Məzarlar bir-birinə oxşayacaq, amma...

Özəl qəbiristanlıqlar yaranacaqsa, istər- istəməz bölgü yaranacaq



Millət vəkili Musa Quliyev qəbiristanlıqlarla bağlı yeni təkliflər hazırlandığını bildirib. Bu barədə açıqlama verən millət vəkili qeyd edib ki, hazırda qəbiristanlıqlar ya dövlət, ya da bələdiyyələrin nəzarətindədir. Təklif bundan ibarətdir ki, dövlət qəbiristanlıqlarında məzarlar eyni ölçüdə, eyni materialdan olacaq. Qəbiristanlığa nəzarət edən qurum tərəfindən hansı yer münasib bilinəcəksə, məzar da orada qazılacaq.

Daha kimsə, qohumlarının biri-birinin yanında dəfnini tələb etməməlidir. Bununla yanaşı, millət vəkili başqa bir təklif də irəli sürüb. Onun fikrincə, dövlət və bələdiyyə qəbiristanlıqları ilə yanaşı, özəl qəbiristanlıqlar da ola bilər. Özəl qəbiristanlıqların "özəlliyi” ondan ibarət olacaq ki, qohumların bir yerdə dəfn olunmasını, məzarın və başdaşının bahalı materialdan hazırlanmasını istəyənlər ora müraciət edəcək, hətta abidə və sərdabə də inşa etdirə biləcəklər.

M.Quliyevin belə bir təkliflə çıxış etməsi birmənalı qarşılanmayıb. Bir halda ki, dava israfçılığa qarşıdır, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi standart qəbirlər təklifi ilə çıxış edir, təkrar abidə və sərdabələrə izin verilməsi necə başa düşülməlidir? Belə çıxır ki, varlılar və kasıblar qəbiristanlıqları yaranacaq?! Pulu, maddi imkanı olanlar özəl qəbiristanlıqlarda istədikləri məzar daşı və abidəni sifariş edəcək, imkansızlar isə doğmalarını "kasıbyana” dəfn edəcəklər? "İsrafçılığa qarşı mübarizə”nin qayəsi bumu?

Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz din xadimləri və ilahiyyatçılar da məzarlıqlarla bağlı ayrı-seçkiliyin yaranmasını məqbul saymadıqlarını bildirdilər.

"Şərq”ə açıqlamasında ilahiyyatçı Hacı Atif İsmayılov qeyd etdi ki, özəl qəbiristanlıqların yaradılması əlavə işdir:

- Özəl qəbiristanlıqların yaradılmasına ehtiyac yoxdur. Əgər biz islam qaydalarına düzgün riayət edilməsindən danışırıqsa, ayrı-seçkilik salmamalıyıq. Bu təklif dinin içində bəzi dindən çıxanlara cəlbedici görünə bilər. Məlum məsələdir ki, islamda məzarın təmtəraqlı olması, yüksək başdaşlarının qoyulması bəyənilmir. Qəbiristanlıqlarla bağlı vahid formanın yaradılmasında məqsəd dini qaydalara uyğunlaşmaqdırsa, gərək bu, hamıya şamil edilsin.

İstər ehsan süfrələri, istərsə də, qəbir daşları ilə bağlı ortaq rəyin formalaşmasına nail olunmaması səbəbini A.İsmayılov belə izah etdi:

- Dini və şəriət məsələlərində ən əvvəl dindar kütlələrin nəzərləri diqqətə alınmalıdır. Və bu işlər peşəkarlara, dini qaydalara bələd olanlara həvalə edilməlidir. Belə olmadığından müəyyən məsələlərdə fikir ayrılıqları ortaya çıxır. Dini məsələlərdə ilk öncə Qafqaz Müsəlmanları İdarəsinin görüşləri və rəyi nəzərə alınmalıdır. Çünki dini məsələləri idarə daha yaxşı bilir. Dini məsələlərlə bağlı təkliflər də QMİ tərəfindən irəli sürülməlidir.

"Mənəvi Dünya” İctimai Birliyinin rəhbəri, ilahiyyatçı Hacı Şahin Həsənli isə dini maarifləndirmənin gücləndirilməsinə ehtiyac olduğunu dedi:

- Nəyinsə məcburi şəkildə təqdim edilməsi heç vaxt lazım olan nəticəni vermir. Özəl qəbiristanlıqların yaradılması təklifi, ola bilsin, icbariliyin qarşısının alınması məqsədi daşıyır. Əgər özəl qəbiristanlıqlar yaranacaqsa, istər-istəməz bölgü yaranacaq. Sadə və təmtəraqlı qəbiristanlıqlar olacaq. Bu da dini baxımdan düzgün deyil. İslami qaydalara görə, qəbir mümkün qədər sadə olmalıdır. Övliyalar, ziyarətgahlar istisna olmaqla dinimizdə təmtəraqlı başdaşlarının, qəbirlərin olması pislənir. Sadəcə, insanlara bunun bəyənilməyən əməl olduğunu anlatmaq lazımdır. İsrafçılıq Allah-təala yanında bəyənilməyən əməldir. Rəbbimiz bəndələrini israfçılıqdan çəkindirir. Təmtəraqlı məzar düzəltdirmək, məzarın üzərində abidə qoymaq, sərdabə tikdirmək də israfçılıqdır. Çünki bu, ayrı-seçkiliyə səbəb olur. Bəndənin mal-dövlətinin nümayişi hesab edilir ki, bu da islamın bərabərlik prinsipinə ziddir. Deməli, israfçılıq Allah yanında bəyənilməyən əməldir. İsrafçılığı təkcə qanunla, rəsmi qərarlarla qadağan etmək yox, həm də maarifçilik yoluyla insanlara başa salmaq lazımdır. İşin birtərəfli görülməsi lazım olan nəticəni verə bilməyəcək.

Ehsan və qəbirdaşları məsələsində ortaq rəyə gəlinməməsi səbəblərinə gəlincə, H.Ş.Həsənli, əksinə, dini sahədə fəaliyyət göstərən 2 qurumun həmfikir olduğunu bildirdi:

- Bu, səhv yanaşmadır ki, guya, Qafqaz Müsəlmanları İdarəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi eyni mövqe nümayiş etdirmir. Həm ehsan, həm də qəbirdaşları məsələsində hər iki qurumun da rəyi budur ki, məsələlər tövsiyə yolu ilə həllini tapmalıdır. Burada geniş təbliğat işinə ehtiyac var. Bunu da məclislərdə iştirak edən din xadimləri insanlara anlatmalıdır.

Məlahət Rzayeva