Milli matəm günü

Akif Aşırlı



Xalqımıza qarşı törədilən soyqırım faktları milli mətbuat tariximizin səhifələrinə də köçüb. 1905-ci ildə nəşr olunan "Həyat” və "İrşad” qəzetlərində erməni millətçilərinin Qafqazda azərbaycanlılar yaşayan bölgələrdə törətdiyi qanlı olaylar, kütləvi qırğınlar barədə bəlkə də sayı-hesabı bilinməyən faktlar mövcuddur.

1918-ci ilin martın 31-dən aprelin 2-dək Bakıda, Şamaxıda, İrəvanda, Zəngəzurda azərbaycanlıların erməni-bolşevik silahlıları tərəfindən kütləvi qətli həmin dövrdə nəşr olunan "Azərbaycan”, "İstiqlal”, "Hümmət”, "Açıq söz”, "Kaspi” qəzetlərində də öz əksini tapır. Azərbaycan xalqına qarşı törədilən soyqırımın sərhədlərini müəyyənləşdirmək üçün bu mətbu orqanlarda dərc olunan məqalələri, informasiyaları, siyasi-analitik təhlilləri oxumaq kifayətdir.

1919-cu ilin martın 31-ni Azərbaycan Cümhuriyyəti Milli Matəm günü elan etməsi də soyqırıma məruz qalan xalqın öz faciəsini tarixdə yaşatmaq üçün atılan bir addım idi. Həmin gün Bakıda fabrik, zavod və neft mədənləri bir gün tətil etdi, şəhərin əsas küçələri qara bayraqlarla bəzədildi, məscidlər qaralara boyandı. Azərbaycanlıların kütləvi qətlə yetirildiyi küçə və meydanlarda ehsan verildi, şəhidlərin ruhuna dualar oxundu. Qəzetlər matəm nüsxələri buraxdı.
Müxtəlif mətbu orqanların Milli Matəm gününə həsr etdiyi məqalələri ərəb qrafikasından latın əlifbasına transleterasiya edərək oxuculara çatdırmaqda "Şərq” qəzetinin bir məqsədi var: "Səhvlərimizin hardan qaynaqlandığını bilmək üçün tarixə baxaq”.

(Əvvəli ötən sayımızda)

18 mart münasibətilə

Keçən sənə mart hadiseyi-ələməsində son dərəcə dəşhət və müsibətə uğramış olan şəhərin Məhəmmədli məhəlləsi və "Hacıbaba təkiyəsi” hissələrinin müsəlman əhalisi tərəfindən martın 18-19 və 20-si üç gün olaraq haman faciədə şəhid düşənlərin istirahət ruhu üçün təziyə məclisi (pəstməzar) tərtib ediləcəkdir. Pəsməsar məzkur məhəllələrin məscidlərində tərtib edilib şəhüdanın əqvamı tərəfindən bəyan təziyat qəbul ediləcəkdir.

"İstiqlal” qəzeti 29 mart
1919-cu il. № 7

Məhəmməd Əmin Rəsulzadənin iclası

Dün, martın 29-da parlaman binasında türk-əmələ konfransının seçildiyi tətil komitəsi tərəfindən dəvət edilmiş olan məhlə vəkillərinin iclası vaqe oldu. İclasda şəhərdə mövcud 32 məscid və təkiyədən nümayəndələr iştirak edirdilər. İclas 31 mart münasibətilə keçən 18 mart hadisə-ələməsini yad etməklə bu günü yad etmək məsələsi müzakirə edilib. Ziyadəki qərar qəbul edilibdir:

Şəhərdə, mədənlərdə olduğu kibi səhər saat 6-dan tətil başlayıb, axşam saat 8-ə qədər davam edəcəkdir. Bütün dükan, bazar bağlanır, fəqət suçular, çörəkçilər, elektrik, aptek və xəstəxanə, telefon-teleqraf, poçta işləyəcəkdir. Bunlardan başqa ümuimi işlər saxlanılacaqdır. Hər məhəllənin öz məscidində cəzi qoyub, Quran oxunmaqla şühudanın ruhuna fatihə oxunacaqdır. Məclisi saat 2-yə qədər davam edib, ondan sonrra hər məhəllənin camaatı öz nümayənqdələri ilə bərabər "Təzəpir” məscidinə cəm olur. Burada da Quran ozunduqdan sonra camaat məscid həyatına cəm olur. Natiqlər tərəfindən tətil komitəsinin tərtib etmiş olduğu proqram üzrə nitqlər irad edib, Mart hadisatı barədə məlumat veriləcəkdir, məclis xitam bulunacaqdır.

