Milli Məclisdə qalmaqal yaşandı

Sabir Rüstəmxanlı: “Mən vətəndaşların başına oyun açılmasını istəmirəm. Ancaq biz burada bir-birimizi boş yerə ittiham edirik”
Ziyafət Əsgərov: “Mən iqtidar nümayəndəsiyəm, nə etməliyəm? Cavab verməliyəm. Siz deyirsiniz ki, vətəndaşların başına oyun açırsınız? Nə edirik?”


Ötən gün Milli Məclisin növbəti iclası baş tutub. Qanun layihələrinin müzakirəsindən öncə, millət vəkilləri gündəmlə bağlı fikir bildirib, təkliflər səsləndiriblər. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev deyib ki, parlament 18 oktyabr tarixini Dövlət Müstəqilliyi günü ilə bağlı qeyri-iş günü elan etməlidir: "Bu gün Azərbaycan tarixinin şanlı günlərindən biridir.

Həmkarlarımdan xahiş edirəm ki, bunu nəzərə alıb gündəmə gətirsinlər”. Millət vəkili həmçinin dövlət müstəqilliyinin lehinə imza atan istiqlalçı deputatların bəzilərinin vəziyyətinin yaxşı olmadığını söyləyib: "Düşünürəm ki, Milli Məclis bunu da nəzərə almalıdır”.

"Naxçıvana "Qəhrəman şəhər” adı verilsin”

Deputat Vahid Əhmədov da bildirib ki, Dövlət Müstəqilliyi günü ilə bağlı ölkədə silsilə tədbirlər həyata keçirilməlidir. V.Əhmədov prezident İlham Əliyevin bütün çıxışlarında Azərbaycanın müstəqilliyinin önəmini qeyd etdiyini vurğulayıb: "Bütün xarici dövlətlərin başçıları prezident İlham Əliyevi Müstəqillik Günü ilə bağlı təbrik edirlər. Mən Müstəqillik Gününün qeyri-iş günü olması və silsilə tədbirlərin keçirilməsini təklif edirəm. Müstəqilliyə səs vermiş keçmiş həmkarlarımızın bəzilərinin vəziyyəti doğrudan da ağırdır. Onların içərisində mənzilə ehtiyacı olanlar var. O insanlara da kömək edilməsi yaxşı olardı”.
Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Siyavuş Novruzov isə Azərbaycanın üçrəngli bayrağının ilk dəfə Naxçıvanda dalğalandığını diqqətə çatdırıb: "Naxçıvan Muxtar Respublikasının 90 illiyi keçiriləcək. Naxçıvan Türkiyə ilə 11 kilometrlik sərhədi çıxmaq şərtilə blokada şəraitindədir. Ermənistanla ən böyük sərhədə malikdir. Leninqrada 4 il mühasirəyə görə "Qəhrəman şəhər” adı verildi. Naxçıvan isə 20 ildir, blokadadır. Milli Məclisdə məsləhətləşib, Naxçıvanla bağlı bir qərar qəbul etməliyik”.

"Mən tapşırıq verdim, bütün saytları yoxladılar”

Xanım millət vəkili Qənirə Paşayeva Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qanun qəbul edilməli olduğunu diqqətə çatdırıb: "Belə bir qanun layihəsi artıq Gürcüstanda qəbul edilib. Qanunda Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edən şəxslərin, şirkətlərin nümayəndələrinin, əcnəbi parlamentarların Azərbaycana səfərinə qadağa qoyulması əksini tapmalıdır. Avropa Parlamentində qondarma Dağlıq Qarabağ Respublikası ilə dostluq qrupu yaradılması fonunda bu məsələ aktuallıq kəsb edir.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da Avropa Parlamentində Dağlıq Qarabağ separatçı rejimi ilə dostluq qrupunun yaradılması məsələsinə toxunub. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü, millət vəkili Rövşən Rzayevin fəaliyyətini təqdir edən F.Mustafa belə qərarların qəbulunun qarşısının alınması istiqamətində millət vəkillərinin səylərini artırmasını zəruri sayıb.

