Mesajlaşma fəlakət halına gəlib

Ailə, gender, demoqrafiya məsələlərinin işıqlandırılması



"Utanmırlar, yaşlı adam qalıb ayaq üstə, durub yer verən yoxdu!.. Başlarını salırlar aşağı, guya, görmürlər... Özlərini görməzliyə vururlar... Bunların axırı nə olacaq?!..” Metroda, avtobusda yaşlı adamların dilindən belə sözləri o qədər eşitmişik ki. Təəssüf!.. Yaşlıların - böyüklərin qınaq dolu baxışları cavanlara təsir etməyib. Və bunun ardınca, yenə gileylər: əvvəllər belə deyildi. Böyüyə hörmət-izzət vardı...

Nə oldu bizə?.. Niyə itirdik, o hörmət-izzəti, böyüklərə sayğını? İttihamlar qarşılıqlıdır. Böyüklər cavanları, cavanlar da böyükləri günahlandırır. Təxminən bu şəkildə; böyüklər cavanları uşaqları düzgün tərbiyə etməməkdə, cavanlarsa böyükləri yaxşı örnək olmamaqda suçlayır. Əslində, hər iki tərəfin haqlı olduğu məqamlar var. Əsrlərlə möhkəm ehkamlar üzərində bərqərar olmuş ailə ənənələrimiz dağılır və biz, demək olar ki, seyrçi rolundayıq.

Ailələrə internet təhlükəsi

Srağagün ANS televiziyası ilə Türkiyə kinematoqraflarının çəkdiyi "Gəlməyən bahar” filmi nümayiş olunurdu. Filmdə bir ailənin yaşamı əks edilmişdi. Eynən Azərbaycan reallığı idi. Heç bir fərqi yoxdu. Zatən qardaş ölkəyik. Adət-ənənələrimiz də eyni. Faciələrimiz də. Filmdə internetin, müasirləşmənin ailələrə yaşatdığı fəlakət ön planda idi. 18 yaşı yenicə tamam olmuş bir qız internetdə yazışmağı sevir. Bir gənc oğlanla tanış olur, bir müddət yazışırlar, sonra oğlan görüşmək istədiyini yazır, görüşürlər və oğlan gənc qıza təcavüz edir. Və qızın arzuları puç olur...

Eynən Azərbaycan mənzərəsi deyilmi?.. Son illər nə qədər gənc məhz internet, çatlaşma, sosial şəbəkələrdə yazışmaların qurbanı olub. Gənc qızların çatlaşma aludəçiliyinin evdən qaçmaqla nəticələnməsi, gənclərin sosial yazışma sonucu biri-birini bıçaqlaması hadisələri nə qədər desənizdi. Gəlinlərin evdən qaçmaları da son vaxtlar sanki dəb halını alıb.

Ötən il ərzində ailə-məişət məsələlərini əhatə edən hadisələri xatırlasaq, cavan gəlinlərin evdən qaçmaları, kişilərin həyat yoldaşlarını, həmçinin keçmiş həyat yoldaşlarını amansızlıqla qətlə yetirmələrinin çoxluq təşkil etdiyini görərik. Ötən ilin oktyabr ayında Şabranda 2 uşaq anası 21 yaşlı qadın başqa kişiyə qoşulub qaçmışdı. 5 ayın gəlininin evdən qaçması da yaddaqalan hadisələrdən idi. Gəlinin qayınanası demişdi ki, gəlini kiminləsə mobil telefonda sürəkli danışırmış. Bəlkə də yazışırmış?..

