“Metsamor” regionda yerləşən ən ciddi təhlükə mənbəyidir

“Yaxşı ki, son dönəmlər bu təhlükəni Avropanın qurumları da görməyə başlayıb”


Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə ikitərəfli münasibətlərə dair şöbə müdirinin müavini Dirk Lorents Ermənistandakı "Metsamor” AES-in olduqca təhlükəli olduğuna diqqət çəkib. Avropalı siyasətçinin sözlərinə görə, Ermənistanın Atom Elektrik Stansiyası tez bir vaxtda bağlanmalıdır:

"Təhlükəsizliyə dair beynəlxalq tələblərə cavab vermək üçün AES-in vəziyyətini yaxşılaşdırmaq mümkün deyil”. Məlumat üçün deyək ki, bu, Avropa İttifaqının rəsmi şəxsləri arasında Ermənistana qarşı irəli sürülən ilk tələb deyil. Bir neçə gün əvvəl təşkilatın digər nümayəndəsi də İrəvana qarşı belə bir tələb irəli sürüb. Ümumiyyətlə isə uzun zamandır sözügedən stansiyanın təhlükə mənbəyi olması ilə bağlı xəbərdarlıqlar edilir. Ekspertlərin fikrincə, "Metsamor”dakı kiçik qəza region ölkələri üçün ciddi faciəyə səbəb ola bilər. Təəssüflər olsun ki, Ermənistanın cinayətkar hakimiyyəti heç bir xəbərdarlığa məhəl qoymadan stansiyanın istismarını davam etdirir. Ona görə də tələb olunur ki, düşmən ölkənin təhlükəli israrından dolayı Ermənistana təzyiq göstərilməlidir.

Məsələ barədə "Şərq”ə açıqlama verən "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Avropa İttifaqının tələbini müsbət dəyərləndirib. Onun sözlərinə görə, "Metsamor” AES həqiqətən regionda yerləşən ölkələr üçün ciddi təhlükə mənbəyidir:

"Yaxşı ki, son dönəmlər bu təhlükəni Avropanın qurumları da görməyə başlayıb. Lakin unutmayaq ki, Ermənistanın militarist və işğalçı rejimi bu AES-dən imtina etmək fikrində deyil. Daha doğrusu, bunun səlahiyyəti düşmən ölkədə deyil. Burada Rusiyanın icazəsi əsas şərtdir. Avropa İttifaqı əgər həqiqətən "Metsamor”dan qurtulmaq istəyirsə, Ermənistanın protektoru Rusiya ilə masa arxasına oturmalıdır. 

Düşünmürəm ki, "Metsamor”a görə Ermənistana sanksiyalar tətbiq ediləcək. Lakin Rusiya-Qərb qarşıdurması dərinləşdikcə, Ermənistana Avropa tərəfindən təzyiqlər arta bilər. Əlbəttə ki, bu durumdan Azərbaycan istifadə etməlidir”.

İsmayıl