Vüqar Tofiqli: “Bununla bağlı müəyyən addımlar atılır”
Sahib Məmmədov: “Tikintilərlə bağlı təsnifatlandırma aparılmalıdır”
Millət vəkili Elmira Axundova 2018-ci il yaz sessiyasında qanunsuz tikililərlə bağlı təklif səsləndirib. Deputat bildirib ki, illər öncə respublikanın müxtəlif regionlarında, xüsusilə Abşeron yarımadasında vətəndaşlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda kompakt şəkildə xeyli sayda yaşayış məntəqələri inşa edilib.
"Elə ərazilər var ki, insanlar artıq 20-30 ildir ki, orada inşa etdikləri fərdi evlərdə yaşayırlar, övladlarını böyüdürlər, oğul evləndirib, qız köçürürlər. Lakin kompleks yanaşma olmadığından, bu ərazilərin torpaqları hələ də rəsmi sənədlərdə "kənd təsərrüfatı təyinatlı” torpaqlar olaraq qeydiyyatdadır. O səbəbdən də insanlar 20 ildən artıqdır ki, yaşadıqları evlərə qeydiyyata düşə bilmirlər. Bu problemi imkan qədər tez həll etmək lazımdır”.
Bakı və Bakıətrafı ərazilərdə təxminən 550 mindən artıq sənədsiz mənzilin mövcud olduğunu deyən Vətəndaş Cəmiyyətinə Dəstək İctimai Birliyinin sədri Vüqar Tofiqli bu mənzillərin sənədləşməsi ilə bağlı müvafiq komissiyanın yaradıldığını da bildirib. Onun sözlərinə görə, mənzillərin sənədləşməsi hər şeydən öncə vətəndaşların xeyrinə olacaq: "Sənədsiz mənzillər qrupuna qeyri-qanuni tikilmiş evlər, "xruşşovka” dediyimiz və digər binalardakı artırmalar daxildir.
Bütün bunlar sənədsiz hesab olunur. Bununla yanaşı, yeni tikilmiş evlərin də çoxu sənədsizdir. Hansı ki, bu gün orda yaşayış var. Bu problemin həlli üçün prezidentin göstərişi ilə komissiya yaradılıb və bununla bağlı müəyyən addımlar atılır. Komissiya işlər görməklə, öncə sakinlərin problemlərini həll etmiş olur. Məsələn, sahibkarlıqla məşğul olmaq istəyən şəxs artıq mənzilini girov qoyub kredit götürmək şansı qazanacaq. Kimsə övladlarına vəsiyyət edirsə, vərəsəlik problemi, həmçinin alqı-satqı məsələlərində proses sadələşmiş formada olacaq”.
V.Tofiqlinin sözlərinə görə, 550 min mənzilin sənədləşdirilməsi nəticəsində Bakı
və Bakıətrafı bələdiyyələrə il ərzində 1 milyondan artıq vəsait daxil ola bilər:
"Ona görə də qanunsuz tikililərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir. Əsas məsələ odur ki, 550 min mənzilin sənədləşdirilməsi dövlət büdcəsinə kifayət qədər müsbət təsir göstərəcək. Sənədləşmə prosesi ilk olaraq sakinlərin rahatlığı üçün müəyyən edilməlidir. İkinci bir tərəfdən isə dövlət büdcəsinə kifayət qədər vəsait daxil olur. Hesab edirəm ki, hər iki halda tikililərin sənədləşdirilməsinə ehtiyac var”.
"Qanunsuz adlanan, özbaşına tikilmiş tikililərin dərindən inventarizasiyası həyata keçirilməlidir”. Bunu isə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib. O qeyd edib ki, bundan sonra müxtəlif qərarlar qəbul etmək olar:
"Məsələn, qanunsuz tikili hansı təyinatlı torpaqda tikilib? Bu tikililər kommunikasiya xətlərinin altında və yaxud üzərindəmi inşa olunub? Hansısa mühafizə olunan zonanın yaxınlığındadırmı? — kimi təsnifatlaşdırılma aparılmalıdır. Məhz bunun nəticəsində müəyyən ediləcək ki, Azərbaycanda nə qədər tikili, harada yerləşir? Torpağın təyinatını dəyişdirməklə problem həll olunursa, bu, edilməlidir. Kommunikasiya xətlərinə problem yaradırsa, tədbir görülməlidir. Bunları reallaşdırmadan qərar qəbul etmək mümkün deyil. Çünki elə tikili var ki, yüksək gərginlikli elektrik xəttinin altında və ya kommunikasiya xəttinin üzərində inşa olunub. Belə tikililəri qanuniləşdirməyin tərəfdarı deyiləm. Vaxtilə yerli icra orqanları rüşvət alıb, evlərin tikilməsinə icazə veriblər. Bələdiyyə torpaqlarında inşa olunan tikililər də mövcuddur.
Torpağın təyinatı da imkan verir, amma ailələrin öz mülkiyyətlərində deyil. Vətəndaşlar həmin torpağ hansısa yolla zəbt ediblər, qeyri-qanuni şəkildə əldə ediblər. Bu halda torpaqları həmin şəxslərə bağışlamaq, güzəştli qiymətlərlə satmaq olar. Həmin ərazidə yaşayan insanlar torpaq üzərində mülkiyyət hüququnu əldə edəndən sonra, tikili normal parametrlərə uyğun gəlirsə, daşınmaz əmlak kimi reyestrə daxil edilə bilər”.
Yeganə Bayramova