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova ailə dəyərlərimizin aşınmaya uğramasının bir çox səbəbləri olduğunu deyir:

- Bu tip hadisələrin statistikası təəssüf ki, artmaqdadır. Kişilər qadınları yoldan çıxarır, qadınlar kişiləri. Demirəm ki, əvvəllər belə hadisələr olmayıb. Əxlaqa, mənəviyyata zidd hərəkətlər hər zaman və bütün cəmiyyətlərdə mövcud olur. Amma hazırda sanki əxlaqsızlıq normaya çevrilməkdədir. İnsanlar utanmadan ailə gizlinlərini ictimaiyyətə ötürür, ailə məsələlərinin geniş müzakirə edilməsində maraqlı görünürlər. Dəyərlər sistemi dağılmaq üzrədir. Gənc qızla evlənirlər, 5-6 aydan sonra boşayırlar. Daha düşünmürlər ki, küçəyə buraxdığın bu gənc xanım ən əvvəl sənin namusundur. Evli qadınlarla əlaqə yaratmaq bəziləri üçün böyük "kişilik” hesab edilir. Bununla öyünürlər, bu barədə hamıya danışırlar. Xüsusi tip insanlar var ki, evli adamların həyatına müdaxilə etmək, ailə dağıtmaqdan sanki həzz alırlar, bunu özlərinə "peşə” seçənlər də var. Bəzən bu insanlar qadının, gənc xanımın yaşadığı qısamüddətli bədbinlikdən, ruh düşkünlüyündən məharətlə istifadə edirlər. Qadınla ünsiyyət qurur, görüşə çağırır, sonra da həyatını məhv edirlər. Qadınlar da hədsiz səhvlərə yol verir, daşıdıqları məsuliyyəti dərk etmirlər. Ona görə də biz həmişə bu təklifimizdə israr edirik ki, evlənməyə hazırlaşan cütlüklər psixoloq, sosioloq məsləhəti alsınlar. Ailə həyatına ciddi hazırlaşıb sonra birgə yaşayışa başlasınlar. Gənclər ailə həyatına hazır olmadıqlarından baş vermiş hansısa kiçik inciklik böyük qalmaqala çevrilir. Münasibətlər gərilir. Sonu da boşanma ilə nəticələnir.

Qadınlar "irəli” gedir, kişilər "geri”?

Sosioloq Əhməd Qəşəmoğlu isə fərqli düşünür:

- Təəssüflə qeyd etməliyəm ki, kişilər adət-ənənəyə daha çox bağlıdır, nəinki qadınlar. Qloballaşmanın, demokratikləşmənin əslində nə demək olduğunu bilməyənlər özünü bu axının içinə atıb. Qloballaşmanı açıq-saçıq geyinməkdə, gənc oğlanla gənc qız metroda, avtobusda biri-birinə sarmaşmış halda əyləşməkdə, demokratiyanı da "nə istəyirəm, edirəm” kimi başa düşürlər. Bunlar hamısı bizim indiyədək sahib olduğumuz ailə modelini, adət-ənənəni kökündən sarsıdan zərərli meyillərdir. Əfsus ki, bizim qadınlarımız qloballaşmanın təsiri altına daha tez düşürlər və sərbəstlik əldə etmək istəyirlər. Kişilərimiz isə bu prosesdə geri qalır. İnternet, mobil telefon, çatlaşma, mesajlaşma fəlakət halına gəlib. Maarifləndirmə səviyyəsi aşağı olduğundan biz bu gözəl texniki vasitələrdən, müasir texnologiyalardan səmərəli istifadəni bilmirik, düzgün istifadə etmirik. Avtobusa minirsən, 10 nəfərdən 8-i əlində telefon "oynadır”. Gah mesaj yazır, gah mesaj oxuyur, gah oyunlarla məşğuldur. Metroya minirsən, eyni vəziyyət. Səhərdən-axşamadək mesajlaşmaq, "facebook”da "oturmaq” olmaz axı! Bu, ədəbsizlikdi. Mədəniyyətsizlikdi. Hamı internet "xəstəliyinə” tutulub. Müasir texnologiyalar o zaman insana xeyir gətirir ki, ondan səmərəli istifadə olunur, bu texnologiyalar ciddi işlərin həyata keçirilməsində istifadə olunur. Bizdə isə tam əksidir. Gənclər, evdar qadınlar boşluqdan, işsizlikdən telefon, internet xəstəliyinə tutulublar, telefonda mesajlaşırlar, "facebook”da söhbətləşir. Bilirsiz, bütün bu məsələlərlə bağlı ciddi maarifləndirmə işləri aparılmalıdır. Ailələrə, gənclərə sağlam həyat tərzi mədəniyyəti aşılanmalıdır. 13-14 yaşlı oğlanlar, qızlar 1-2 dəfə bir-birilə telefonda danışır, mesajlaşır, yazışmaların təsiri altına düşür, ertəsi günü görüşür, evlənir, sonra da faciə ilə üzləşirlər. İnsanda qəribə bir psixoloji ovqat var. Yazışdığı, qiyabi tanış olduğu insanla mütləq görüşməyə can atır. Onun kimliyini bilmədən, hansı hadisənin baş verə biləcəyini təxmin etmədən. Əxlaqi dəyərlərimiz itmək üzrədir. Gənclər ədəb qaydalarını bilmirlər. Çünki onları heç kim öyrətmir. Ümumiyyətlə, son illər cəmiyyətimizdə öyrənmək meyli zəifləyib. Avtobusda, metroda gənclər ayağını ayağının üzərinə aşırıb əyləşir. Bir adam buna etiraz etmir, tənbeh etmir. Onlar da bu qənaətə gəlir ki, deməli, bu, normadır. Eləcə də başqa məsələlərdə. Atanın, ananın, özündən böyüyün yanında əxlaqsız söhbətlər edirlər. Bunların hamısının nəticəsidir ki, qurulan ailələr möhkəm olmur. Gənclər yüngül həyatı seçir. Problem artıq kritik xarakter almaqdadır. Məncə, dövlət orqanları da, ictimai institutlar da cəmiyyətdə gedən mənəvi deqradasiyanın qarşısını almaq barədə düşünməlidir. Bunun yolları var, bəllidir, sadəcə, işləmək lazımdır.

