Müğənnilərə bəd xəbər:"İfa və danışıq tərzlərinin monitorinqinə başlanılıb" - Rəsmi





Müğənnilərə də danışıq dili qadağası gəlir. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva «"Sherg.az"a açıqlamasında bildirib ki, müğənnilərin ifa və danışıq tərzinin monitorinqinə artıq başlanılıb. Monitorinqlər aprel ayında bitəcək və nəticə barədə xəbər ictimaiyyətə açıqlanacaq.

Sözsüz ki, bu xəbər bir sıra müğənnilərin heç ürəyindən deyil. Nə çoxdur, efirdə geninə-boluna, kefi istədiyi kimi, ya da bacarığı qədərində danışan müğənnilərimiz. Elələri var, efirdə özünə heç bir məhdudiyyət qoymadan dialekt və şivəylə danışır. Sözlərin deyiliş qaydasının düzgün olub-olmadığına da önəm vermirlər. Bəs, aparılan monitorinqlərin müğənnilərə təsiri olacaqmı? Deyək ki, monitorinq aparıldı və hansı müğənninin ifasının səhv, danışığının düzgün olmadığı üzə çıxdı. Müğənniyə təsir mexanizmi necə olacaq? Onlara təsir etmək mümkündürmü?

Məsələni şərh edən S.Əliyeva monitorinqlərdən məqsədin kiminsə cəzalandırılması olmadığını dedi:

- Birinci məqsəd müğənnilərin ifa tərzinin, ikinci isə, danışıq dillərinin monitorinqinin aparılmasıdır. Müğənnilər daim efirdədir, müxtəlif musiqili-əyləncəli, şou və tok-şou proqramlara qatılırlar. Müğənninin dinləyicisi varsa, deməli auditoriyaya təsir imkanı da var. Bu təsirin mənfi deyil, müsbət olmasına çalışmalıdırlar. Müğənninin ifası sözlərin deyilişi baxımından qüsurludursa, tamaşaçı da bu sözü səhv tələffüz edə bilər. Bir misal deyim; Azərbaycan dilində bəlkə də dünyanın başqa heç bir xalqının dilində olmayan «qadan alım» kəlməsi var. Əgər müğənni «qadan alım» kəlməsini özünə xas dialektlə «qadoo.. alım» şəklində deyirsə, bu tamaşaçının dilində həmin kəlmənin səhv tələffüzünü formalaşdıra bilər. Bizim xalq mahnılarımızın və bəstəkar mahnılarının tanınmış ifaçıların təqdimatında lent yazıları mövcuddur. 

Biz monitorinqlər zamanı həmin ifaları hazırkı ifalarla müqayisə edəcəyik. Çünki əvvəlki ifalar düzgün oxu tərzi ilə yadda qalıb. Danışıq dili ilə onsuz da efirdə aşkar görünür. Bəzi müğənnilərimiz var ki, dialektdən çox istifadə edir. Onların danışığını müşahidə edəndə, insan istər-istəməz düşünür ki, axı mənim dilim bu deyil. Hətta onların bu danışıq tərzi tələbələrində də hiss olunur. Heç kəsin, hətta ən tanınmış, istər titullu, istərsə də, titulsuz, amma özünü populyar sayan müğənninin Azərbaycan ədəbi dilini korlamağa ixtiyarı yoxdur. Mahnıların sözlərini dəyişməyə də haqları yoxdur.

Bəs ifasında və danışıq tərzində qüsur tapılan müğənni ilə bağlı hansı ölçü götürülücək?

S.Əliyeva qeyd etdi ki, bu, artıq müğənnilərin öz üzərinə düşən işdir:

- Biz bütün monitorinqlərin nəticələrini geniş ictimaiyyətə açıqlayırıq. Milli Teleradio Şurası üzərinə düşən vəzifəni yerinə yetirib telekanallara, radiolara xəbərdarlıq edir. Monitorinqlərdən sonra aparıcıların, müxbirlərin dilində böyük irəliləyişlər hiss edirik. Müğənni də, əgər özünə və tamaşaçısına hörmət edirsə, ifa tərzində də, danışığında da düzəlişlər etməlidir. Bu, artıq hər kəsin mədəni və intellektual səviyyəsinə bağlıdır.

S.Əliyeva bildirdi ki, monitorinqlər artıq aparılır. Bu barədə telekanal rəhbərləri də, aparıcılar da məlumatlıdır. Şöbənin əməkdaşları verilişləri daim izləyir və qeydlər aparırlar.

Məlahət Rzayeva