Məhəllələrdə asayiş və nizamı saxlamaq üçün hər məhəllə tərəfindən bir komitə intixab edilir ki, onlardan 2 nəfəri, birisi məsciddə qalıb, o biri isə Mərkəzi Tətil Komitəsi, Parlaman binasında olur. Hər nifaq vəsilə barəsində mərkəzə müraciət edilir. Və oradan təlimat alır. Komitənin qalan üzvləri isə səyyar üzvlər olub, məhəlləni gəzir, nizam və qaidəyə nəzarət edirlər. Mərkəzi Tətil Komitəsi və sair üzvlərə məxsus nişanlar olacaqdır. Mərkəzi Komitə üzvlərinin boyunlarında qara şallar, sinələrindən sola tərəf qara həmayıl olacaqdır. Məhəllə məscidlərinin və həmçinin "Təzəpir” məscidinin üzərində qara bayraqlar asılacaqdır.

31 Mart

Rus mütləqiyyət istibdadını kökündən yıxmış olan rus inqilabi kəbiri, mütləqiyyətin zənciri əsarətinə giriftar olmuş millətləri azad etdi: Əsrlərlə zəncirbənd qalmı zavallı illətlər, uyuşmuş bədəninə bir hərəkət verib qol-qanad açmaq istəyirdiki mütləqiyyət istibdadı əvəzinə Rusiyada Bolşevizm istibdadı caygir olub bədbəxt millətləri təkrar əsarət zəncirinə vurmaq əmələ gətirmişdir.

Bolşevizm amalına qarşı müqavimət göstərmək istəyənlər "Qrajdan” müharibəsi açan və istiqlal üzrə yaşamaq istəyən və böylə yaşamağa haqqı olanlarla dəxi milli xəngə girişən rus bolşevizmi, "azad millətlər” şüarını həqarətlə tapdalayıb bu millətlər füqərayi kasibəsinin və demokratiyasının canı və malını dəmir və atəşə tutmaqdan çəkinmədilər.

O idiki, rus bolşevizmi araya bir "qrajdanski”və birdə milli olmaq üzərə iki rəngli müharibə salıb çaylarca qanlar axıtdı, milyonlarca bəşər övladını tələf etdi, yüz minlərcə evlər viranə qoydu və bu qanlı vaqiədən hasil olan təssürat, təbii, böylə bir əqidə törənməsinə səbəb olduki rus inqilabı yalnız bir rusa müxtəs olub çarizm istibdadını qaldırmaqla deyil, ümum millətləri, bəlkə rus xalqını bu istibdad təhtindən qurtarıb digər millətləri təkrar əsarət altında baqi saxladı. Yalnız bir fərq bu oldu ki bu əsirlərin keşikçiləri əvvəl rus çarizmi idi, bu dəfə isə rus bolşevizmi oldu. Hər halda əsirlik aradan götürülmədi: Qurd əlindən qurtarılmış quzu, qurtaranın yemi olmaq məcburiyyətində qaldı...

Bir əsr bundan əvvəl müstəqil yaşamaqda olan azəri türkləri, rus istibdadının yıxıldığını görüb təkrar müstəqil yaşamaq ümidi fərəhbəxşilə şad olub istiqlala hazırlaşmaq üçün tədarükatda bulunmağa başladılar. Lakin yeni hakimlərimiz bu fikrimizi duyub həmandəm əks tədarükat görməyə iqdam edib: "Biz sizə istiqlal əvəzinə xarabazarları verərik, torpağınızda daşı daşüstə qoymarıq” diyə barmaq işarəsilə hədələdilər.

