Müəllimlərin əməkhaqqı artacaq
Amma bu sınaq imtahanından keçə bilməyənlərə şamil edilmir
Dünən müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib. Tədbirdə iştirak edən təhsil naziri Mikayıl Cabbarov ilk növbədə təhsil işçilərini yeni təhsil ilinin başlanması münasibətilə təbrik edib. Son illər təhsil sistemində bir sıra yeniliklərin baş verdiyini vurğulayan nazir çıxışı zamanı 2013-cü il oktyabrın 24-də Prezident İlham Əliyevin təsdiqlədiyi "Təhsilin inkişafı üçün dövlət strategiyası”na da toxunub:
"Təhsilimizin gələcəyini müəyyən edən bu sənəd həyati əhəmiyyət kəsb edir. Son 10 ildə ölkəmizdə təhsil strukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb. 2800-dən çox yeni məktəb tikilib və əsaslı təmir olunub. 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Təhsil Nazirliyi tərəfindən bu il 82 təhsil obyektində, o cümlədən 64 orta məktəbdə təmir işləri aparılıb. 265 fizika, kimya və biologiya laboratoriyaları müasir avadanlıqla təchiz olunub. Bu il 70-dən çox məktəbin internet şəbəkəsinə qoşulması təmin olunub”.
M.Cabbarov bildirib ki, builki sınaq imtahanından keçməyən müəllimlərin əməkhaqqının artırılması məsələsi gündəmdə olmayacaq: "Bakı şəhərində yerləşən məktəblər lokomotiv funksiyasını yerinə yetirir. Müəllimlərin sınaq qiymətləndirilməsində iştirak edənlərin 14 faizi aşağı, 18 faizi yüksək, 68 faizi orta nəticə göstərib. Bəzi müəllimlərin dərs yükü azdır. Belə olan halda dərs saatına uyğun əməkhaqqının artırılması ciddi nəticə verməzdi. Biz öncə dərs yükünü optimallaşdırmalıyıq, sonra əməkhaqları artırılacaq. Sınaq qiymətləndirmələri keçirdik. Bakı şəhərində yerləşən sınaq qiymətləndirilməsi imtahanından keçən müəllimlərin əməkhaqlarının artırılması nəzərdə tutulub. Sınaq qiymətləndirilməsində iştirak etmədiyi üçün bölgələrdə yerləşən məktəblərin müəllimlərinin əməkhaqqı artırılmayacaq. Biz nəzərdə tuturuq ki, növbəti dövrdə bölgələrdə sınaq qiymətləndirilməsi keçirilsin. Bundan sonra qiymətləndirməyə uyğun olaraq dərs saatı və hər saatın maddi dəyəri artırılacaq”.
Biz bunu kor-koranə tətbiq edə bilmərik və etməməliyik
Konfrans zamanı 12 illik təhsilin tətbiqi məsələsinə toxunan M.Cabbarov vurğulayıb ki, 12 illik təhsillə əlaqədar müvafiq dövlət orqanları ilə birgə iş aparılır. Nazirin sözlərinə görə, dünya ölkələrinin əksəriyyəti orta təhsil sistemində 12 və daha çox illik təhsil sistemini tətbiq edir: "Lakin biz bunu kor-koranə tətbiq edə bilmərik və etməməliyik. Bunun üçün son siniflərdə ixtisaslaşmanın olması fəlsəfəsini ortaya qoymalıyıq. Orta məktəbin son siniflərində icbari fənlərin sayının azaldılması qarşıya bir məqsəd kimi qoyulub”. M.Cabbarov onu da deyib ki, həmin tədris proqramı hazırlandıqdan sonra uzun müddətdə Təhsil Nazirliyinin tabeliyində olan ümumtəhsil məktəblərində sınaqdan keçirilməlidir. Bu proqram məktəblərdə həm də alternativ imkan kimi təqdim olunmalıdır: "Bir sözlə, bu, şagird və ya valideynin seçimi olmalıdır. Analoji şəkildə, öz ixtisasını seçən və gələcəyini texniki, humanitar ixtisaslarda və ya tibb elmlərində və digər ixtisaslarda görən şagird üçün ixtisaslaşmış proqram təmin olunmalıdır”. Sonda nazir 12 illik təhsil sisteminə keçidin vaxtı barədə qərarın ictimaiyyətə əvvəldən elan ediləcəyini qeyd edib.
Hazırda ümumtəhsil məktəblərimizdə çox gözəl şərait yaradılıb
Ümumtəhsil məktəblərinin maddi-texniki bazası barəsində hər il danışıldığını vurğulayan nazir bildirib ki, məktəblərimizin və Bakının əksər məktəblərində son 10 il ərzində əsaslı təmir işləri həyata keçirilib. Hazırda Bakı məktəblərinin çox hissəsi 1 növbəli prinsiplə fəaliyyət göstərir. Bu da öz növbəsində o deməkdir ki, bizim üçün təhsil sistemində yeni imkanlar açılır. Bunların bəzilərindən biz istifadə etməyə başlamışıq.
Nazirin sözlərinə görə, oktyabrın 1-dən məktəbəqədər kurslar Bakıda yaşayan uşaqlar üçün artıq təklif oluna bilər: "Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən məktəbəqədər təhsillə əhatə layihəsi üçün bu, çox gözəl bir töhfədir. Qarşımızda duran əsas vəzifə isə ora tədris metodikası ilə təmin olunsun və bu işə nazirliyin müvafiq şöbəsi dəstək versin, müvafiq monitorinqlər keçirilsin”. M.Cabbarov deyib ki, məktəbəqədər hazırlıq bütün potensialımızdan istifadə etmək deyil: "Düşünürəm ki, burada potensial daha genişdir, xüsusilə biz əgər məktəbdən kənar fəaliyyətdən danışırıqsa. Son illər ərzində bununla bağlı çox işlər həyata keçirilib. Bunların əsas məqsədi isə yeni quruculuqdan daha çox təhlil idi, qalan bu sahədə olan problemlərin təhlili və həlli. Artıq elə bir mərhələdəyik ki, biz bu istiqamətdə də nailiyyətlər əldə etmişik”.
Şəymən