Metroda bəzi məhsulların satışı mümkün olacaq

Hərəkətə maneə yaratmayan və zövqləri korlamayan reklamların yerləşdirilməsinə də icazə veriləcək




"Bakı Metropolitenində bəzi məhsulların satışı ticarətin yenidən bərpası demək deyil. Biz əvvəlki formada metrolarda ticarəti bərpa etmək niyyətində deyilik. "Hazırda "Koroğlu” stansiyasının çıxış hissəsində kitab mağazası fəaliyyət göstərir”.

Bu fikirləri "Şərq”ə Bakı Metropoliteninin mətbuat sözçüsü Nəsimi Paşayev bildirib. N.Paşayev gələcəkdə metro stansiyaların təmir-bərpa işləri zamanı sərnişin hərəkətinə mane olmayan müəyyən stansiyalarda məhdud sayda bu tipli obyektlərin tikintisini planlaşdırdıqlarını söyləyib: "Belə yerlərdə kitab, gül satışı həyata keçiriləcək. Həmçinin əhalinin tapa biləcəyi dərmanların satışı üçün apteklər fəaliyyət göstərəcək. Bundan əlavə isə su, çay, kofe və sərinləşdirici içkilər almaq üçün çoxfunksiyalı aparatlar quraşdırılacaq”.

Qurum rəsmisi reklamların yenidən bərpa edilməsinə də aydınlıq gətirib: "Bütün dünya praktikasında olduğu kimi metroda sərnişinlərin hərəkətinə maneə yaratmayan və zövqlərini korlamayan reklamların yerləşdirilməsinə icazə veriləcək. Sadəcə bu reklamlar daha müasir və standart formalarda, sərnişinlərin zövqlərinə uyğun olacaq. Reklam işləri ilə bağlı isə Metropolitenin strukturuna daxil olan şirkət birbaşa sifarişçilərdən reklamları qəbul edib yerləşdirəcək”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov belə bir addımın atılmasını dəstəkləyir: "Hətta platformalar arası yerlərdə belə avtomatlaşdırılmış formada sərinləşdirici içkilər və "fast food” yeməkləri satışa çıxarılır. Gediş-gəlişə mane olmayan fövqəladə hallar zamanı xilasetmə proseslərinə mane olmamaq şərti ilə belə obyektlər yaradıla bilər”.

Vüqar Şahinoğlu