Mətbuatın reklam bazarı “ölüb”

İri şirkət və biznes strukturları çap mətbuatına deyil, televiziyalara üstünlük verirlər



(Əvvəli ötən sayımızda)

Ölkə mətbuatının ən böyük problemlərindən biri də onun reklam bazarının tam formalaşmamasıdır. Bu məsələ dəfələrlə media ekspertləri, qəzet rəhbərləri və hətta dövlət rəsmiləri səviyyəsində müzakirə olunsa da, konkret nəticənin şahidi olmuruq. İndiyə qədər səslənən təkliflər bu problemin aradan qaldırılmasına müsbət təsir göstərə bilmir. Bu səbəbdən ölkə mediasında reklam bazarının durumu qənaətbəxş sayılmır.

Çünki dünyanın əksər ölkələrində reklam şirkətləri elektron və çap mətbuatı ilə əməkdaşlıqda maraqlı olduğu halda Azərbaycanda bu iş çox zəif qurulub. Faktiki olaraq qəzetlər və saytlar reklam bazarında televiziyalara uduzur. Belə olan təqdirdə maraqlı bir sual ortaya çıxır ki, şirkət məhsullarının reklamı üçün qəzet və portallar niyə uyğun sahə sayılmır? Təbii ki, bunu şirkətlərin öz məhsullarının reklama ehtiyacının olmaması və ya şirkətlərin reklam strategiyasının zəifliyi ilə izah etmək sadəlövhlük olardı. Hətta reklam bazarında canlanma yaratmaq məqsədilə xüsusi fondun yaradılması və bu qurum vasitəsilə qəzetlər arasında ədalətli reklam təminatını əks etdirən təkliflər verilsə də, irəliyə doğru addım gözə dəymir. Elə isə, hazırkı KİV bolluğunda qəzet və saytlar reklamlara çıxışı necə əldə etməlidirlər? Sualımızı cavablandıran "Azvision”.az saytının baş redaktoru Vüsal Məmmədov bildirdi ki, reklam bazarında ixtisaslaşma olmalıdır: "Məsələn, əhalinin kasıb təbəqəsinin oxuduğu qəzetdə bahalı paltar brendinin, ya premium-klass avtomobilin reklamını verməyin mənası yoxdur. Orada məhz elə malların reklamı verilməlidir ki, həmin qəzetin auditoriyası üçün maraq doğura bilər və həmin oxucuların gələcəkdə o malın alıcısı olmaları mümkündür. Azərbaycanda belə ixtisaslaşma getməyib”.

Baş yazarın sözlərinə görə, ölkəmizdə hansı KİV-nin hansı auditoriya üçün işlədiyi məlum deyil: "Ona görə də reklam bazarında elə ilk addımdanca anlaşılmazlıq yaranır. Reklam verən üçün dəqiq informasiya olmalıdır: bu reklamı kimlər görəcək? Başqa ölkələrdə iş belə qurulub ki, məsələn, ancaq işgüzar təbəqəyə ünvanlanmış nəşrlər var, orada b2b (business-to-business) reklamlar verilir. Yaxud, orta təbəqənin özünə rəva görə biləcəyi mallar - bahalı kostyumlar, saatlar, ayaqqabılar reklam olunur. Siz gətirib məsələn, "Yeni Müsavat” qəzetində həmin malları reklam etsəniz, bu, nonsensdir. Çünki o qəzetin auditoriyasının həyat tərzinə uyğun mallar deyil. Yaxud, qadınlar üçün nəzərdə tutulan mallar xüsusi qadın jurnallarında reklam olunur. Əvvəlcədən bilinməlidir ki, bir nəşrin auditoriyası kimlərdir, təxmini aylıq gəlirləri nədir, hansı malları işlədirlər... Bundan sonra ikinci addımı atmaq olar. Amma Azərbaycanda hansı nəşr özü haqqında bu məlumatları deyə bilər? Heç biri, çünki özləri də bilmirlər”.