Evlənən çoxdu, yoxsa, boşanan?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü illə müqayisədə 2014-cü ildə nikahların sayı azalıb, boşanmaların sayı isə artıb. Ötən il Azərbaycanda 12,1 min nəfər boşanıb.
Ekspertlər səbəb kimi bir neçə amili göstərir. Məsələn, hüquqşünas Müzəffər Baxış boşanmaların əsas səbəbini təsadüfi nikahlar və iqtisadi çətinliklərdə görür:

- Tarixən Azərbaycanda ailə çox önəmli bir institut olub. Azərbaycan ailələri mükəmməl idi, çünki öz kökü üzərində qurulurdu. Amma ictimai münasibətlərin inkişafı, bəzi avrodəyərlərə lüzumsuz inteqrasiya ailə institutlarımızda dəyişkənliyə səbəb oldu. Azərbaycanda adətlər necə idi? Övlada oğula gəlini valideynlər seçərdi. Tanıdıqları, bildikləri ailələrdən qız soraqlayardılar, böyüklər irəli düşüb elçilik edərdi, adət-ənənə ilə toy edib gəlin gətirərdilər. Amma sonra nə oldu? Cavanlar internetdə tanış olmağa başladılar, bu gün adını öyrəndikləri ilə sabah evləndilər. Qız, oğlan fərqi yoxdu. Hamıya aiddir. Ona görə də ailələr möhkəmliyini itirdi.

Hüquqşünasın fikrincə, boşanmaların bir səbəbi də iqtisadi çətinliklərdir. Ailə başçısı ailəni təmin edə bilmirsə, özü də narahat olur, sınır, qadınlar da bəzən dözümsüzlük göstərirlər.

M.Baxış bildirir ki, boşanmaların başqa səbəbləri də var:

- Bir səbəb sonsuzluqdur, bir səbəb mənzil problemi. Azərbaycanda bağlanan nikahların 10-11 faizi rəsmi qaydada pozulur. Hələ nə qədər qeyri-rəsmi nikahlar və boşanmalar var. Məncə, dövlət ailələrin qorunması üçün konkret tədbirlər planı hazırlamalıdır. Gənc ailələrə güzəştli və uzunmüddətli kreditlərin verilməsi, mənzil təminatı, övlad sahibi olmaq istəyənlərə dövlət dəstəyi və s. vacib məsələlərdir.

Evimiz ayrı, köçümüz ayrı!..

Psixoloq Elnur Rüstəmov boşanmalara gətirib çıxaran səbəblər arasında cütlüklərin biri-birini yaxşı tanımaması, ailələrin birgə yaşam tərzinə adaptasiya mərhələsini adlaya bilməməsi və yaxın qohumların ailəyə bəzən yersiz müdaxiləsini göstərdi:

- Tanışlıq mərhələsində tərəflər əsasən özlərinin müsbət keyfiyyətlərini nümayiş etdirir, bəzən hətta yalançı "yaxşı” rolunu oynayırlar. Evləndikdə isə problem təbii qaydada özünü göstərməyə başlayır. Və xəyal qırıqlığı başlayır. "Mən belə təsəvvür etmirdim”, "Əvvəlcə belə deyildin, çox dəyişmisən” kimi ittihamlar səslənir. Cütlüklər tanış olduqları vaxt və nişanlı olduqları müddətdə göstərdikləri diqqəti evləndikləri zaman göstərmirlər. Bəlkə buna təbii yanaşmaq da olar. Nişanlı olmaqla, evli, ailəli olmaq arasında fərq var. Çox insan belə düşünür ki, artıq ailə qurulub, romantikaya, həyat yoldaşına nəvazişlə yanaşmasa da olar. Amma bu, səhv fikirdir. Qadın da, kişi də, hər zaman diqqət görmək istəyir. O cütlüklərin ailə həyatı uzun ömürlü və mənalı olur ki, onlar daim biri-birinə diqqətlə yanaşır, nəvaziş, qayğı göstərir. Biri-biri üçün əziz olduqlarını daim hərəkətləri ilə nümayiş etdirirlər. Ailələrə kənar müdaxilələr də boşanmalara səbəb olur. Cavan gəlinlər qayınananın müdaxiləsini sevmir, hesab edirlər ki, kimsə - hətta bu şəxs, həyat yoldaşının anasıdırsa belə, onun şəxsi həyatına, ailəsinə müdaxilə etməməlidir. Bilirsiz, müdaxilənin də növləri var. Ana və ya qayınana müdaxiləni elə incə bir şəkildə edə bilər ki, bu, heç hiss olunmaz, əksinə, kömək, yardım kimi qəbul olunar. Bunun üçün də insanlarımızın maariflənməsi, belə desək, "ailə təlimləri” alması gərəkdir. Amma biz görürük ki, son illər valideynlər övladları ilə məşğul olmur. Onları gələcək ailə həyatına hazırlamırlar.

Psixoloq evlənməyə hazırlaşan cütlüklərin, həmçinin ailədə gərginlik yaşandığı zaman psixoloqlara müraciət etməni vacib sayır:

- Bu işə peşəkarlar cəlb edilməlidir. Bəzən boşanmış cütlüklər bir müddət keçdikdən sonra peşmanlıq hissi keçirir, qərar verərkən tələsdiklərini anlayırlar. Amma artıq gec olur. Bəzən kişi, bəzən də qadın verdiyi qərarı pozmaq istəmir. Mənasız görünsə də, geri addım atmağa heysiyyətləri imkan vermir. Əslində isə, insanı düzgün başa salmaqla onu səhv yoldan çəkindirmək mümkündür. Bəlkə də gərginlik yaşandığı zaman kimsə onlara düzgün yol göstərsə, necə deyərlər, odun üstünə yağ yox, su töksə, ailələr dağılmaz, boşanmaların sayı artmaz.

Cütlüklər əvvəlcədən biri-birini yaxşı tanısalar, ailə qurduqdan sonra da çətinliklər qarşısında dözümlü davranarlar.
Sonda əziz peyğəmbərimiz Məhəmməd s.ə.s-dən nəql edilən bir hədisi nəzərinizə çatdırmaq istəyirəm. Hədisə görə, peyğəmbər qızı Fatiməni imam Əli ilə evləndirərkən deyir: Ey Əli, qızım Fatiməni sənə cariyə olaraq verirəm. Amma sən də ona kölə olmalısan”. Anlayanlar üçün burada böyük hikmət var.

Məlahət Rzayeva

Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir