“Belə məktəblərin xüsusilə təbiəti gözəl olan meşə, çay kənarlarında quraşdırılması da mümkündür”
Modul tipli məktəblər təhsilimizə yeni nəfəs gətirəcək
“Belə məktəblər həm də dizayn baxımından şagirdləri daha çox cəlb edəcək”
“Belə məktəblərin xüsusilə təbiəti gözəl olan meşə, çay kənarlarında quraşdırılması da mümkündür”
“Belə məktəblərin xüsusilə təbiəti gözəl olan meşə, çay kənarlarında quraşdırılması da mümkündür”
Prezident İlham Əliyev, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında cəmi 1332 şagird yerlik modul tipli 22 məktəbin quraşdırılması məqsədi ilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 6 870 000 manatı Təhsil Nazirliyinə ayrılıb.
Təbii ki, sözügedən vəsaitin ayrılması ölkə başçısının təhsilə olan diqqət və qayğısının göstəricisidir. Bəs bu vəsait bölgələrdə təhsillə bağlı hansı işlərə sərf olunacaq?
Prezidentin sərəncamının təhsilin əlçatımlılığına ciddi şəkildə müsbət təsir göstərəcəyini deyən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov "Şərq”ə bildirib ki, son illər aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək inkişafa nail olunub. Ekspertin sözlərinə görə, əhalinin maddi rifahı xeyli yaxşılaşıb, yoxsulluğun səviyyəsi minimuma enib və Azərbaycan orta gəlirli ölkələr sırasında yer tutmaqdadır: "Gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaradıb. Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır. Həmin şəxsi bilik və etik davranış sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.
Son illər ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində prezidentin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. Həmin məqsədlə müxtəlif şəhər və rayonlarda 2500-ə yaxın məktəb binası tikilib, mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılıb. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib”.
Ekspertin fikrincə, prezidentin sərəncamı yerinə yetirilən zaman Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının coğrafi baxımdan iqlimi mütləq şəkildə nəzərə alınmalıdır: "Xatırladım ki, yeni tipli məktəblər bir neçə xüsusiyyətinə görə ənənəvi məktəblərdən seçiləcək. Bu gün Azərbaycanda 4400-dən çox orta ümumtəhsil məktəbi var. Hazırda ölkədə onlarla yeni məktəb tikilir və onlarla qəzalı vəziyyətdə olan məktəblər bərpa olunur. Son illər neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar ölkə gəlirlərinin həcmi bir qədər azalıb. Məktəblərin bərpası isə böyük məbləğdə maddi vəsait tələb edir.
Məsrəflərin ənənəvi məktəblərdən az olmasını nəzərə alsaq, bu gün ölkədə səyyar tipli məktəblərin istifadəyə verilməsi təqdirəlayiq haldır. Bu məktəblər həm də ekoloji baxımdan uğurlu sayıla bilər. Bu tipli məktəblərin istifadəyə verilməsindən sonra Azərbaycanda "Hər kəndə bir məktəb” layihəsi həyata keçirilə biləcək. Modul tipli məktəblərin quraşdırılması bir o qədər böyük vəsait tələb etmir. Lakin məktəblər hansı rayonda və kənddə quraşdırılacaqsa, həmin ərazidə şagirdlərin sıxlığı əvvəlcədən nəzərə alınmalıdır. Yaxşı olardı ki, səyyar məktəblər qəzalı vəziyyətdə olan və şagirdlərin daha sıx olduğu ərazilərdə tez quraşdırılsın. Bu gün ölkədə qəzalı vəziyyətdə olan məktəblərin sayı heç də az deyil. Qarşıdan qışın gəldiyini nəzərə alaraq, bu layihəni tez bir şəkildə həyata keçirmək lazımdır. Modul tipli məktəblər ənənəvi məktəblər kimi 1500-2000 şagird tutumuna malik deyil. Belə məktəblərdə minimum 200, maksimum 400 şagird təhsil ala bilər. Ona görə də ənənəvi məktəblərdən birbaşa imtina edib, sırf səyyar məktəblərə keçid etmək də mümkün deyil. Belə məktəblər kəndlərdə və qəsəbələrdə həyata keçirilərsə, həm əlavə iş yerlərinin açılmasına, həm müəllimlərin sayının artmasına, həm də otaqların və məktəbin dizaynının dəyişməsinə səbəb olacaq. Belə məktəblər həm də dizayn baxımından şagirdləri daha çox cəlb edəcək. Bir şeyi də qeyd edim ki, yeni tipli məktəblərin dizaynının tez-tez dəyişdirilə bilməsi də çox müsbət haldır”.
K.Əsədov həmçinin bildirib ki, müasir dövrün tələblərindən biri də məktəbin görünüşüdür. Çünki bu, şagirdlərin diqqətini daha çox cəlb edir:
"Ənənəvi məktəblərdə bunu həyata keçirmək heç də asan məsələ deyil. Belə məktəblərin xüsusilə təbiəti gözəl olan meşə, çay kənarlarında quraşdırılması da mümkündür ki, bunun da şagirdlər üçün faydalı olacağını düşünürəm. Modul tipli məktəblər Azərbaycan təhsilinə yeni nəfəs gətirəcək, şagirdlərin məktəbə cəlb olunmasında və qəzalı məktəblərin sayının azalması baxımından çox uğurlu bir layihədir.
Belə məktəblərin hazırlanması və quraşdırılması kor-koranə şəkildə həyata keçirilməməlidir. Bu tipli məktəblərdən Amerika, Avropa təcrübəsində də istifadə olunub. Modul tipli məktəblərin digər məktəblərdən əsas fərqi daha az məsrəf tələb etməsidir. Lakin bu məktəblərin bəzi çatışmayan cəhətləri də var. İlk növbədə səyyar məktəblərin hazırlanmasında daha çox tikinti materiallarından deyil, quraşdırma materiallardan istifadə olunacaq. Ona görə də səyyar məktəblərin tikintisini və quraşdırılmasını həyata keçirəcək şirkətlər yüksək keyfiyyətli materiallardan istifadə etməlidirlər. Mən Çexiyada və Polşada araşdırma apararkən, bu tipli məktəblərin olduğunu gördüm. Lakin həmin ölkələrin səyyar məktəblərinin keyfiyyət göstəricisi Almaniya, Fransa və Amerikada istifadə olunanlardan dəfələrlə aşağıdır.
Aşağı keyfiyyətli material isə məktəb heyətinin həyatını böyük risk altında qoymuş olur. Orada məktəbin qızdırılması qızdırıcı vasitələr və istilik sistemləri ilə deyil, digər vasitələr - kondisioner və havalandırma sistemi ilə həyata keçiriləcək. Ona görə də bu kimi amillər əvvəlcədən mütləq nəzərə alınmalıdır”.
Yeganə Bayramova