“Müdafiəi-millət” qəzeti

Akif Aşırlı
Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat və söz azadlığının geniş imkanları hesabına öz dövriliyini, gündəlik nəşr imkanlarını qoruyan qəzetlərlə yanaşı, epizodik, bir neçə sayı işıq üzü görən mətbu nümunələr də var. 1919-cu ilin avqustun 15-də ilk sayı işıq üzü görən "Müdafiəi-millət” qəzeti də bu nümunələrdəndir. Avqust ayı ərzində cəmi 4 sayı çap olunan bu qəzet mətbuat tariximizdə örnəklər qoymasa da, maraqlı, fərqli yanaşma üslubu ilə diqqət çəkir.
Əli Həsən Bağırovun "sahibi- imtiyazı ilə” Nabrejnaya küçəsində, Krasilnikovun binasında mətbuat aləminə qədəm qoyan "Müdafiəi-millət” cümə günləri nəşr olunurdu. "Siyasi, ictimai bitərəf türk qəzetəsi” olan, həftədə bir dəfə oxuculara çatdırlan bu qəzetin gələcəkdə gündəlik nəşri nəzərdə tutulsa da, maddi-texniki imkanların yetərincə olmaması öz işini gördü. Qəzet 4 saydan sonra bağlandı.
1919-cu ilin avqustun 15-dəki ilk sayında "Müdafiəi-millət” oxuculara üz tutaraq məramını çox qısa şəkildə açıqladı: "Azərbaycan Cümhuriyyəti daxilində intişar edən qəzetlərin hər biri bir firqənin əfkarı olaraq, çıxmaqdadılar. Hər bir qəzetə hadisatı öz nöqteyi-nəzərinə görə təhlil etməkdə, öz proqramasını tətbiq üçün çalışmaqdadır. Bina-ali bitərəflər ilə hər şeyin mahiyyəti həqiqisini araşdırmaq istəyən ərbab marağı, amal və əfkarına xadim bir qəzetənin mətbuat içərisində bulunmasına nə qədər ehtiyac olduğunu söyləmək lazımdır... Qəzetimizin heç bir firqə ilə ələqasi yoxdur”.
Baş verən hadisələri olduğu kimi "millətin ağzından” necə çıxacaqsa, eləcə də oxuculara çatdıracağı vədini verən "müdafiəi-millət”çilər Cümhuriyyətin müdafiəsini də qəzetçilik siyasətinə də daxil edirdi: "Qəzetəmizin millətin tərəqqisini, istiqlaliyyətimizi mühafizə etməsini, milliləşməsini arzu edir və bu məqsədlə milləti irşada çalışacaq”.
"Hökumət və millət”, "Firqəçilik və biz”, "Vətən nasıl yüksəlir” sərlövhəli məqalələri ilk sayında çap edən qəzet öz qəzetçilik siyasətinə sədaqətli olduğunu ortaya qoyur. Bu məqalələrin heç birində firqə marağı, siyasi iddia hiss olunmur, bitərəf təhlillərə üstünlük verilir. Hər bir firqənin dövlətin və millətin "salamat və rifahına” çalışmalı olduğunu və bunun ən yaxşı örnəklərinin bəzi Avropa dövlətlərinin siyasi həyatında müşahidə olduğunu "Firqəçilik və biz” məqaləsində əsaslandırmağa çalışan qəzet yazır: "Avropa və s. məmləkətlərdə dövlət firqələrinin birinin digərinə daban-dabana zidd getmələri görünsə də, vətəni müdafiə etmək lazım gələndə özlərini sanki aralarında heç bir ixtilaf olmamış kimi aparırlar”. Azərbaycanda isə partiyaların bir-birinə zidd davranışlarını, düşmənçilik siyasətlərini, söz və əməllərinin üst-üstə düşmədiklərindən gileylənən "millət müdafiəçi”ləri yazır: "Ey müəzzəm Azərbaycan türk milləti! Yalançıların sözlərinə aldanmayaraq vətənimizi müdafiə və mühafizə üçün aralarınızdakı ədavəti götürün. Əllərinizi bir-birinizə uzadın. Bu zaman çalışmaq zamanıdır”. Müstəqil, gənc Azərbaycan Cümhuriyyətini qorumağı partiyalardan deyil, sıravi vətəndaşlardan gözləyən "müdafiəi-millət”çilər vətəni sevməyin ən böyük amal olduğunu xüsusi vurğulayırlar. Vətəni sevməyin "Qurani-Kərim”də də əksini tapdığını qeyd edən qəzet yazır: "Yer üzündə islamlar ittihad etsə, bir-birilərinin əleyhinə iş aparmasalar, vətən yüksələr”. İnkişaf etmiş dövlətlərin tarixinə nəzər salıb, bu yüksəlişin səbəblərini aydınlaşdırmaq istəyənlərə müəllifin bir cavabı var: "Vətən çalışmaqla, həmiyyət ilə yüksəlir”.
