“Mənim Gürcüstana buraxılmağım uzana bilər”

Zəlimxan Məmmədli: “Borçalıda “Elat” törəni keçiriləcək, razılığa gəlmişik”



"Gürcüstan nümayəndəliyimizin rəhbərliyi qubernatorla görüşüblər. Görüşdə bizə tətbiq olunan yasaqlanmalar və yaxın zamanlarda baş tutacaq "Elat” bayramına dair müzakirələr aparılıb”.

Bu sözləri "Şərq”ə bir müddətdir ki, Gürcüstana buraxılmayan "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib. Onun sözlərinə görə, qubernator problemin ən qısa zamanda həll olunacağına ümid bəsləyir və səlahiyyəti çərçivəsində bu məsələləri lazımi orqanlara çatdırmaq öhdəliyini götürüb: "Elat” törəni barədə prinsipial razılıq əldə olunub. Bunu təqdir edirəm. Marağımız odur ki, Gürcüstan elitası, siyasi hakimiyyəti və folklor qruplar Borçalı türklərinin törəninə qatılsınlar. Bu, dostluq, qardaşlıq və barış bayramıdır. Önəmlisi budur ki, bayram baş tutsun. Ənənə davam etsin. Ora buraxılmağım müəyyən müddət uzana bilər. Amma ənənənin davam etdirilməsi zəruridir”.

Təşkilat rəhbəri bəyan edib ki, Gürcüstana buraxılması haqda qadağaya bir sıra diplomatik qurumlar münasibət bildirib: "Diplomatik mərhələ bitməyib. Bu mərhələ sona çatmamış digər addımların atılmasını məqsədəuyğun saymıram. Müəyyən planlarımız mövcuddur. Hüququmuzun təmin olunması məqsədilə gərəkən hər şeyi etməliyik. Azərbaycan siyasi hakimiyyətindən istəyimiz odur ki, vətəndaşlarının haqqını müdafiə etsin. Rəsmi Tiflisin ayrı-ayrı qurumları bizlə bu cür davranmalı deyil. Belə yanaşma yolverilməzdir. Ən azı ölkəmizdə çalışan Gürcüstan kökənli sabiq səfir Ramiz Həsənov, Baş prokuror və maliyyə nazirindən məsələyə aydınlıq gətirmələrini istəyəcəyik”.

Müsahibimiz deyib ki, Gürcüstanın ölkəmizdəki səfiri ilə yenidən görüşmək niyyəti var: "Bu ölkənin daxilində xeyli siyasi böhran elementləri mövcuddur. Növbədənkənar seçkilər gündəmə gələ bilər. Hər halda oradakı siyasi böhranın təsirindən əziyyət çəkməli deyilik”.

Z.Məmmədli "Şərq” qəzeti vasitəsilə Gürcüstan siyasi rəhbərliyinə səslənib: "Nə qədər ki, gec deyil, nə qədər ki, əlavə gərginliklər yaranmayıb, yanlışlarınızı düzəldin. Bunu tələb edirik. Bizə problem yaradılmalı deyil. Çünki addımımız şəffafdır. Niyyətimiz pakdır. Qarşı tərəfdən də doğru və ədalətli qərarlar gözləyirik”.

Sonda həmsöhbətimiz onu da əlavə edib ki, cəmiyyətin nümayəndə heyətinin Tiflisə növbəti səfəri gözlənilir: "Ola bilər ki, gürcü dostumuz Givi Paçxavataşvili ən yaxın zamanda yenidən Gürcüstana yola düşsün və prezident administrasiyasının rəhbərliyi ilə görüşsün. Hələlik proses davam edir”.

Ayyət Əhməd