Məmurlar eşitmir

İki ayağını itirən əsgərimiz kömək istəyir
“Türkiyədə xəstəxanada olanda belə deyildi, indi gözünün ucu ilə baxan yoxdur”


Ötən ilin yayında ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirən 19 yaşlı Azərbaycan əsgəri Sərxan Tahirzadə və anası Mahisə Tahirova "Qazilər” .az saytına təşrif buyuraraq ailələrinə qarşı diqqətsizlikdən şikayətləniblər. S.Tahirzadə bildirib ki, Türkiyənin Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicə edilərkən bu ölkənin və Azərbaycanın dövlət adamları, millət vəkilləri ona baş çəkib "vətən səninlə fəxr edir” demələrinə rəğmən, indi ona gözucu baxan da yoxdur.

Qapılarda qaldığına diqqət çəkən qazi söyləyib ki, heç bir dövlət rəsmisi onun dərdinə əlac etmir: "Açığı, belə münasibət gözləmirdim. Bu, mənə çox pis təsir göstərdi. Bu yaşda iki ayağım yoxdur, dövlətin mənə verdiyi pensiya isə 77 manatdır. 150 manat da prezident təqaüdü alıram. Mənə düşən sığorta pulumu da Dövlət Sığorta Şirkətindən ala bilmirəm. Deməli, mən bu məbləğlə yaşamalı, hələ bir ailə də qurub, arvad-uşaq da saxlamalıyam! Neçə vaxtdır qapanıb qalmışam evdə. Həyətə düşüb yeriyə bilmirəm, yıxılıram. Ya palçıq, ya da daş-kəsək imkan vermir yeriyim”.

Oğluna qarşı biganə və başdansovdu münasibət nümayiş olunduğunu iddia edən M.Tahirova millət vəkili Qənirə Paşayevadan kömək gözlədiyini açıqlayıb: "Sərxanı orduya yola salanda boy-buxunlu bir oğlan idi. Üstümə səksən santimetr qayıtdı balam! O, yaralananda, xəstəxanada yatanda hamı halını soruşur, dərdimizi dinləyirdi. Amma indi bizə kömək edən yoxdur. Həyat yoldaşım da əlildir. İşləyə bilmir. Mən onları 220 manatla necə saxlayım?! Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbul şöbəsinin Bayram adlı bir müdiri var. Oğlumla getmişik ki, bizə kömək edin. Qayıdıb bizim üstümüzə çığırır! Ümidimiz Qənirə Paşayevayadır. İki dəfə cəhd eləmişik, görüşə bilməmişik. Sonuncu dəfə köməkçisi dedi ki, Türkiyədədir, martın 6-da Bakıya gələcək. İndi onu gözləyirik. Oğlumun Bakıya müalicəyə gəlib getməyi var, digər xərcləri var. Lakin heç kəs kömək etmir. Deyirlər Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yaxşı adamdır, amma onunla görüşə bilmirik. Bakıya gələndə yardım istədik, müavini bizə qarşı böyük hörmətsizlik etdi”.

Yada salaq ki, S.Tahirzadə 2014-cü ilin avqustunda cəbhədə atəşkəsin pozulması nəticəsində hər iki ayağını itirib. Əsgər müalicə almaq üçün uzun müddət TİKA-nın dəstəyilə Türkiyədə müalicə alaraq vətənə qayıdıb. O, pulsuz avtomobillə təmin olunması üçün müvafiq sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edib.

