Milli matəm günü
Akif Aşırlı
Xalqımıza qarşı törədilən soyqırım faktları milli mətbuat tariximizin səhifələrinə də köçüb. 1905-ci ildə nəşr olunan "Həyat” və "İrşad” qəzetlərində erməni millətçilərinin Qafqazda azərbaycanlılar yaşayan bölgələrdə törətdiyi qanlı olaylar, kütləvi qırğınlar barədə bəlkə də sayı-hesabı bilinməyən faktlar mövcuddur.
1918-ci ilin martın 31-dən aprelin 2-dək Bakıda, Şamaxıda, İrəvanda, Zəngəzurda azərbaycanlıların erməni-bolşevik silahlıları tərəfindən kütləvi qətli həmin dövrdə nəşr olunan "Azərbaycan”, "İstiqlal”, "Hümmət”, "Açıq söz”, "Kaspi” qəzetlərində də öz əksini tapır. Azərbaycan xalqına qarşı törədilən soyqırımın sərhədlərini müəyyənləşdirmək üçün bu mətbu orqanlarda dərc olunan məqalələri, informasiyaları, siyasi-analitik təhlilləri oxumaq kifayətdir.
1919-cu ilin martın 31-ni Azərbaycan Cümhuriyyəti Milli Matəm günü elan etməsi də soyqırıma məruz qalan xalqın öz faciəsini tarixdə yaşatmaq üçün atılan bir addım idi. Həmin gün Bakıda fabrik, zavod və neft mədənləri bir gün tətil etdi, şəhərin əsas küçələri qara bayraqlarla bəzədildi, məscidlər qaralara boyandı. Azərbaycanlıların kütləvi qətlə yetirildiyi küçə və meydanlarda ehsan verildi, şəhidlərin ruhuna dualar oxundu. Qəzetlər matəm nüsxələri buraxdı.
Müxtəlif mətbu orqanların Milli Matəm gününə həsr etdiyi məqalələri ərəb qrafikasından latın əlifbasına transleterasiya edərək oxuculara çatdırmaqda "Şərq” qəzetinin bir məqsədi var: "Səhvlərimizin hardan qaynaqlandığını bilmək üçün tarixə baxaq”.
Mart matəmi
Müsəlman əmələ və kəsibkarlar konfransı
(Əvvəli ötən sayımızda)
Həsən (Dağıstanlı): - Bizə ən birinci ittifaq lazımdır. Bunlar bizimlə nə etdiklərini yalnız mart ayında Xorasanı topa tutmaq, Kərbəlanı uçurmaq və "Təzə pir”i yıxmaq ilə münasibətimizi kəşf etdilər. Bunları biz kəndimiz böyütdük. Onlara hər zaman daim səs verməklə üzərimizə ağa kəsdirdik. Mən mart faciəsindən əvvəl nə qədər dad-fəryad etdim, bu işlər şura əmələsi degildir. Bu, millət davasıdır. Hazırlıq üçün çox çalışdım. Fəqət, onları kəndimizə ağa etdiyimiz üçün onlara kor-koranə tabe olduq. Türklər buraya gəlmiş olmasa idilər, bizi kamal məhv edəcəkdilər. Bu qədər müsəlman bz millətdaşlarımızı mühafizə etməzdən isə biz nasıl müsəlman oluruz?
Əlhal bizim yekdigərimizdən çox çalışırlar. Biz gərək bu gün Mart faciəsindəki şəhidlərimizə matəm saxlamaqla ağlımıza başımıza toplayaq.
Piri Müsəlzadə: - Allah "Qurani-Kərim”də ədalət və ehsanı əmr edir. İslamlar buna əməl etdikcə, tərəqqi edirlərdi. Bundan uzaqlaşmaqla intihata başladılar. Biz haqqımızı aldıqda, başqaların hüququnu mühafizə etdik. Dünyada insanlar xoşbəxt olmaq istəyirlərsə, fədakar olmalıdırlar. Və o xoşbəxt olanlar fədakar olanlardır ki, öz fədakarlıqları ilə bizim istiqbal və istiqlalımızı təmin etdilər.
Bugünkü gün şəhidləri dəxi millət qəhrəmanları olduğundan onların ruhlarına durmaqla, təzim edib, fatihə xuan alalım (ayağa qalxırlar).