Parlamentin sədri Oqtay Əsədov isə qeyd edib ki, Avropa Parlamentinin separatçı qurumla dostluq qrupu yaratması barədə məlumat yalnız erməni mətbuatında çıxıb: "Mən tapşırıq verdim, bütün saytları yoxladılar. Rəsmi olaraq belə bir qərar yayımlanmayıb. Avropa Parlamentində qondarma Dağlıq Qarabağ Respublikası ilə dostluq qrupu yaradılması barədə qərar qəbul edilməyib. Ümumiyyətlə isə, hazırda dünyada ədalət prinsipini itirib. Dağlıq Qarabağ məsələsi də hər dəfə hansısa dövlət və ya təşkilat tərəfindən oyuncaq kimi istifadə olunur. Biz millət vəkili Rövşən Rzayevə imkan veririk, beynəlxalq qurumlarda Dağlıq Qarabağ icmasının təmsilçisi kimi çıxış edir. Amma düşünürəm ki, Rövşən Rzayev fəallığı artırmalıdır”. Spiker həmçinin Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin son qərarında Azərbaycanın separatizmdən əziyyət çəkən ölkələr sırasında yer almasının mühüm məqam olduğunu vurğulayıb.

"Siz Fransa səfirliyindən viza almaq üçün gərək Leyla Yunus olasınız”

Millət vəkili Aqil Abbas Fransaya gedə bilməməsindən gileylənib. O deyib ki, Fransaya getmək istəsə də, bu ölkənin Azərbaycandakı səfirliyi ona viza verməyib: "Leyla Yunusa 5 illik viza verən Fransa səfirliyi mənə əngəl yaratdı. Necə olur ki, tez bir zamanda Leyla Yunusa 5 illik viza verilir, amma digərləri, o cümlədən mən viza ala bilmirik?!”.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə deputatın sualına zarafatla cavab verib: "Siz Fransa səfirliyindən viza almaq üçün gərək Leyla Yunus olasınız”.
Bundan sonra "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Xanım deputat Elmira Axundova Azərbaycana gələn xarici ölkə vətəndaşlarının qeydiyyatı ilə bağlı 3 günlük müddətin uzadılmasını təklif edib: "Çünki xarici ölkə vətəndaşı şənbə günü Azərbaycana gələ bilər, bu zaman qeydiyyatla bağlı prosedurun yerinə yetirilməsi üçün yalnız bir gün qalır. Ona görə də bu müddətin uzadılmasını təklif edirəm”.

"Xaricdəki vətəndaşlarımızın vizasının vaxtı bitəndə onların başına nə oyunlar açıldığını bilirsiz?”

Vitse-spiker Z.Əsgərov isə deputata cavab olaraq söyləyib ki, Azərbaycan bütün sərhədlərini xarici vətəndaşların üzünə aça bilməz: "Xaricdəki vətəndaşlarımızın vizasının vaxtı bitəndə onların başına nə oyunlar açıldığını bilirsiz? Həddindən artıq qonaqpərvərlik lazım deyil. Biz hüquqi dövlətik və qanunlarımızı dünya təcrübəsinə uyğun olaraq təkmilləşdiririk”.

Millət vəkili Çingiz Qənizadə prezident İlham Əliyevin qanunvericilik təklifi ilə çıxış etdiyini və xarici ölkə vətəndaşlarının qeydiyyat müddətinin 3 gündən 10 günə qaldırılacağını nəzərə çatdırıb. Z.Əsgərov bu barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə sual ünvanlayıb və nə üçün bu barədə məlumat vermədiyini söyləyib. Ə.Hüseynli də bununla bağlı Miqrasiya Məcəlləsində dəyişiklik nəzərdə tutulduğunu və bu dəyişikliyin 19-cu məsələ kimi bu gün Milli Məclisin gündəliyinə daxil edildiyini xatırladıb: "Sadəcə, gündəlikdən kənara çıxmaq istəmədim”.

"VİP-dən gələn qonağın əşyaları aeroportda niyə yoxlanılır?”

"Dövlət qurumları tərəfindən uzun müddətə xarici ölkələrə ezamiyyətə göndərilən Azərbaycan vətəndaşlarının ölkəyə qayıdarkən gömrük rüsumlarından və vergilərdən azad olunması lazımdır”. Bunu isə millət vəkili Asəf Hacıyev deyib.