Əsgərə göstərilən laqeydliyin səbəbindən danışan Qarabağ qazisi Firudin Məmmədov "Şərq”ə açıqlamasında qeyd edib ki, bu barədə etirazlarını bildiriblər: "Təkliflərimizi də vermişik. Lazım gələndə, bütün tələblərimizi irəli sürürük. Ali Baş Komandan İlham Əliyevə də müraciətlərimizi edirik. Əsgərimiz yaralanan ərəfədə avqustun 7-də Ali Baş Komandan Ağdamda veteran və şəhid ailələrinə münasibətə dair tarixi çıxış etdi və tapşırıqlarını verdi. Qeyd etdi ki, əlil, veteran və şəhid ailələrinə qayğı dövlətin vəzifəsidir. O vaxtlar mərhum Heydər Əliyev də buna oxşar fikirlər səsləndirmişdi. Ulu öndər söyləmişdi ki, vətənin bütövlüyü uğrunda sağlamlığını qurban verən insanlara diqqət və qayğı dövlətin borcu, xalqın mənəvi öhdəliyidir. Buna rəğmən hazırda çox təəssüflər olsun ki, yerlərdəki icra strukturlarının məmurları üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər. Doğrudur, bir ara prezident verdiyi tapşırıqları yerinə yetiririk deyə fon yaratdılar. Deputatlar "Gülhanə”yə gedib, əsgərimizi yüksək səviyyədə qarşıladılar. Bütün dünyaya nümayiş olundu ki, Azərbaycan müharibədə yaralanan əsgərlərinə sahib çıxır. Amma həqiqətdə, müşahidə olunur ki, bəzi məmurlar və ya millət vəkilləri görüntü yaratmaqla məşğuldurlar.”

Müharibə veteranının qənaətincə, yerlərdə Qarabağ əlillərinin sosial vəziyyətlərinə və səhhətlərinə dair müalicələrin aparılmasında çox ciddi problemləri mövcuddur: "Problemin köklü həlli lazımdır. Müharibə zamanı qaçıb orda-burda gizlənənlər indi gəlib məmur olub. Halbuki o insanların əksəriyyəti silah və döyüş görməyiblər. Onlar döyüşənlərin qədrini nə biləcək? Biz döyüşəndə onlar qaçıb künclərdə gizlənirdilər. Vətəni sevməyən adam onun vətəndaşına və ya veteranına necə xidmət göstərə bilər ki? İnsanlara xidmət göstərmək, vətən eşqi və insan sevgisi onların ruhlarında yoxdur. Bu səbəbdən biz ölkə başçısına təklif hazırlayıb, vermişik. Təklifdə yazılıb ki, Azərbaycanda müharibə veteranları, əlillər və ya şəhid ailələrinin problemləri ilə məşğul olacaq dövlət komissiyası yaradılsın. Bu vəzifəyə rəhbərlik isə hansısa məmura həvalə olunmamalıdır. Çünki həmin funksioner vicdansız olsa, qazilər bədbəxt oldu. Dövlət komissiyası yaradılmalıdır. Komissiya statistik göstəriciləri araşdırıb, ortaya çıxarıb, dövlətə təklif etməlidir. Əlil övladlarının sağlamlığına dair problem həll olunmamış qalır”.

F.Məmmədov bəyan edib ki, hazırda 40 yaşında dünyasını dəyişən əllilərin sayı qeyri-əlillərdən 30 qat çoxdur: "Yəni müharibə əllilərinin 50 faizi 40 yaşı o tərəfə keçmədən həyata "əlvida” deyir. Biz çox narahatıq”.

Müsahibimiz onu da əlavə edib ki, vətənin bütövlüyü uğrunda sağlamlığını itirmiş insanlara qarşı diqqətsizliyə görə, cəzalar tətbiq olunmalıdır: "Ən azı həmin məmurlara töhmət verilməlidir. Yoxsa, bu biganəliklərin və ögeyliyin kökü kəsilməyəcək. Cənab prezidentə inam və güvənimiz böyükdür. İnanırıq ki, bu məsələlərdə diqqətlidir və özü lazımi ölçü götürəcək”.

Məsələyə münasibət bildirən Lənkərən şəhəri Kosalar kənd bələdiyyəsinin nümayəndəsi Habil Məmmədov deyib ki, deyilənlərin heç biri həqiqətə uyğun deyil. Onun sözlərinə görə, adıçəkilən şəhər icra başçısı Taleh Qaraşovun özü şəxsən ona diqqət və qayğı göstərib və yardım edib: "S.Tahirzadənin evi təmir edildi. Ona rahat olması üçün hər bir şərait yaradıldı. Hətta vanna otağı aşağı mərtəbədə idi, ona rahat olsun deyə otağının yanında hamam düzəldildi. İcra başçısı evlərinə telefon, internet çəkdirdi. O ailəyə bir müəssisə təhkim olunub, hər ay baş çəkir və maddi yardım göstərir”.

