Metroda fransız qatarları görünəcək

“Bu vaqonlar həm xarici görkəminə, həm də texniki keyfiyyətlərinə və komfortluğuna görə digər vaqonlardan xeyli fərqlənəcək”



Bakı Metropoliteni yeni fransız vaqonları alıb. Bu qatarlar ilkin olaraq "Avtovağzal-Memar Əcəmi-2” stansiyaları üçün nəzərdə tutulub.

Ölkəyə gətirilən fransız qatarları haqqında "Şərq”ə danışan "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, yeni tipli qatarlardan ilkin olaraq "Avtovağzal-Memar Əcəmi-2” stansiyaları üçün hər biri 5 vaqondan ibarət olacaq 3 qatar tərkibi gətiriləcək: "Həmin stansiyalar açılanda ilk o qatarlar hərəkət edəcək. Bununla bağlı Fransanın "Alstom” şirkəti ilə müqavilə bağlanıb. Bu vaqonlar həm xarici görkəminə, həm də texniki keyfiyyətlərinə və komfortluğuna görə digər vaqonlardan xeyli fərqlənəcək. Gələcəkdə açılacaq bütün metro xətlərində və stansiyalarında yeni qatarlardan istifadə ediləcək”. Lakin N.Paşayev gətirilmiş yeni qatarların sürətli metro xəttinə aidiyyəti olmadığını açıqlayıb: "Çünki sürət interval qrafiki ilə tənzimlənir. Lakin gələcəkdə "28 may” stansiyasında iki xətt kəsişməsində tunel tam tikilib qurtardıqdan sonra qatarların sürətini artırıb-azaltmaq mümkündür”. Qatarlara xərclənən vəsaitin nə qədər olduğunu soruşduqda, metropoliten rəsmisi bundan məlumatsız olduğunu söyləyib. Məlumat üçün bildirək ki, yeni model metro qatarlar olan 81-760-761A tipli vaqonlarında fotolardan göründüyü kimi bir-birinə birbaşa keçid imkanı mövcuddur. Həmçinin bu tipli vaqonlarda havalandırma sistemləri və kondisionerlər quraşdırılıb.

Vüqar Şahinoğlu