Müəllimlər arasında rəqabət yaranacaq

Qiymətləndirmədən keçənlərin maaşlarının artırılması, digərlərini də ruhlandıracaq


Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov müəllimlərin əmək haqlarının artırılmasından danışıb. "Təhsil Nazirliyi hazırda müəllimlərin sertifikasiyası üzrə mexanizm hazırlayır”. Bu mexanizmə əsasən müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq üçün təlimlər və qiymətləndirilmə həyata keçiriləcək. Bu qiymətləndirmədən sonra yüksək səviyyə göstərən müəllimlərin əməkhaqqı artırılacaq.

Qiymətləndirmədən keçə bilməyən və aşağı səviyyə göstərən müəllimlərin maaşı artırılmayacaq. Müəllimlərin qiymətləndirilməsi nazirliyin müvafiq qərarı ilə hər il həyata keçiriləcək. Növbəti qiymətləndirmə mərhələsində yenidən iştirak etmək istəyən və daha uğurlu nəticə göstərən müəllimlər "Müəllimlərin müəllimi”, "Baş müəllim”, "Peşəkar müəllim” kimi dərəcələrin verilməsi nəzərdə tutulur”. Nazirliyin addımı barədə ekspertlər birmənalı düşünmürlər. Bunu müsbət dəyərləndirənlərlə yanaşı, təşəbbüsün müəllimlər arasında ayrıseçkiliyə xidmət etdiyini söyləyənlər də var. Üstəgəl, bəzi təshil mütəxəssisləri hesab edirlər ki, hansısa bir müəllim təlim və qiymətləndirməni keçə bilmirsə, məktəbdə işləməsi doğru deyil. Onlar məktəblərdən uzaqlaşdırılmalıdır. Çünki bilik göstəricisi aşağı olan müəllimlər təhsil həyatımıza müsbət heç nə vəd etmir. Yox əgər nazirlik həmin müəllimləri məktəbdə saxlayıb, yüksək intellektual potensiala malik olan müəllimlə eyni auditoriyaya göndərirsə, əməkhaqları məsələsi hər iki kateqoriyaya şamil olunmalıdır. Əks halda qurumun addımı bilik səviyyəsi aşağı olan müəllimlərə qarşı ədalətsizlikdir.

Məlumat üçün bildirək ki, bu ilin iyun ayında keçirilən müəllimlərin sınaq qiymətləndirilməsində Bakı məktəblərinin müəllimlərinin 96 faizi iştirak edib. "Müəllimlərin 14.4 faizi qiymətləndirilmədə zəif, 85.6 faizi qənaətbəxş nəticə göstərib”.

Nazirliyin addımına aydınlıq gətirən Təhsil üzrə ekspert Əjdər Ağayev "Şərq”ə açıqlamasında qeyd edib ki, artım həvəsləndirici mahiyyət daşıyır. Onun sözlərinə görə, bu, müəllimlik

fəaliyyətinin naminkulaturasından kənardır: "Bu ruhlandırıcıdır. Həm də müəllimlər arasında rəqabət yaradır. Zəif müəllimlər üzərlərində çalışırlar ki, növbəti təlimdə yüksək səviyyə qazansınlar. Bu baxımdan təşəbbüsü əhəmiyyətli saymaq olar”.

İmtahanı keçə bilməyən müəllimin məktəbdə qalması məsələsinə gəlincə, ekspert söyləyib ki, bilik səviyyəsi aşağı olanların dərslərində iştirak edib qiymətləndirmək lazımdı: "İmtahan hər şey demək deyil. Həmin müəllimin dərsində iştirak edib, dərsi təşkil etmə qabiliyyətini yoxlamaq, şagirdlərlə davranışına baxmaq lazımdır. Ola bilər ki, imtahanda zəif nəticə göstərən müəllim daha yaxşı kadr hazırlayır. Dərsə davamiyyətdə, tələbkarlıqda, dərs izah etməkdə daha qabiliyyətlidir. Dərsdə tətbiq etdiyi metodika nəzərdən keçirilməlidir. Bunu araşdırmaq lazımdı. Araşdırma aparıldıqdan sonra müəyyənləşsə ki, heç bir qabiliyyəti yoxdur, hansısa məmurun tapşırığı ilə və yaxud saxta diplomla işləyir, onu azad etmək lazımdır. Məsələyə kompleks yanaşılmalıdır”.

Ayyət Əhməd