H.Məmmədov vurğulayıb ki, hətta rayonun deputatı Hadi Rəcəbli icra başçısının müavini İlqar Dadaşovla birlikdə Sərxana ad günündə, yəni ötən il avqustun 19-da ailəsinə ayrıca baş çəkiblər: "Hər ayda ən azı bir dəfə Hadi müəllimin köməkçisi ailəyə baş çəkir və onların qayğıları ilə maraqlanır. Onun rahatlığı üçün hər şey var. Sərxanın "heç kim qapımı açmır” deməsi bütün edilənləri yerə vurmaq deməkdir”.

Bundan başqa, S.Tahirzadəni və anasının ittihamlarını cavabsız qoymayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev qeyd edib ki, qazinin sosial müdafiəsinin təmin edilməsi ilə əlaqədar təmsil olunduğu qurum tərəfindən öz səlahiyyətləri çərçivəsində bütün müvafiq işlər aparılıb: "Sərxan Tahirzadə Türkiyədə müalicə olunub vətənə qayıtdıqdan sonra ƏƏSMN-in Lənkəran rayonu üzrə Tibbi- Sosial Ekspert Komissiyasının (TSEK) əməkdaşları dərhal onun ailəsini ziyarət edib və əlillik sənədlərini tərtib edərək ona hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar I qrup əlillik təyin ediblər.

Qurum sözçüsünün bildirdiyinə görə, TSEK tərəfindən S.Tahirzadəyə müvafiq reabilitasiya vasitəsi olaraq əlil arabası təklif edilsə də, o, buna ehtiyacı olmadığını söyləyib: "ƏƏSMN-in Lənkəran Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən S.Tahirzadəyə Azərbaycan Respublikasının müdafiəsi səbəbindən I qrup əlil kimi Azərbaycan Respublikası Prezidentinin 150 manat məbləğində aylıq təqaüdü və 77 manat məbləğində aylıq sosial müavinət təyin olunub. Sərxan Tahirzadənin atasına isə ayda 130 manat məbləğində əmək pensiyası ödənilir”.

E.Babayev vurğulayıb ki, bununla yanaşı, S.Tahirzadə dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin edilmək üçün bu il martın 2-də ƏƏSMN-də növbəyə götürülüb. Bir qədər əvvəl isə ƏƏSMN-in Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən S.Tahirzadənin ona Türkiyədə müalicə olunarkən verilmiş protez məmulata ehtiyac yarandığı üçün təmir olunaraq yenidən istifadəsinə verilib: "Qarşıdakı dövrdə də ƏƏSMN tərəfindən əlilliyi olan şəxslər, o cümlədən müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün sosial müdafiə və tibbi-sosial reabilitasiya tədbirləri həyata keçirilərkən Sərxan Tahirzadə də həmin tədbirlərə cəlb ediləcəkdir”. E.Babayevin sözlərinə görə, həmçinin S.Tahirzadə mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyan şəxs qismində qeydiyyatda olduğu rayon (şəhər) İH-ə müraciət edə bilər. Çünki bu məsələ icra hakimiyyətinin səlahiyyətindədir. Əgər o, icra hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülərsə, ƏƏSMN tərəfindən onun mənzillə təminatı həyata keçiriləcəkdir: "Sərxan Tahirzadənin Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət aldığına görə ona sığorta ödənişinin həyata keçirilməməsi ilə əlaqədar narazılığına gəldikdə isə, bildiririk ki, bu məsələnin həlli ƏƏSMN-in səlahiyyətlərinə aid deyil və bununla əlaqədar müvafiq mərkəzi icra hakimiyyəti orqanına müraciət olunmalıdır”. E.Babayev əlavə edib ki, S.Tahirzadə ilə telefonla əlaqə saxlanılarkən hazırda onun heç bir peşəsinin olmadığı məlum olub: "Bununla əlaqədar Sərxan Tahirzadəyə ƏƏSMN-in Bakının Ramana qəsəbəsindəki Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində bu və ya digər peşə üzrə peşə hazırlığı kursuna cəlb olunması təklif edilib. Müasir standartlara cavab verən bu mərkəzdə ölkənin müxtəlif bölgələrindən gəlmiş əlilliyi olan şəxslər peşə təlimi müddətində dövlət hesabına yataqxana, tibbi xidmət, yeməklə də təmin edilirlər. Sərxan Tahirzadə burada peşə hazırlığı kursuna cəlb olunarsa, kursu bitirdikdən sonra ona peşə sertifikatı veriləcək və məşğulluğunun təmin olunması üçün müvafiq işlər aparılacaq”.

