68 yaşı tamam olan Xalq artisti Ramiz Əzizbəyli üsyan qaldırdı
“İllərlə çəkdiyim əziyyətin qiyməti verilmir”
Oynadığı rollarla hər kəsin sevimlisinə çevrilən Azərbaycan kino rejissoru və aktyoru Ramiz Əzizbəylinin doğum günüdür. Xalq artistinin 68 yaşı tamam olur.
R.Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət və Mədəniyyət Universiteti) mədəni-maarif fakültəsini bitirib.
1987-ci ildə "Debüt” studiyasında çəkdiyi "Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən ümumittifaq festivalında isə rejissor debütünə görə mükafata layiq görülüb.
1991-ci ildə isə "Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb.
Rejissoru olduğu "Yalan” bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.
O, Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti, 1 avqust 2008-ci ildə isə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb.
Evində ad gününü qeyd edən sənətkar bir çox mətləblərə toxundu: "Mənim ad günlük halım qalmayıb. Düzdü, dostlarım, tanışlarım zəng vurub təbrik edirlər. Sağ olsunlar. Elə mətbuat da sağ olsun məni unutmur. Doğum günümü qızlarım, övladlarım yanımdadı. Ailə üzvlərimlə bir yerdəyəm. Mənim canım ağrıyır deyə, ad gününü keçirmək həvəsində deyiləm. Yəni hansı günümə ad günü keçirim? Mənim illərlə çəkdiyim əziyyətin qiyməti verilmir. Bu qədər vaxtdı xəstəyəm, bir dəfə də Mədəniyyət Nazirliyi mənimlə maraqlanmayıb. Sənət adamlarına bu qədər laqeydlik ola bilərmi? Axı mən həyatımı sənətə həsr etmişəm. Mənim tələbələrim məni belə görür, sizcə, onlarda sənətə, sənətkara olan münasibət nə şəkildə yarana bilər? Bizim bu günümüzü görən gənc aktyorların sənətə sevgisi qala bilər? Bizdə sənətkar səhnədə olan günə qədər dəyərlidir, bir balaca çətin günün başlasa, xəstəliyə tutulsan, heç kimə lazım olmursan. Mən sənətimə görə bəzən ailəmi diqqətsiz qoyduğum günlərimə heyfim gəlir. Bu gün başa düşürəm ki, insana ən çətin günündə ancaq ailəsi dəstək olur. Vaxtilə Ramiz hamının sevimlisi idi. Bu gün heç kimə lazım deyiləm. Bax, adamı yandıran budu. Ona görə də doğum günümün keçirilib-keçirilməməsi mənim üçün o qədər əhəmiyyət kəsb etmir. Adamın canı ağrıyanda hər kəs yaddan çıxır”.
Qeyd edək ki, Ramiz Əzizbəyli 2014-cü ilin fevralında şəxsi avtomobilində sükan arxasında olarkən beyin insultu keçirib. Artıq iki ildən artıqdır ki, xəstəliyi ilə bağlı səhhətində ciddi problemlər yaşayan Xalq artisti uzun müddətdir səhnə fəaliyyətindən kənarda qalıb.
Tahirə