Ölkənin daxili siyasəti ilə yanaşı, xarici siyasətinə də toxunan "müdafiəi-millət” avqustun 6-dakı sayında "Xarici siyasətimiz” sərlövhəli məqalədə Azərbaycan Cümhuriyyəti xarici işlər nazirliyinin fəaliyyətini tənqid edir. Cümhuriyyətin 1919-cu ilin əvvəllərində Parisə sülh konfransına nümayəndə heyəti göndərməsinə baxmayaraq istiqlaliyyətimizin dünya dövlətləri tərəfindən tanınmadığına işarə vuran qəzet nöqsanların xarici siyasətimizdə vahid istiqamətin olmadığı səbəbindan yarandığını göstərir: "Cümhuriyyətimizin elanı üzərində bu ana qədər xarici uzaq siyasətimiz təchizatında bir müvəffəqiyyət qazanmadı. Osmanlı və Avropa dövlətləri ilə bir münaqişə və bir mübadilə görünmədi. Bu təəssürat isbat edir ki, xarici siyasətimiz öz yoluna məhkum degildir”. Əsaslı bir xarici siyasətin aparılmasının vacibliyini dövlətin gələcəyi və istiqlalının təmininin başlıca şərti olduğunu qeyd edən müəllif yazır: "Bəs lazımdır ki, hökumət gələcək üçün bir təsisdə bulunsun və uzaq dövlətlər ilə əsaslı bir diplomatiya aparmalıdırlar ki, o siyasətlə cümhuriyyətin mənəvi nöqsanları islah olunsun”.
1919-cu ilin ortalarında ingilislərin Zaqafqaziyanı tərk etməsinə ermənilərin təəssüf etdiklərini "Çox yazıq olmuşlar” məqaləsində qəzet orijinal bir variantda təqdim edir: "Srağagün dəniz kənarında gəzərkən qərib və çox qərib bir mənzərəyə rast gəldim. İngilislərin qulluğuna girmiş 3 nəfər erməni nə səbəbdənsə özlərini dənizə atmışlar. Onların ikisi ətrafa yığışan insanlar vasitəsilə qurtuldu. Digəri əldə edilməmiş. Səbəb nə ola əcəba? Acmı qalmışlar, açıqmı qalmışlar? "İngilislər bunlara bir zalimmi etmişlər” - deyərək sordum”. Aldığı cavabdan çox mütəssir olan, ingilislərin Zaqafqaziyada qalmasının ermənilərin siyasi maraqlarına cavab verdiyini qeyd edən müəllif yazır: "Demə ingilislərin Zaqafqaziyanı tərk etməsi onların "qara günü” imiş. Böylə yaşamaqdansa, ölmək daha xeyirli olduğunu fikir edərək özlərini dənizə atmışlarmış”. Bu yazı erməni məkrini, yaltaqlığını çox gözəl təsvir edir və ermənilərin həmişə təsir dairələrində olduğu dövlətlərin maşaları olduqlarını ortaya qoyur.