V.Məmmədovun qənaətincə, Azərbaycanda əksər qəzetlərin tirajı çox aşağıdır və bu səbəbdən reklam verənlər üçün maraq doğurmurlar: "Tanınmış saytlarda gündəlik oxucu sayı 30.000 ətrafında və daha çox olduğu halda, qəzetlərin çoxu 2-3 min tirajla çıxır, onun da əksəriyyəti satılmır. Yəni etiraf etmək lazımdır ki, Azərbaycanda qəzetlər reklam ala bilmək uğrunda mübarizə aparacaq səviyyədə deyillər”.

"Modern”.az saytının baş direktoru Elşad Eyvazlı söyləyib ki, bəzi xəbər saytları oxucu deyil, müxtəlif yollarla "İp”ni qaldırıb şirkətlərdən reklam alırlar: "Bəzi şirkətlər də "İp”si cüzi olan xəbər saytlarına reklam verirlər. Adam bunu görəndə lap dəhşətə gəlir. Bu onu göstərir ki, sayta hər hansısa bir şirkətdən reklam almaq üçün gərək, özünün şəxsi imkanlarından istifadə edəsən. Azərbaycanda reklam bazarında ciddi problemlər hələ də yaşanır. Bu gün media orqanlarına reklam verən şirkət özlərinin xeyri deyil, əksinə, şəxsi münasibətlərə daha çox üstünlük verirlər. Hər bir xarici ölkələrdə iri transmilli və eyni zamanda yerli şirkətlər sosial məsələlərlə bağlı vəsait ayırırlar. Bu vəsaitlərin müəyyən hissəsi mediada reklam məsələsinə yönəldilib. Azərbaycan mediasının bu məsələdə Türkiyə təcrübəsindən yararlanması kifayət qədər yaxşı hal olardı. Hesab edirəm ki, bu da saytların və qəzetlərin inkişafına müəyyən dərəcədə müsbət təsir göstərə bilər.

"Üç nöqtə” qəzetinin redaktoru Elməddin Muradlı düşünür ki, reklam deyəndə ilk ağla gələn televiziya və radio reklamları olur. Bunun səbəbi isə, qəzetlərdə reklamın az, bəzən isə heç olmamasıdır: "Onların maddi problemlərinin əsas səbəblərindən biri də reklamlarla əlaqədardır. Reklam almayan qəzet kimdənsə asılı olur, bu da onun müstəqilliyini şübhə altına salır. Qəzetlərin unudulması da reklam sahəsindəki monopoliyadan irəli gəlir. Həqiqətən, reklam deyəndə çoxlarının ağlına o gəlir ki, telekanallarda reklam vermək lazımdır. Yazılı və elektron media çox vaxt unudulur. Düzdür, son vaxtlar elektron mediada reklam bir qədər inkişaf edib, lakin qəzetlər bu sarıdan çox çətinlik çəkirlər. Bizim media rəhbərləri bu qərara gəldi ki, reklam işini tənzimləmək üçün nəsə etmək lazımdır. Yazılı mətbuata da reklam verilsin, həm də yazılı mətbuat arasında reklam məsələsində ayrı-seçkilik olmasın. Amma bunun da bir nəticəsi olmadı. Çünki dediyim kimi, reklam sahəsi monopoliyadadır və bizim ora əlimiz çatmır. Bəlkə də, əlimiz çatsa, kəsərlər”.

Reklam bazarındakı vəziyyətin mətbuata da təsirsiz ötüşmədiyini bildirən reklam sahəsi üzrə ekspert Hacıəmi Atakişiyev hesab edir ki, indiki halda ölkənin əksər ciddi qəzetləri reklam tapmaqda çətinlik çəkir: "Bəzi qəzetlərin reklam agentləri şirkətlərdən reklam almağa çalışır. Azad iqtisadiyyata malik olan ölkələrdə mətbuatın əsas gəlir mənbəyi reklamlar, bir də ki, nəşrin satışından əldə etdiyi gəlirlər hesab olunur. Belə ölkələrdə qəzetlərin gəlirlərinin 85 faizi reklamlardan, 15 faizi isə nəşrin satışının reallaşdırılmasından asılı olur. Azərbaycanda isə qəzetlər ən yaxşı halda böyük şirkətlərin bayram təbriklərinə ümid edə bilirlər”.