İstiqlalımıza qarşı ittixaz olan sui-qəsdlərdəndə özlərini "inqilabçılıq” nöqteyi nəzərindən haqlı göstərmək niyyətilə adımı "qonturəviyosanir” qoyub hucuma hazırlandılar: hazırlanıb da başımıza Mart fəlakətini gətirib, hədələrinə müvafiq olaraq, paytaxtımızı xarabazara döndərdilər.

Çarizm zənciri əsarətindən yenicə qurtulmuş olan azəri türkləri bir əsr müddətində əsarətin ağırlıqlarından o qədər zəif düşmüşdüki istiqlalını müdafiə etməyə və istiqlal düşmənlərinə qalib gəlməyə qudrəti yox idi: Bu zəiflik deyil, yalnız maddi və cismani quvvətimizi, bəlkə bütün mənəvi və ruhani quvvələrimizədə şamil olub bədənimizin bütün quvayi ruhaniyyə və cismaniyyəsini atil qoymuşdu. Və bu ətalət o dərəcədə idi ki özümüzü müdafiə vəziyyətinə salmağa dəxi qüdrətimiz olmayıb düşmənin hücum və təərüzləri qarşısında uryan bir bədənlə əli-qolu bağlı yıxılıb, "ölüm-dirim” məsələmizin o tövr həlli düşmənin rəhminə və ya rəhmsizliyinə bağlı idi.
Bundan pis bir hal olmazki sənə qarşı təcavüz edilə və sənində bu təcavüzi dəf etməyə heç bir vəsilən olmaya.
Bakı müsəlmanları Mart günlərində bu halda idilər.
Və əgər türklər, Osmanlı türk qəhrəmanları vaxtlı vaxtında gəlməsəydilər, azəri türkləri Bakı həzimətindən sonra özlərini yığışdırıb müdafiəyə hazır olmağa fürsət tapıncaya deyil, bir Bakıda, Şamaxıda, bəlkə ümum Azərbaycanda daş daş üstdə qalmazdı.
Keçən keçdi və olan oldu. Mart hadisatı Azərbaycan tarixində mühüm bir səhifə işqal edib azəri türklərinin istiqlal yolunda can verib qan tökdükləri gələcək nəslə oxutduracaqdır. Bu günki vəzifəmiz isə, o qara günləri yaddan çıxartmamaq və buna görədə həmişə və hər an hazır olmaqdır. Böylə hazırlıqki bu hadisələr birdə təkrar edərsə müdafiəsinə qadir olalım. Bunun üçün həm hökumətimizin həmdə millətimizin çalışması lazımdır. Bu gün istiqlal ilə yaşayıbda bu neməti üzmadan istifadə ediriksədə, özümüzü xaricən əmin və amanlıqda bilmək və istiqlalımızın ibqasını təmin etmək üçün müdafiəyə hər an hazır və amadə olmalıyıq. Biz indi öz müqəddəratımızı özümüz öz əlimizə aldıq, borcumuz bu müqəddərati gələcəkdə zühuru möhtəməl olan hər növ təcavüzatdan qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır.

Hacıbəyli Üzeyir
"Azərbaycan” qəzeti
31 mart 1919-cu il. № 147

18-31 mart

Bu gün 18-31 mart hadisəsinin il dövriyyəsi münasibətilə Azərbaycan türk imamları milli matəm elan edirlər.
Bu gün bütün hökumət və camaat idarələri, məktəblər, qəzetlər, bazarlar, dükan, emalatxana və sair müəssisələr tətil elan ediyorlar. Şəhərdə həyat dayandırılır.
Zira: Bu gün gözəl ideya, böyük şüar altında qara fikrə bürünən bir takım alçaq qara guruhək əlində məqtul düşənlərin iliyidir. Bu matəmdə azərbaycanlılar məscidlərə yığılaraq günahsız ölənləri,irz və namusuna toxunulmuş məzlumələri, canilər əlində tələf olmuş məsum çocuqları yad edəcək,quran oxunacaq, məzlumlara rəhmət, zalimlərə lənətxan olacaqdırlar.
Təzəpir məscidində- həmən keçən il bu günlərdə düşmən mərmiləri dəydikcə, yaralanan pəhləvan kimi nərə çəkərək guya zəbani halilə "ey türk milləti! Namusun qəbul etməsin, allah götürmə bu zülmü!” diyə fəryad edən bu böyük məscidin həyətində cəmi kəsirin iştirakilə ictima tərtib verəcəklərdir.
Fəqət Azərbaycan türkləri bu matəmdə yadlarından çıxarmamalıdırlarki, keçən il ibtida Bakıda vəŞirvanda, daha sonra Qubada və sair yerlərdə bizim başımıza gələn müsibətlərin təqsirinin çoxu özümüzdədir. Həmdə nə o mənayaki camaatımızın bir qismi masqa geymiş canilərə inanaraq onlarla sosyalist kimi rəftardə bulunmağa özlərini aldatmış oldu. Nə o mənaya ki camaatımızın bir qismi firqə yazaq xatirinə özünü üzə çıxarmaq və tərəf müqabili nəzərdən salmaq niyyətilə xalqı yoldan çıxardı, heç bir fitnə və fəsaddan çəkinmədi.

