Müəllimlər tibbi müayinədən keçməlidir

Qoyulan tələblər tamamilə qanunidirXəstəliyi olan adamların uşaq müəssisələrində, iaşə obyektlərində çalışması yolverilməzdir
"Vicdanlı vətəndaş hansısa yoluxucu xəstəliyi olduğunu bildiyi halda, gedib uşaq müəssisəsində, uşaq bağçasında, orta məktəbdə işə düzəlməz”
Müəyyən xəstəliyi olmasına baxmayaraq tibbi müayinədən imtina edən müəllimin məktəbəqədər təhsil sahəsində işləməsinə icazə verilməyəcək. Bu, Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənmiş "Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi qaydası”nda öz əksini tapıb.
Bu qaydalara görə, təhsilverənlərlə əmək müqaviləsi bağlanılarkən onların yaşadığı ərazi üzrə ambulator və ya stasionar tibbi xidmət göstərən tibb müəssisəsindən sağlamlıq haqqında arayışın təqdim olunması vacibdir.
Təhsilverənlər "Məktəbəqədər təhsil haqqında” qanununa uyğun olaraq ildə bir dəfə dövlət tibb müəssisələrində dövri tibbi müayinədən dövlət hesabına keçirlər.
Bu qayda mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrinə şamil edilir və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri bu Qaydaya əməl edilməsinə görə məsuliyyət daşıyırlar.
Məktəbəqədər təhsil müəssisəsində çalışan müəllimlərdən ağciyərlərin flyuoroqrafiyası, həkim göstərişinə əsasən ağciyərlərin rentgenoqrafiyası, qanın analizi (QİÇS-ə, hepatit B, C-yə, sifilisə), nəcisin analizi (helmitozlara və patogen ibtidailərə yoluxma ilə bağlı), süzənək testi, bağırsaq infeksiyaları ilə bağlı bakteriya gəzdiriciliyinə görə müayinə üzrə dövri tibbi yoxlama və müayinələrdən keçmək tələb olunur.
Tibbi müayinədən imtina edildikdə və dövri tibbi müayinədən keçmiş şəxslərdə bəzi xəstəliklər aşkar edildikdə onların işə buraxılmasına həmin xəstəliklərdən tam sağalma təsdiq edilənə qədər onların işə buraxılmasına icazə verilməyəcək.
Xatırladaq ki, bir neçə gün öncə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi uşaq müəssisələrində açıq formalı vərəm xəstələrinin çalışdığını və onlara nəzarət edilmədiyini, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova da azyaşlılar arasında vərəm xəstələrinin sayının artdığını bildirmişdi.
Məktəbəqədər təhsil sahəsində çalışanlara icbari tibbi müayinədən kəçmək şərtinin qoyulması məhz bu baxımdan zəruri hesab edilir.

Məsələ ilə bağlı "Şərq”ə danışan ADP sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu icbari tibbi müayinədən keçmək şərtinin hələ sovet vaxtından mövcud olduğunu dedi:
- Sovet vaxtı da işə qəbul olunmaq üçün müraciət edənlərdən sağlamlıq haqqında arayış tələb olunurdu. Elə peşələr var ki, ona uyğun da sağlamlıq meyarları tələb olunur. Məsələn, sürücülərdən müvafiq görmə qabiliyyəti, ictimai iaşə obyektlərində çalışanlardan yoluxucu xəstəliklərinin olub-olmaması, müəllimlərdən də həm müvafiq görmə, həm də eşitmə qabiliyyəti yoxlanmalıdır. Bunların hər peşəyə uyğun faiz dərəcəsi var. Hansı məsafəyədək irəlini görməlisən, eşitmə qabiliyyəti hansı dərəcədə olmalıdır və s. Eyni zamanda psixoloji müayinə də vacibdir. Son zamanlarda neçə dəfə belə məlumatlar verilib ki, filan məktəbdə müəllim şagirdə qarşı fiziki zorakılıq tətbiq edib, bəzi üzdəniraq "müəllimlər” məktəbli qızlara qarşı ədəbsiz hərəkətlər edib... Bu davranışların kökündə psixoloji pozğunluqlar dayanır. Elmi şəkildə sübut olunub ki, zorakılıq tətbiq edənlər psixoloji problemləri olan insanlardır. Yaşanmamış yaşantı deyilən sindrom var. İnsan uşaq yaşlarında ailədə zorakılıq görürsə, normal, sağlam ailə həyatı yaşamırsa, o insanın psixoloji problemlərinin olacağı gözləniləndir. Sovet vaxtı məsəl vardı, deyirdilər, bəzən zamanında vurulmuş şillə illərin tədrisini əvəz edə bilir. Bu prinsipin də tamamilə yalan olduğu üzə çıxdı. İnsanın tərbiyəsi yalnız məhəbbət və mərhəmətə əsaslanmalıdır. Pedaqogika yalnız məhəbbətlə təlqin etməni əsas tutur. Məhəbbətlə tərbiyələndirilməyə çalışılan uşağın davranışlarında getdikcə fundamental dəyişikliklər baş verir. Psixoloji problemləri olan müəllim şagird qarşısına çıxmamalıdır. Müəllimlik peşəsində tibbi sağlamlıq vacib olduğu qədər fiziki sağlamlıq da vacibdir. Əgər bir insanda hansısa yoluxucu, parazitar xəstəlik varsa, təbii ki, onun uşaq müəssisəsində, həmçinin, ictimai iaşə obyektlərində çalışması yolverilməzdir. Çünki bu, uşaqlar üçün böyük riskdir. Qoyulan tələb tamamilə qanunidir. Amma bu, insanların peşə hüququnun məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır. Xəstəliklərin müalicəsi, aradan qaldırılması lazımdır. Bu cür insanlara dövlət qayğısı olmalıdır, işləmədikləri müddətdə onlara kompensasiya ödənməlidir. Əks halda bu, peşə hüququnun məhdudlaşdırılması olacaq ki, bu da sosial ədalət prinsipinə ziddir.
S.Cəlaloğlu bildirdi ki, tələb olunan xəstəliklərlə bağlı (vərəm xəstəliyinin bütün klinik formaları, sifilis, süzənək xəstəliyi, parazitar xəstəliklər, kəskin və xroniki bağırsaq infeksiyalarının bütün klinik formaları, kəskin virus infeksiyaları, kəskin bakterial infeksiyalar, bakterial infeksiyalarla bağlı bakteriya gəzdirənliyin bütün formaları, ruhi xəstəliklər, narkoloji xəstəliklər (narkomaniya, alkoqolizm, toksikomaniya, ağıreşitmə) sağlamlıq haqqında arayış təqdim etmək təkcə müəllimlərə deyil, hamıya, bütün işçilərə aid edilməlidir. Və hər bir işçi işə qəbul olunarkən sağlamlıq haqqında arayış təqdim etməlidir. Amma bəzən ən ağır formalı xəstələr hardansa, kimlərinsə vasitəsilə sağlamlıq haqqında müsbət arayış alır və təqdim edirlər:
- Bilirsiz, bu, bir az da vicdan məsələsidir. Vicdanlı vətəndaş hansısa yoluxucu xəstəliyi olduğunu bildiyi halda, gedib uşaq müəssisəsində, uşaq bağçasında, orta məktəbdə işə düzəlməz. Özünə etiraf edər ki, mən təhlükə yaradıramsa, bu işdə çalışa bilmərəm. İşəgötürənlər də vicdanlı olub tibbi sağlamlıq haqqında arayışın təqdim olunmasına ciddi yanaşmalıdırlar.
Məlahət Rzayeva