A.Hacıyev qeyd edib ki, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının xətti ilə uzun müddətə xarici ölkələrə ezamiyyətə göndərilən Azərbaycan vətəndaşları həmin ölkələrdə daşınan əmlaka sahib olurlar: "Geri dönəndə isə həmin əmlak ya köhnəlir və orada sata bilmirlər, bir çox hallarda Azərbaycana gətirirlər. Azərbaycana gələndə isə gömrük rüsumlarının tətbiqi vətəndaşlar üçün çətinliklər törədir. Ona görə də təklif edirəm ki, həmin vətəndaşları gömrük rüsumlarından azad etmək üçün Gömrük Məcəlləsinə müvafiq dəyişiklər edilməlidir. Düşünmürəm ki, bu, dövlət büdcəsinə böyük ziyan vura bilər. Belə dəyişikliklə, vətəndaşlarımıza böyük köməklik göstərmiş olarıq”. Deputat həmçinin Bakı aeroportunda sərnişinlərin yoxlanmasından narazılığını bildirib: "VİP-dən gələn qonağın əşyaları aeroportda niyə yoxlanılır? Dünyanın heç bir ölkəsində aeroporta gələn vətəndaşın əşyaları monitorda yoxlanmadan keçirilmir. Özü də VİP ilə gələn insanların. Bu yaxınlarda Bakıda keçirilən humanitar foruma gələn qonaqlardan biri belə yoxlamadan keçiriləndə çox qəribə olaylar yaşanıb. Hesab edirəm ki, məsələyə diqqət yetirilməlidir”.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

"Qanunu oxuyub şərh etmək lazımdır ki, belə populist çıxışlara yol verilməsin”

Dünən həmçinin "Reklam haqqında” və "Məşğulluq haqqında” qanunlara da dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, Azərbaycanda fiziki şəxslərin Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələrində vasitəçilik etməsi də qadağan edilir.
Qanun layihələrinin müzakirəsinə qatılan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib ki, Milli Məclis qanunları Miqrasiya Məcəlləsinə uyğunlaşdırır: "Amma Miqrasiya Məcəlləsinin özü də yanlışdır. Əgər Rusiyada haradasa işləmək imkanı varsa, bir azərbaycanlı 5-10 azərbaycanlını işləməyə aparırsa, bunun fiziki yox, mütləq hüquqi şəxs olmasının, Azərbaycanda hansısa qurumlara xəbər verməsinin məsələyə nə dəxli var?”. Deputat həmçinin tikinti şirkətlərinin dələduzluğundan danışaraq onlara şərait yaradıldığını deyib.

Deputat Siyavuş Novruzov isə S.Rüstəmxanlıya etiraz edib: "Biri qoltuğuna 5-10 adamı vurub, Rusiyada işlədir. Bunun pensiya təminatı, səhiyyə məsələsi var. 20 ildən sonra da o insanlar Azərbaycana gəlir, pensiya, sosial sığorta məsələləri necə olacaq? Bu qul əməyidir, bunun qarşısını almaq lazımdır”.

Vitse-spiker Ziyafət Əsgərov isə izahların yetərli olduğunu qeyd edib: "Qanunu oxuyub şərh etmək lazımdır ki, belə populist çıxışlara yol verilməsin”.
Vitse spiker deputata cavab verdi: "Mən iqtidar nümayəndəsiyəm, nə etməliyəm? Cavab verməliyəm”
Millət vəkili S.Rüstəmxanlı isə çıxışının vitse-spiker tərəfindən populist adlandırılmasını düzgün saymadığını deyib.

S.Rüstəmxanlı: "Biz bir-birimizə hörmətlə yanaşmalıyıq. Bu gün Azərbaycanda mənzil tikintisi və satışı prosesində dələduzluqla məşğul olanların əksəriyyəti məhz hüquqi şəxslərdir. Mən vətəndaşların başına oyun açılmasını istəmirəm. Ancaq biz burada bir-birimizi boş yerə ittiham edirik. Biz burada təkliflər veririk, ancaq təkliflərin heç biri illərdir ki, komitələrdə müzakirəyə çıxarılmır”.
Z.Əsgərov: "Mən iqtidar nümayəndəsiyəm, nə etməliyəm? Cavab verməliyəm. Siz deyirsiniz ki, vətəndaşların başına oyun açırsınız? Nə edirik? Tutaq ki, fiziki şəxs 5-10 nəfəri Türkiyəyə yığıb aparır, sabah o insanların taleyi necə olacaq? Bu insanlar sonradan ölkəyə qayıdanda elə millət vəkillərinin də yanına gəlirlər ki, pensiya ala bilmirik. Hüquqi şəxslərə gəlincə, düz deyirsiniz, hüquqi şəxslər mənzillərlə bağlı dələduzluq edirlər. Ancaq onun ünvanı olur, hüquq-mühafizə orqanları onları məsuliyyətə cəlb edə bilir. Fiziki şəxs isə sabah Rusiyada olur, biri gün Belarusa qaçır. Onu da deyim ki, Azərbaycana gələn insanların da hamısı səmimi məqsədlərlə gəlmir. Biz qanunvericilikdə bu halları da nəzərə alırıq”.

Müzakirələrdən sonra qanun səsə qoyularaq qəbul edilib.

Anar Bayramoğlu