Ekspert statistikaya istinad edərək son illər Azərbaycanın reklam bazarının böyüdüyünü iddia etsə də, bu böyümədən yazılı mətbuata pay düşmədiyini də qeyd edir: "Televiziya və radio kanallarının reklam həcmi artsa da, mətbuat reklamlarının həcmini genişləndirə bilmir. Bu sahədə rəqəmlər uzun illərdir ki, dəyişməz vəziyyətdə qalırsa, deməli, reklam bazarında heç bir inkişaf yoxdur. Ölkədə yüksək tempdə iqtisadi inkişaf gedirsə, onda reklam olunan məhsulların da sayı yüksəldilməlidir. Proses isə əksinə gedir”.

Ekspert Qadir İbrahimli iddia edir ki, medianın reklam bazarına çıxış imkanlarının olmaması Azərbaycan mediasının ən böyük problemlərindən biridir: "Dünya praktikasında mətbuatın gəlirlərinin çox əhəmiyyətli kəsimi reklam gəlirlərinin payına düşür. Tutaq ki, Almaniyada medianın gəlirlərinin 40 faizi reklam hesabına olur. Reklam faizi 50-60 faiz olan ölkələr də var. Yəni satış və abunədən gələn gəlirlər adətən bir qədər az olur. Ancaq bizdə isə qəzetin gəlirlərinin 90-95 faizi birbaşa satışın və abunənin payına düşür. Bunun nəticəsi olaraq Azərbaycanda qəzetlər biznes növü kimi ola bilmirlər. Onlar çoxsaylı manevr imkanlarına malik olmurlar, inkişaf edə bilmirlər. Çünki qəzet təkcə satışdan gələn gəlirlər hesabına problemlərini həll edə bilməz. Böyük əməkhaqqı fondunun, ofisin saxlanılması, texniki xərclərin qarşılanması və sair kimi problemləri qarşılamaq çətindir. Nazirliklərin sosial reklam büdcəsi var, bu, çox məhdud bir media quruluşlarına, hökumətyönlü mediaya verilir. Hökumət yaxşı olardı ki, sosial reklamların həcmini artırsın və həmin sosial reklamlar ölkənin tanınmış, ictimai rəyə təsir edən media quruluşları arasında bölüşdürülsün. Həmin reklamların hesabına qəzetin maddi-texniki bazasını genişləndirmək, inkişaf etdirmək olar. Yaxşı olar ki, bütün KİV-lər bundan faydalana bilsinlər”.

Müstəqil Media İnstitutunun rəhbəri Əlişir Əhədin fikrincə, bir çox şirkətlər reklam verməkdən çəkinirlər: "Qorxurlar ki, reklamları sayt və qəzetlərdə çıxandan sonra vergi müfəttişləri kəsdirəcəklər başlarının üstünü. Azərbaycanda fəaliyyət göstərən iri şirkətlər yalnız bayramdan- bayrama bir neçə qəzetə təbrik verir. Ona görə də bu problemin həlli dövlət səviyyəsində həll olunmalıdır”. Vətəninfo.az saytının rəhbəri Nahid Canbaxışlı isə bildirib ki, bu məsələnin həllinə dair media kapitanları xüsusi bir qurum yaratmalıdırlar: "Yəni bir qəzetin əldə etdiyi reklam onunla əməkdaşlıq edən digər qəzetlərdə də verilsin. Bu qurumda birləşən qəzetlər bu məsələdə bir-birlərinə dayaq dura bilsinlər. Yoxsa ayrı-ayrılıqda hər bir qəzet reklam tapmaqda çətinlik çəkir”.

