"Məqsəd Türkiyənin imicinə zərbə vurmaqdır" - ŞƏRH

Tofiq Abbasov :"Aİ bir yandan Türkiyəni “sığallayır”, digər tərəfdən onu vurmağa çalışır. Bu yanaşmanın kökündə duran əsas məqam Türkiyəni Aİ-ə daxil edilməməsidir"



"Guya, Türkiyə cəmiyyətində demokratiya pozulub, insan hüquq və azadlıqları yoxdur”.

Bunu "Sherg.az”a Avstriya kansleri Sebastyan Kurtsun "Ankaranın yürütdüyü siyasət fonunda Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olması mümkünsüzdür” bəyanatını şərh edərkən politoloq Tofiq Abbasov deyib. 

O xatırladıb ki, Aİ-ni formalaşdıran ölkələr bunu inkişaf etmiş Avropa dövlətləri üçün nəzərdə tutmuşdular:

"Lakin sonralar müşahidə olundu ki, Angela Merkel, Nikola Sarkozi kimi siyasətçilər Avropanın gələcəyini genişlənmə siyasətində görürlər. Bu genişlənmə Türkiyənin sərhədlərinə dirəndikdə sanki "qırmızı işıq” yandırıldı. Emosional şəkildə bu məsələnin səsləndirilməsinin səbəbi isə Türkiyənin imicini zəiflətməkdir.

Aİ bir yandan Türkiyəni "sığallayır”, digər tərəfdən onu vurmağa çalışır. Bu yanaşmanın kökündə duran əsas məqam Türkiyəni Aİ-ə daxil edilməməsidir. Bu köhnə siyasətin yeni tərtibatıdır. Hər bir Avropa ölkəsində yeni gələn rəhbərlər "döymək”, "söymək”, tənqid etməyi sanki özləri üçün borc bilirlər.

Yeni Avstriya kanslerinin açıqlaması Türkiyədə məyusluq doğurmayacaq. Türkiyə özü inkişaf edən dövlətdir, müsəlman aləminin aparıcı dövlətlərindən biridir. Türkiyənin tərəfdaşları sırasında Avropa dövlətləri, ümumilikdə Aİ özü də var. İstəyirlər ki, Türkiyəni qəbul etsinlər, istəmirlər etməsinlər. Türkiyə öz yolu ilə gedən dövlətdir, inkişafı göz önündədir”.

Qeyd edək ki, Türkiyədə guya insan haqlarının pozulduğunu iddia edən S.Kurts bu ölkənin Aİ-yə üzvlüyünə dair danışıqlara son qoymağa çalışacağını deyib.

Aysel Aslan