Millət vəkili: "Çalışmalıyıq ki, işsizlik, yoxsulluq qat-qat aşağı düşsün"





"Dövlət dünyasını dəyişən vətəndaşlarının dəfn edilməsi, mərasimlərinin keçirilməsi məsələsində də ictimai çağırışlar qarşısında qalır”.

Bunu "Sherg.az”a Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti çərçivəsində dövlət tərəfindən aztəminatlı ailələrə dəfn xərclərinin ödənilməsindən danışarkən millət vəkili Zahid Oruc deyib.

 O vurğulayıb ki, bəzi ailələrin yaxını ölən zaman islam aləmi üçün tələb edilən ritualları yerinə yetirməyə imkanı olmadıqda dövlət dəstək ola bilər:

"Son illərdə məlum sümürgən ehsan məsələsi aradan qaldırılıb. Buna rəğmən hər halda mərasim yerinin düzəldilməsindən tutmuş, baş sağlığı verənlərin qarşılanmasına qədər müəyyən xərclər tələb edir. Bununla bağlı qeyd edilən istiqamətdə addımlar atılması çox humanist, müsbət addım olardı. 

Dövlət öz vətəndaşının yanında dayanır, kədərini bölüşür. Amma çalışmalıyıq ki, müəyyən kriteriyalarla ölçülən işsizlik, yoxsulluq halları qat-qat aşağı düşsün. Bununla dövlətin əsas proqramları insanları bu dünyada yaxşı yaşatmağa yönəlsin.

İnkişaf etmiş ölkələrdə də aşağı gəlirə malik insanlar yaşayır. Sırf ərzaq yardımı həyata keçirən kontorlar var ki, həmin şəxsləri təmin edir. Qərb ölkələrində dövlət kasıb insanlarının dəfn xərclərini üzərinə götürür. Ona görə, bu addımı sadəcə müsbət dəyərləndirmək olar”.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının sözlərinə görə, prezident İlham Əliyevin fərmanı ilə cari il oktyabrın 10-da komitənin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti sosial sferanın müxtəlif sahələrini də əhatə edəcək.


Aysel Aslan