Ağabala Əlizadə: - (Rəşt şöbəsi nümayəndəsi)
- Bu gün Rəştdə olan Müsavat şöbəsi haqqında məlumat verəcəyəm. Avropa siyasəti iki dövrlüdür. Onların birisi hürriyyət və istibdad olmaq üzrə iki dövrlü siyasəti vardır. Bunun hər ikisi İranda tətbiq olunmaqda idi. Və bu iki üzlü siyasət İranı bugünkü fəlakətə soxdu. Nasıl ki, buradakı bizim sosialistlər də işə gəlirkən müstəbid surətdə isə hürriyyət iddiası ilə bizim başımıza Mart faciəsini gətirdilər və bir çox müsəlmanların qanını tökdülər. Mart ayının 19-da İranın Rəşt isgələsinə bir vapur gəldi. Bakıda iğtişaş başlanmış olduğunu xəbər verdilər.
Sonra telsiz teleqraf ilə martın 22-də müsəlmanların silahlarının alındığını xəbər aldıq. Biz bu hadisəyə inanmadıq. Bilaxirə, qaçqınlar gəlməyə başlayınca məsələyi bildik.
Rəşt və Ənzəlidəki ermənilər orada bir islam torpağında da silaha sarılıb qaçqın müsəlmanları öldürmək istəyirlərdi. Mən burada bir cocuğun sözünü unutmaram ki, babasına:
- Baba, biz islam torpağına qaçdıq. Burdamı ermənilər bizi öldürəcəklərdi. Bu söz nə qədər də ağırdır. Onunçu həyat və yaşamaq istəyən bir millət silaha sarılmalı və kəndi hökumətini qurmalıdır. Hökuməti olmayan bir millət yaşayamaz. Biz də yaşamaq haqqına caiz olduğumuzu cahana isbat etməliyik. Allah rəhmət etsin şəhidlərimizə.
Yaşasın Azərbaycanın istiqlaliyyəti!
Sədr: - Natiqlər, ümumiyyətlə facieyi-əmələ günü olan 31 mart matəm etmək məqsədilə tətil etmək fikrində olduqlarını isbat elədilər və bununçün böylə bir qətnamə təklif edirlər:
- Əmələ rayonlarının hər tərəfdən toplanan əmələ vəkilləri şurası martın 28-də əqd elədiyi ictimaiyində keçən il martın 31-də (təzə əqd elədiyi martın 31-nə təsadüf edir) vaqe olan Mart faciəsi-ələməsinin Azərbaycan muxtariyyat və istiqlal fikri əleyhinə icra edilmiş bir zərbeyi-xainaye olduğunu və qəsd və nəticə etibarilə Azərbaycan demokratiyasının zalimanə bir surətdə
qətl və talan şəklinin olması ilə Vətəni bir matəm təşkil elədiyini nəzərə alaraq bu gündə tökülən nahaq qanların və verilən şəhid və qurbanların tərhim yadı üçün martın 31-də bir gün matəm tətil elan etmək üçün təht qərara aldı.
Konfrans tətilin icrası üçün kəndi arasında tətil komitəsi itixab edərək bütün əmələ yoldaşlara martın 31-də səhər saat 7-dən axşam 8-ə qədər tətil etməyi təklif edir. Qətnamə qəbul olunur.
Sədr: - Burada matəm tətil idarə etmək üçün bir mərkəzi və bilaxirə yerli tətil komitəsi təklif olunur. Mərkəzi tətil komitəsi 6 və ya 10 kişi olması üçün iki dürlü təklif vardır. Hər ikisini səsə qoyacağam. (Əksəriyyət ilə 6 olması qəbul olunur). Tətildə son dərəcə asayişin mühafizə etməklə bərabər əhalinin şiddət ehtiyacına dair su, xəstəxana, aptek, dəmiryolu kibi məsələlər xaric tutulmalıdır. (Ümumiyyətlə, qəbul olunur). Burada bu mövzudan xaric bəzi arkadaşların bir taqım təklifləri vardır. Onların təklifləri qəbul olunur.
Zülfüqar bəy: - Mənim təklifim budur ki, bizim ictimaimiz üçün yerimiz bu qədərə . "İsmailiyyə”ni təkrar bina etmək üçün gərək hökumətimizdən, gərək zəngin dövlətlilərimizdən tələb edə biliriz ki, binayı tezliklə yapsınlar. (Burada bəzi arkadaşlardan əmələlərin qəpik-qəpik toplayacaq olan paralarından yapılması təklif olunur).