Nazirliyin açıqlamasına "Qazilər.az” saytından reaksiya verilib. Bildirilib ki, saytın təsisçisi olan "Qarabağ Qaziləri” Birliyi dəfələrlə bəyan edib ki, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təyin edildiyi gündən Qarabağ əlillərinə, şəhid ailələrinə diqqət və qayğının artdığı nəzərəçarpacaq dərəcədə hiss olundu. Və onun bu qəbildən olan insanlara yanaşmasını təqdir edib. Hazırda müharibə insanlarının problemləri ilə, az-çox məşğul olan elə bu nazirlik və şəxsən Səlim Müslümovdur. Amma elə məsələlər var ki, şəxsən onluq deyil. Məsələn, hazırda cəbhədə yaralanaraq 1-ci qrup olan əsgərə dövlət tərəfindən 77 manat pensiya, 150 manat isə prezident təqaüdü verilir. Və bu çox azdır. Bu məsələ dərhal və ciddi şəkildə müzakirə edilməlidir. Nazirlik səlahiyyətləri çərçivəsində öhdəsinə düşəni edib və edir. Amma Sərxan Tahirzadənin anası ilə nazirliyin qəbul şöbəsində Bayram adlı şöbə müdiri tərəfindən təhqir edilməsi yolverilməzdir. Yaxşı olar ki, nazirlik araşdırma aparıb bu məsələyə aydınlıq gətirsin.

Özü də bu, birinci hal deyil. Bu Bayram kimdirsə, dəfələrlə Qarabağ əlilini təhqir edib. "Qazilər”.az saytında o, üç yazıda tənqid edilib. S.Tahirzadənin digər problemi isə onun yaralandığına görə hələ də sığorta ala bilməməsidir. Bu da birbaşa neçə müddətdir şəhidlərin və qazilərin qan pulunu verməyən Azərsığorta Dövlət Şirkətinin məsuliyyətidir. Başqa problem isə Lənkəran Rayon İcra Hakimiyyətindədir”.

"Azərsığorta” da S.Tahirzadənin şikayətinə cavab verib. Dövlət Kommersiya Sığorta Şirkəti ("Azərsığorta”) İdarə Heyəti sədrinin 1-ci müavini Aftandil Hacıyev bildirib ki, bu adda şəxs onlarda qeydiyyatda deyil: "Bizim şirkətə Sərxan Tahirzadə adlı şəxsin ayaqlarını itirməsi haqda hər hansı sənəd daxil olmayıb. Ona görə də bizə ünvanlanmış ittihamlar yersizdir”.

M.Tahirovanın çağırışına səs verən millət Vəkili Qənirə Paşayeva S.Tahirzadəyə zəng edib. Bu barədə Qarabağ əlilinin özü bildirib: "Yazı yayılandan sonra Q.Paşayeva bizə zəng etdi. Anamla danışdı. Söylədi ki, o, mənim problemlərimin həllinə dair nə lazımdırsa edəcək”. Millət vəkili əsgərin anasına martın 9-da Bakıya gələcəyini və bütün aidiyyəti qurumlarla əlaqə saxlayacağını bildirib”.

Ayyət Əhməd