Bu mətbu orqanın maraq doğuran tərəflərindən biri yazılarda vətənpərvərlik və türkçülük hisslərinin güclü olmasıdır. Müəlliflər yazılarında Azərbaycan vətəndaşlarına türk millətinin övladları olduğunu xatırladır və Türkiyə ilə bağlı bəzi rus qəzetlərinin apardığı təbliğata, yalan məlumatlara etiraz edir, aydınlaşma təqdim edirdi. Qəzetin 3-cü sayında dərc olunan "Ənvər Paşa” məqaləsi də Bakıda şayiə yayan ingilisyönümlülərə bir cavabdır və şayiənin əsassızlığının sübutudur: "Türkiyənin milli qəhrəmanı, yer üzündə bulunan türklərin sərdari-iftixarı Ənvər Paşanın gah Berlində, gah Rusiyada, gah da Türküstanda olduğu, ingilis şayiələrinə görə, Berlindən İstanbula gətirildiyi haqda hər gün bir şayiə çıxmaqda idi. Bu günlərdə aldığımız xəbərlərə görə, Ənvər Paşa Moskva xalq şuraları hökumətinin rəisidir”. Qəzetin verdiyi xəbər doğru idi. Ənvər Paşa həmin vaxt Moskvada fəaliyyət göstərirdi. Ancaq yazıldığı kimi, Xalq Şuraları hökumətində rəis deyildi. Sadəcə maraq doğuran odur ki, Ənvər Paşanın əleyhinə Türkiyədə, İngiltərədə, elə Sovet Rusiyasının özündə də məqalələr çap olunur, I Dünya savaşında böyük rol oynayan bu türk paşası aşağılanırdı. Verdiyi xəbərin ardına qəzet öz arzusunu da oxuculara çatdırırdı: "Tarxi-aləm şimdiyə qədər böyük rollar oynayan bir qəhrəmanın müvəffəqiyyətlərini cənab haqdan diləriz”. "Millətin nəzəri-diqqətinə” məqaləsində də məmləkətdə yayılan şayiələrdən, bir qism fırıldaqçının peyda olunmasından danışılır. Oxuculara məlumat verilirdi ki, Batumda həbs olunan Qafqaz İslam Ordusu komandanı Nuru Paşanın, Bakı qəhrəmanı Mürsəl Paşanın ingilislər tərəfindən azad olunduğu, bu böyük hərb qəhrəmanlarının səfil və sərgərdan gəzdiyi, maddi dəstəyə ehtiyacları olduğu barədə şəhərdə şayiələr gəzir. Bu şayiələri ortaya atanlar Bakıda xüsusi ianə dəftərləri açıb, pul toplayırdılar. Qəzet bu şayiələri təkzib edib, fırıldaqçıların məsuliyyətə cəlb olunmasını tələb edirdi: "Bu adamlar aşkarlanıb, hökumətə təslim olunmalıdır”.
Qəzetin 3-cü sayında baş məqalə "Avropa mədəniyyəti” adlanır”. Bu məqalədə milli ideologiyanın prinsiplərindən biri olan müasirləşmədən, Avropa mədəniyyətinin, elm və sənayesinin Azərbaycanda təşəkkülü və inkişafından bəhs olunur, Qərb ədəbiyyatının, mədəniyyətinin təbliğinin lazımlılığı vurğulanırdı.
"Həftəlik həvadis” rubrikasında dünyada baş verən hadisələr qısa, yığcam və qəzetin özünün yanaşmaları ilə çap olunurdu. Maraq doğuran məqam ondan ibarət idi ki, "Müdafiəi-millət”də xarici ölkələrin informasiya agentliklərinin məlumatlarından və qəzetlərin materiallarından istifadə olunmur. Qəzet informasiyaların təqdimatında yalnız öz mənbələrinə əsaslanırdı. Məsələn, "Əsgər nəğmələri” adlı kitabın "Kaspi” mətbəəsində çap olunduğu barədə qazetin özəl məlumatı qısa və lakonikdir. Məlumatda kitabın satış məkanları barədə də oxuculara məlumatlar verilir.
"Müdafiəi-millət” əhalinin sosial problemlərinə də toxunur, bu səpkili məqalələr çap edirdi. Qəzetin 2-ci sayında dərc olunan "Qəssabların insafsızlığı” məqaləsində ətin qiymətinin qəssablar tərəfindən süni şəkildə artırıldığı tənqid edilirdi.
"Həftəlik təqvim” rubrikasında ölkədə baş verən hadisələr, qəzetlərdə yazılan problemlər, əhalinin üzləşdiyi çətinliklər kiçik dialoqlar şəklində oxuculara çatdırılırdı. Bu dialoqlar bədiiləşmiş bir formada təqdim olunduğundan kiçik ədəbi nümunələr kimi maraq doğurur.
Mətbuat aləmində cəmi 4 sayı ilə tarixləşən "Müdafiəi-millət” qəzeti milli mövqedə dayanıb, milli-mənəvi dəyərlərin qorunmasını, türkçülüyü, dövlətin informasiya təhlükəsizliyini və maraqlarını müdafiə etdiyi üçün əhəmiyyətlidir.
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb