Məsuliyyət vasitəçilərin üzərinə düşür

“Əgər Ermənistan buna imkan verməzsə, həmsədrlərin atəşkəs rejimini qoruyub saxlamaq istəyi puça çıxacaq və tezliklə müharibə başlayacaq”



ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyəti və bundan ürəklənən Ermənistanın həyasızlığı Azərbaycanın səbr kasasını doldurub. Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacızadə Minsk Qrupunun bütün ölkələrini Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün aktivlik nümayiş etdirməyə çağırıb. Nazirlik rəsmisi bəyan edib ki, Azərbaycanın həmsədr ölkələrdən əsas gözləntisi işğalçı Ermənistana təzyiq edilməsidir:

"Düşmən ölkənin destruktiv, danışıqlar prosesinə xələl gətirmək siyasəti əsas verir ki, bu ölkəyə məcburedici tədbirlər, o cümlədən sanksiyalar tətbiq edilsin”. Xatırladaq ki, uzun müddət danışıqlar prosesində qeyri-konstruktiv mövqe sərgiləyən Ermənistan girovlarımızın azad edilməsi ilə bağlı beynəlxalq güclər tərəfindən edilən çağırışlara da saymazyana yanaşıb.

XİN-in bəyanatını şərh edən Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elman Nəsirli "Şərq”ə verdiyi açıqlamada deyib ki, yenidən Amerika kəşf etməyə ehtiyac yoxdur. Bütün dünyaya, xüsusən də ATƏT-in Minsk Qrupuna bəllidir ki, Ermənistan işğalçı və təcavüzkar dövlətdir: "Məgər 20 ildən artıqdır münaqişənin həllində vasitəçilik edən həmsədrlər bilmirlərmi ki, ermənilər Azərbaycanın 17 min kvadrat kilometr ərazisini işğal ediblər?! Ermənistan 2009-cu ilin dekabr ayında Afinada irəli sürülən yenilənmiş Madrid prinsiplərinə yaxın durmur. Halbuki bu prinsiplər elə ermənilər tərəfdən təklif olunmuşdu. Son əsas təkliflərdən biri isə "böyük sülh sazişi” üzrə danışıqlara başlamaq idi. Hətta həmsədr ölkələrdən Fransa prezidenti Fransua Ollandın analoji təklifi də qəbul edilmədi. Nəinki qəbul edilmədi, üstəlik, bu təklifin ardınca Ermənistan işğal etdiyi torpaqlarımızda 47 minlik hərbi qüvvə ilə təlimlər keçirdi və helikopter təxribatını törətdi. Ermənilərin girovlarımız üzərində qondarma məhkəmə prosesi qurması və onlara "iş kəsməsi” isə hədsizliyin son nöqtəsi oldu. Ermənistan ABŞ Dövlət katibinin köməkçisi Viktoriya Nullandın çağırışına belə məhəl qoymadı”.

E.Nəsirlinin sözlərinə görə, Ermənistanın açıq şəkildə həyata keçirdiyi aqressiv siyasət hər kəsə bəllidir. Ancaq həmsədrlər bu faktı görsələr də, düşmən ölkəyə qarşı heç bir addım atmırlar: "Nəticədə təcavüzkar dövlət daha da şirnikləşir. Ona görə də indiki halda məsuliyyət Ermənistandan daha çox proseslərə göz yuman vasitəçi dövlətlərin üzərinə düşür. Çünki Ermənistan olaylardan nəticə çıxarır. Görür ki, işğalçılıq siyasətini davam etdirməsinə və münaqişənin sülh yolu ilə həllinə maneçilik törətməsinə baxmayaraq, onlara "gözün üstə qaşın var” deyən yoxdur. Belə şəraitdə Ermənistanı necə sülh danışıqlarına çəkmək olar?”.

Həmsədrlik institutunun özünü doğrultmadığını deyən politoloq deyib ki, sırf bu səbəbdən Azərbaycan tərəfi Almaniya və Türkiyənin iştirakı ilə sədrlər şurasının yaradılmasını istəyir: "Həmin ölkələrin prosesə cəlb edilməsi müəyyən dinamizm yarada bilər. Əgər Ermənistan buna imkan verməzsə, həmsədrlərin atəşkəs rejimini qoruyub saxlamaq istəyi puça çıxacaq və tezliklə müharibə başlayacaq. Ondan sonra isə hadisələr ən mürəkkəb sseaniri üzrə inkişaf edəcək. Bu baxımdan həmsədrlərin üzərinə əvvəlkindən də böyük məsuliyyət düşür”.

İsmayıl