Sədr: - Bizim mili vəzifələrdən birisi də "İsmailliyyə” kimi milli bir müəssisəmizin dirilməsidir. Bu xüsusda hökumətimiz və milli müəssisələrimiz tərəfindən ciddi surətdə iqdamət lazımdır. (Ümumiyyətlə qəbul olunur). Bir də bugünkü tətil haqlı və məşrun bir tətil olduğundan o günün haqqı əmələlərimizdən yalnız bir gün olaraq kəsilməsi icab etdiyindən hansı mədən sahiblərindən hansı birisi üç gün kəsmək istəsə, buraya məlumat verməlidirlər. Və bu para 360 manatdan dəxi kəsilməyəcəkdir.
Hacı Səlim Axund: - Siz solmuş şəhidlərimizi xatıra salırsınız. Bu gün mən dəxi Lənkəranda bir çox diri şəhidlərimizi düşmən əlində əsir qardaşlarımızı xatıra götürərək hökumətimizdən onların xilası üçün tədbir tələb edirəm. (Alqışlar).
Sədr: - Bu mövzudan xaric mövzular dəxi bitdi. Və mən yenə əsl mövzuya aid sizə və intiab etmiş olduğunuz tətil komitəsinə söyləyirəm ki, bu matəmi tətil son dərəcədə müntəzəm olmalıdır.
Nasıl ki, hər kəs kəndi əziz ölüsünə matəm saxlayır, öylə də hər bir müəssisə bağlanır, hər kəs məscidlərdə matəm halında toplanaraq Quran məcid oxumaq və şəhidlərimizin ruhuna fatihə oxumaqla onları yad edir və asayiş ixlal edəcək heç bir hərəkətdə bulunmurlar. Və hər bir kəs göstərir ki, biz matəmimizi də həqiqi matəm olaraq tutuyoruz və bu xüsusda ən ziyadə tətil komitəsinin fəaliyyət və davamına ümid edərək məclisi bağlayıram. Məclisin xitamında Hacı Molla Musa Axund cənablarının şühədanın ruhuna fatihə ilə ehtam etməklə məclis xətm olunmuşdur.
"Azərbaycan” qəzeti. 30 mart 1919-cu il. № 146.
El yası
-İslam qardaş! İslam qardaş! Bana müavinət ediniz! İşbu iltica edici, yürək yandırıcı, qəlb patladıcı sözləri, üzü, sinəsi məxruş gənc bir islam qadını bana beş nəfər məqtul əhbabını, bir nəfər sırdaşını, elm, qəm, hüzn, şadlıq müxatəbini "nərdəsiniz!”axtaran buynu qaralı, qəlbi yaralı,bədbəxtə diyə xitab ediyordu.
Dəniz kənarındakı kömrükxana həyətində, pambuq taylarının miyanında sıra ilə yan-yana düzülmüş müsəlman və müslümə meyitləri ətrafında müsəlman qadınları "oğul vay”, "ata vay”, " qardaş vay” diyə dolaşaraq mühiti memat musiqisinə məxsus "vay” zənguləsilə zingildətdikləri halda işbu qadının "müavinət” diləməsi şimşək kimi əsabımı vurdu. Qəlbimi yaraladıda ona tərəf yönəlmək məcburiyyətində buraqdı.
- Həmşirəm!
- Qardaş! Bən yeddi nəfər əqvamını, məqtul qarşısında uzanmış, bütün ümidini dünya və mafihadan kəsmiş, evi talan edilmiş, əsasınadək yandırılmış səfiləyə müavinət ediniz!
- Həmşirəm!
- Bənim meyitlərimi arabaya qoyunuzda qəbristanə aparayım! Daha artıq danışmaq yeri qalmamışdı. ətrafı dolaşdıqdan sonra iki danə şəhər zibil arabalarından almağa müvəffəq olduq.
- Həmşirəm, nərdəsiniz?
- Burada!
Qadın, yeddi nəfər meyidi bir tərəfə çəkib lalə butələri kimi düzərək miyanlərində lalə qönçəsi kimi oturub çənəsini ovcuna almışdı: ağ saqqallı, ağ zülfləri qırmızı qanə bulaşmış, şəmsin parlaq şüası altında tələlö edən iki ixtiyar, yanlarında birər sarı arizli, biləklərində incə mərcan qolbağı, dodaqlarında səbavətə məxsus zərif məsumanə təbəssüm qızcığazlar, birər geniş alınlı, yüksəsk köküslü, şimşad qollu gənclər, bunların miyanında yüzi, gözü, xain əllər tərəfindən vəhşiyanə bir surətdə süngülənmiş başqa bir gənc yatiyordu.
Məqtul təravətini qayb etməmiş butələr miyanındakı diri qönçə dodaqlarını titrədiyordu.
Yaqın yürüdüm.
- Soldunmu?... bən qaldım! Bəs vəzifəm nədir? Ağlamaqmı?
- Xeyr!
Bir səs eşidildi. Qadın ayağa qalxaraq ətrafə baxmağa başladı.
Möhtərəm qare! Qadının o vəziyyətini təsvir etməkdən qələm acizdir! Qadına baxan, şimdi uçacaq, həman sədani asimanlarda olsa belə bulacaq. Qəlbi yarub yürəgi sənduqçəsinə alacağını hiss ediyordu.
- Qardaşım buldunuzmu?
Diyə gənc qadın bana müraciət etdi.
- Buldum!
Dedimsədə davam edəmədim. Oturdum, bi ixtiyar göz yaşlarım axmağa başladı. "İntihar et!” qulaqlarım pərdələrində, xüsusi bir cadu edici mahnı kimi tərənnüm ediyordu.
- Qardaşım! - diyə qadın oturdu. Bən yenə göz yaşları bulurundan onu təmaşa ediyordum.: Təbarək allah! Qadının məxruş yüzündəki hüsnü, əzəməti, parlaq gözlərindəki ilahiyyətini, yürəgimə soqulub "məbəddir! Kəbədir!” diyə "təzim et!” diyə kimi təlqiynatda bulunuyordu. əllərimi köksümə qoyaraq başımı aşağı saldım.
- Qardaşım! Bana yazığın gəlir, degilmi? Evet bən yazığım. Zira bütün əqvamım məqtuldur, istinadgahım yoq, mülcəim yoq, ümid qapılarım bağlanmış degilmi?
Bən yenə başımı qaldırıb qadına baxdım.
- Qardaşım! Xeyr, öylə degil hamısı məqtul, bəndə, səndə, o birisidə məqtul, fəqət il məqtul olmadı. Bil yaşiyor, yaşayacaq. İl hər il mart ayından başlayaraq........
Qadın sözünü itmamə yeturmədən həyətdən oxşamaq, ağlamaq sədası ucaldı. Qadın ayağa qalxub:
- Qardaşım, meyitlərimi arabaya qoyalım!
Bən məbudəyə səmən və taətən diyə kimi qadınla bərabər meyitləri arabalara qoyduq.
Arabalar yola düşdüdə qadın bir kəlmə söz demədən onların ardınca getdi. əllərim köksümdə olduğu halda məbudəni mümkün qədər müşayiət etdim.
O vaxtdan sonra bir daha qadını görməmişəm.
***
Bağ vaxtı idi, qəhrəman türk ordusu çəlik köküslü yigitlərini Anadolu ovalarından, Azərbaycan bucaqlarından hilal yıldızlı bayrağı altına cəm edib "azadlıq”a doğru yürüyordu. Bakı ətrafında top gümbürtüləri, bomba patıltıları, metraliyoz şaqqırtılarına qarışaraq "hürriyyət” diyə bağıriyordular.
Əsəbiliyim həddindən aşmışdı.gecə yarısı işbu bağırtı altında bir küncdə əlbisəyə bürünüb mürgülədim. Nərədən isə həman qadının "il hər il mart ayından başlayaraq.........” yarımçıq buraqdıqı cümləsi qulaqlarıma doldu. Cümlə ilə mübarizəyə başlayaraq arqasını bulmaq istədim: gözlərim qaraldı: Ətrafım zülmətə büründü; çırpındım, gözlərimi bərəltdim; qarşımda münəvvər bir nöqtə peyda olub get-gedə qara əlbisəli, al örtüklü bir qadın həyulasına mübəddəl oldu. Yüzünə baqdım. Tırnaq yerlərini müşahidə ilə həman qadını tanıdım. əllərimi köksümə qoyaraq dizlərim üstə çöküb məbuduma təzim etdim.
- İl hər sənə mart ayından başlayaraq... sentiyabr ayınadək matəm saqlar diyə məbudəm həyulası nütqə gəldi; Yüzünə baqdım; Yüzündəki o hüsn, o əzəmət, gözlərindəki o ilahiyyət baqi olmaqla xüsusi bir təravət, xüsusi bir ülviliyədə havi idi.
Ə.Rüfət
"Azərbaycan” qəzeti. 31 mart 1919-cu il. № 147.
(Davamı var)
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb