəf seçkilərə qatılmağa iddialıdır. Problem ondadır ki, iki qanad eyni partiyanın adından istifadə edərək seçkilərə qatılmaq icazəsi ala bilməz. Çox güman ki, bu ikitirəlik DADP-nin parlament seçkilərində iştirakına əngəl törədəcək.
- Bir neçə partiyadan təklif aldığınızı bəyan etdiniz. Təklifləri dəyərləndirmək, yenidən siyasətə qayıtmaq fikriniz varmı?
- Azərbaycan siyasətinə iki yolla gəlmək olar. Birincisi, milli azadlıq hərəkatından, yəni kortəbii fəaliyyətdən siyasiləşməyə doğru gəlinən yoldur. İkinci yol isə heç bir hərəkatda iştirak etməyənlərin birdən-birə siyasətə gəlməsidir. Mənim keçdiyim ömür yolu milli azadlıq hərəkatından gəlir. Bütün ömrü boyu Azərbaycanın azadlığı və inkişafı uğrunda mübarizə aparmışam. Ömrüm zindanlardan keçib. 9 ay Lefortovo zindanında Xəlil Rza Ulutürklə ağır məhbus həyatı yaşamışam. İlk dəfə Milli Müdafiə Komitəsinin yaradılmasının təşəbbüskarı və sədri olmuşam. Yəni bunları deməkdə məqsədim odur ki, istənilən siyasi partiyada təmsil olunmağa, proseslərdə yer almağa mənəvi haqqım çatır.
- Yeni Azərbaycan Partiyasından sizə təklif gəlib, yoxsa özünüz üzv olmaq istəyirsiniz?
- YAP-a üzv olmaq fikri şəxsi istəyimdir. Hakim partiyadan heç bir təklif almamışam. Əgər siyasi fəaliyyətlə məşğul olmaq qərarım qətiləşsə, düşünmədən YAP-ı seçəcəm. Çünki 1993-cü ildən bəri bütün həyatım boyu YAP-ın proqramını dəstəkləmişəm. Bu gün də cənab İlham Əliyevi yeganə lider kimi qəbul edirəm.
- Siz YAP-ın sıravi üzvü olmaq barədə fikrinizi bəyan etmisiniz. Əgər hakim partiyadan sizə qurumda hər hansı yüksək postda təmsil olunmaq və ya parlament seçkilərində namizəd göstərilmək təklifi gələrsə, qəbul edərsinizmi?
- Böyük məmnuniyyətlə. Çünki YAP elə-belə partiya deyil. Hakim partiya Azərbaycanın qurulmasında çox önəmli rol oynayıb. Bu gün də insanlarımızın rifahı istiqamətində ciddi addımlar atır. Əgər dediyiniz təklif gələrsə, mən yanlız bundan qürur və şərəf duyaram.
İsmayıl