Monitorinq zamanı atəşkəsi pozdular

Başıpozuq erməni ordusunu təxribata yönəldənlər var



Oktyabrın 16-sı Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığında qoşunların təmas xəttində keçirilən monitorinq zamanı Ermənistan silahlı qüvvələri atəşkəsi pozublar.

Belə ki, əvvəlcə Minsk Qrupunun həmsədrləri ilə qısa söhbətləşmə zamanı kənd sakinləri beynəlxalq müşahidəçilərə erməni hərbi birləşmələri tərəfindən mülki əhalinin, yaşayış məntəqələrinin, o cümlədən qeyri-hərbi obyektlərin daim atəş altında saxlanılmasından narazılıqlarını ifadə ediblər.

Daha sonra nümayəndə heyəti öz missiyasını yerinə yetirmək məqsədilə monitorinq keçiriləcək əraziyə yollanıb. Ancaq nümayəndələr qarşı tərəfə keçməzdən əvvəl Ermənistan silahlı qüvvələri atəş açmağa başlayıblar.

Monitorinq zamanı baş verən təxribata münasibət bildirən Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, bu cür hadisələrin intensiv olaraq təkrarlanması Dağlıq Qarabağda mövcud olan hərbiçilərin rəsmi İrəvandan daha çox təxribatçı rus zabitlərinə bağlı olması ilə əlaqədardır: "Monitorinq zamanı erməni əsgərlərinin atəş açmasını Prezidentlərin Paris görüşü öncəsi siyasi provokasiya kimi də dəyərləndirmək olar. Ancaq nəzərə almaq lazımdır ki, başıpozuq erməni ordusu vahid cəbhədən idarə olunmur. Generalitetin böyük əksəriyyəti Rusiyanın xüsusi xidmət orqanları tərəfindən yönləndirilir. Dağlıq Qarabağ cəbhəsində mövqe tutan əksər yüksəkçinli zabitlər də birbaşa Moskvaya bağlıdır. Bu bağlılıq təkcə siyasi anlamda deyil. Burda köhnə silahların və narkotikanın satılması məsələləri də var ki, onlar da birbaşa Kremlin marağındadır”. Politoloq bildirib ki, monitorinq zamanı ermənilərin atəşkəsi pozması halları artıq həmsədrlərin ciddi reaksiyasına səbəb olmur: "Həmsədrlər dəfələrlə erməni əsgərləri tərəfindən "atəşə tutulub”. Amma bununla bağlı qurum heç bir hesabat və ya qərar verməyib. Əhəmiyyətsiz və ədalətsiz monitorinqlər boynumuzda mənasız yükə çevrilib. Bundan qurtulmaq lazımdır”.

İsmayıl