Doğrudur, həyatımızda bu müəssəf amillər böyük rollar oynadılar. Doğrudur. On minlərcə günahsız olan vətən övladı bu hərəkətlərin qurbanı oldu. Lakin bir şey xatirdə tutulmalıdır, "zəifliyimiz” və düşmənin güclülüyü, bizim aramızda firqənin təfriqə kimi tələqqisi, dillərdə əzbər olan ittihadsızlığımız və sairə həp iki şeydən nişət etmişdir:

İdrak və etirafi milliyə yoxluğu

Və sadəlövh, saf duruluğumuz.
Həyat bir məktəb və tarix ayineyi ibrətdir. Yaşayışın acı həqiqətlərinə açıq gözlə baxalımda, işləmiş olduğumuz xətaları islah edəlim, əks surətdə böylə faciələr həyatımızda təkrar-təkrar oynana bilər.
Keçən il həmin bu günkü gün müsəlman-türk firqələri, camaatı sakit etmək qəsdilə buraxmış olduqları bir intibahnamədə "erməni qonşularımız dəxi bu məsələdə bizimlə bərabərdirlər” yazmışdılar. Halbuki dörd saat sonra başlanmış davayi milli qətalə döndərən yenə həman "bizimlə bərabər olan qonşular” oldular. Yalnız o gün deyil,həmişə bu surətlə aldanmışız. Bu hər şeydən ziyadə siyasi xamlığımızdandır. Siyasətdə millət,dövlət və firqə mənafei hər şeydən uca tutulduğundan şübhəsizdiri hər dövlət, hər millət və hər firqə ancaq, mənafei özüylə bir və bərabər olanlara inana bilərlər.
Digər tərəfdən yenə həman keçən il Mart hadisəsindən bir az qabaq, faciənin oynanacağını qabaqcadan görmüş olanların "Açıq söz” qəzetəsində yazmış olduqları "Birlik gərək”, "Birlik tələb olunur” və sair kimi bir çox məqalələrin və bu yolda icra olunan təbliqat və təşviqatın nəticəsiz qalması həp camaatımızın milli mənafeini dərk etməmiş olmasındandır.
Ona görədiri cənnətasa vətənin xarabazara döndərilməsi ildönümünü matəm sağlayan Azərbaycan türkləri, əski Roma mperiyası legionlarının ayaqları altında əzilmiş millətini və dağılımış vətənini görən Haniyalın müqəddəs atəşkədə və qoca atası hüzurunda etdiyi kimi, bu gün, düşmən qumbarasilə minarəsi dağılmış müqəddəs Təzəpir məscidi qabağında əllərini döşlərinə qoyaraq, başlarını aşağı dikərək qəsəm yad etməlidirlər ki gözəl Azərbaycan və nəcib türk millətini sahili icat və səadətə çıxaranadək başlarını yuxarı qaldırmayacaq və Azərbaycan istiqlalı, türk azadlığı, millət səadəti yolunda son qətrəqanına və son nəfəsinədək heç bir fədakarlıqdan geri durmayacaqlardır!

Ölənlərə rəhmət!
Qalanlara qeyrət!

Xəlil İbrahim

"Azərbaycan” qəzeti
31 mart 1919-cu il. № 147