Oxucu.info-nun rəhbəri Məhərrəm Ağalaroğlu isə zənn edir ki, sayt açmazdan öncə asanlıqla reklam bazarına daxil olacağını düşünürdü: "Sayt fəaliyyətə başlayandan bəri reklam tapa bilmirəm. Hansı şirkətin qapısını açıramsa, razılaşmırlar. Hətta digər sayt və portallardan qat-qat aşağı qiymətlər təklif edirəm, yenə də razılaşmırlar. Onların əksəriyyəti qəzet və saytlara reklam verməkdənsə, televiziyalara üz tutmağı daha üstün tuturlar. Çünki televiziyaların auditoriyası daha genişdir. Bizə yalnız seçkidən-seçkiyə reklam verə bilərlər. Onu da hər sayta vermirlər. Fikir vermişəm, seçki öncəsi bəzi sayt və portallar, eləcə də qəzetlər namizədlərlə bağlı yazılar dərc edirlər ki, gələcəkdə onlara reklam versinlər. Yəni təxmin edirlər ki, bu insan seçkilərdə namizəd ola bilər. Beləcə, 5 ildən bir reklam ala bilirlər”.

"Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin qənaətincə, reklam bazarı barədə artıq bütün iş adamlarında belə bir ənənə və fikir formalaşıb ki, birdən hansısa bir müstəqil mətbuata reklam verərlərsə, yuxarıların buna qarşı münasibəti pis ola bilər. Ona görə də onlar müstəqil mətbuata reklam vermirlər.

"Gündəlik Bakı” qəzetinin baş redaktorunun müavini Ülvin Məhəmməd bəyan edib ki, hazırda ölkənin əksər ciddi qəzetləri reklam tapmaqda çətinlik çəkir: "Bəzi qəzetlərin reklam agentləri şirkətlərdən reklam almağa çalışır. Azad iqtisadiyyata malik olan ölkələrdə mətbuatın əsas gəlir mənbəyi reklamlar, bir də ki, nəşrin satışından əldə etdiyi gəlirlər hesab olunur. Belə ölkələrdə qəzetlərin gəlirlərinin 85 faizi reklamlardan, 15 faizi isə nəşrin satışının reallaşdırılmasından asılı olur. Azərbaycanda isə qəzetlər ən yaxşı halda böyük şirkətlərin bayram təbriklərinə ümid edə bilirlər. Məndə olan məlumata görə, əvvəllər mətbuatın reklam bazarının ümumi həcmi 25 milyon dollar idisə, indi 40 milyon manata çatıb. Amma bu böyümədən yazılı mətbuata pay düşmür. Belə ki, televiziya və radio kanallarının reklam həcmi artsa da, mətbuat reklamlarının həcmini artıra bilmir. Ona görə də ayrıca qurum yaratmaqla reklamın mətbuat orqanları arasında bərabər bölünməsinə nail olmaq mümkündür. Amma arzulayardım ki, belə bir təklif reallaşacağı təqdirdə bundan kimlərsə sui-istifadə etməsinlər. Bütün mətbuat orqanlarına eyni gözlə baxılsa və reklamlar onlar arasında bərabər bölünsə, mətbuatın inkişafında bu qurum böyük rol oynamış olar”.

Media eksperti Elnur Baimov reklamın qəzetlərdən daha çox elektron və ya internet mediada yer almasına münasibət bildirərək bunu elektron medianın ənənəvi media ilə müqayisədə auditoriyasının daha az olması ilə izah edir: "Ziyarət olunan saytlarda xəbəri yerləşdirən kimi dərhal neçə min adam oxuyur. Sözsüz ki, bu məsələdə qəzet uduzur. Sadəcə qəzetin üstünlüyü odur ki, onun spesifik auditoriyası var. Bundan əlavə, bizdə bazar, məsələn, Türkiyə qəzetçiliyi ilə müqayisədə fərqlidir. Məsələn, onlar öz qəzetlərinə tanınmış köşə yazarlarını cəlb edir, onlara böyük məbləğdə pullar verirlər və s. Onlar dəyərli qələm sahiblərini transfer edərək və hətta yazılarını belə satınalma ilə xalqa çatdıraraq reklam paylarını artırırlar”.

(davamı var)

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb