Müharibə ehtimalı tamam gündəmdən çıxdı
Prezidentlərin danışıqlar masasına oturması qaynar fazanı söndürməyə imkan yaratdı
Son günlər Dağlıq Qarabağda hərbi əməliyyatların keçiriləcəyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Belə ki, Prezidentlərin Paris görüşü də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ümidləri doğrultmadı. Əldə olunan nəticələr onu göstərir ki, problemin həlli hələ çox uzanacaq.
Elə prezidentlərin növbəti dəfə 2015-ci ildə Nyu-Yorkda görüşməsinə dair əldə olunan razılıq da sübut edir ki, hələ "bu xəmir çox su aparacaq”. Prezidentlər, xarici işlər nazirləri görüşlər keçirir, eləcə də, həmsədrlər tərəflərlə ayrı-ayrılıqda görüşürlər, amma nəticə yoxdur. Politoloq isə hesab edir ki, artıq uzun-uzadı formal görüşlərə, həmsədrlərin mənasız səfərlərinə ehtiyac qalmayacaq. Proqnozlar onu vəd edir ki, münaqişənin həllinə yönələn irəliləyiş olmadığı təqdirdə məsələnin hərbi müstəviyə keçməsi an məsələsidir. Azərbaycanın son zaman hərbi-texniki bazasını gücləndirməsi, ehtiyatda olan hərbiçiləri təlimlərə cəlb etməsi də bu ehtimalları doğrulayır. Azərbaycan öz ordusunu daxili istehsal sayəsində müəyyən qədər silah-sursatla təmin etməyi bacarıb.
Politoloqlar hesab edir ki, Dağlıq Qarabağda hərbi əməliyyatların həmən başlamasına mane olan amil ölkəmizdə gələn il keçiriləcək beynəlxalq tədbirdir. Belə ki, Azərbaycan 2015-ci ildə olimpiya oyunlarını başa vurar-vurmaz, Dağlıq Qarabağın işğaldan azad olunması üçün hərəkətə keçəcək. Həmçinin bu müddətdə düşmən tərəf də qondarma soyqırımla bağlı planlarını həyata keçirmiş olacaq.
Qarabağda hər an hərbi əməliyyatların alovlanma ehtimalının olduğunu vurğulayan hərbi ekspert Azad İsazadənin sözlərinə görə, hazırda Azərbaycanla Ermənistan nə sülh, nə də müharibə şəraitində yaşayır. Tərəflər arasındakı bu münasibət isə daimi olaraq bu cür qala bilməz: "Müharibə aparmaq və ərazi bütövlüyünü təmin etmək əslində, Azərbaycanın haqq işidir. Bunu hamı deyir. Həm beynəlxalq hüquq, həm də bütün qurumlar. Məhz bu məqsədlə ordumuz döyüş hazırlığını durmadan artırır və bu da Ermənistan silahlı qüvvələri ilə müqayisədə özünü göstərir. Sirr deyil ki, həqiqətən də Silahlı Qüvvələrimizin düşmən ordusunu dəfələrlə üstələməsi xarici mütəxəssislər tərəfindən də açıq etiraf olunur.
Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi sözün həqiqi mənasında çox uzandı. Problem ya sülh yolu ilə öz həllini tapmalıdır, ya da tərəflər yenidən savaşaraq bu məsələni kökündən həll etməlidir. Artıq sülhə dair heç bir ümid qalmadığı üçün də tərəflərin hər an real döyüş vəziyyəti alması gözləniləndir.
Atəşkəs imzalanandan üzü bu yana münasibətlər müharibə fazasına keçməmişdi. Təbii ki, burada xarici qüvvələrin təsirini də inkar etməməliyik. Həm enerji layihələri Azərbaycanı beynəlxalq rəylə hesablaşmağa məcbur edirdi. Həm də son zamanlar ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, olimpiya oyunları Azərbaycanın Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlara başlaması üçün ayaqbağı olurdu. Amma ki, bütün bunların bir sonu olmalıdı. Azərbaycanla Ermənistan arasında müharibə ehtimalı həmişə var, sadəcə onun ehtimal faizi bəzən enir, bəzən də çoxalır. Bu isə birmənalı olaraq, cəbhədəki vəziyyətdən asılıdır”.
Ekspertin sözlərinə görə, avqust ayında baş verən atəşkəs pozuntusundan sonra Dağlıq Qarabağda müharibə ehtimalı özünün ən yüksək səviyyəsinə qalxmışdı. Münasibətlərin yaydakı kimi kəskinləşəcəyi təqdirdə birdən-birə müharibə elan olunmasını isə heç kəs istisna edə bilməz. Çünki bu cür gərgin vəziyyətləri heç də hər zaman stabilləşdirmək olmur.
Prezidentlərin görüşünün nəticəsiz qalmasına gəldikdə isə A.İsazadə deyib ki, bu görüşləri o qədər də əhəmiyyətsiz hesab etmək doğru yanaşma deyil. Faktiki olaraq, danışıqlar bir müddət üçün qaynar fazanı söndürməyə imkan yaratdı: "Son zamanlar münasibətlər həqiqətən kəskinləşdiyi üçün savaş ehtimalı dediyim kimi çox yüksək idi. Amma Soçi görüşü və onun ardından da
Parisdəki müzakirələr müvəqqəti də olsa, bölgədə sabitliyin hökm sürməsinə yol açdı. Onu da deyim ki, bu cür görüşlərlə Qarabağ probleminin prinsipial həllinə nail olmaq inandırıcı deyil. Çünki hər iki tərəf xarici amillərin təsiri altındadır. Bölgədə maraqları olan qüvvələr isə Azərbaycanla Ermənistan arasında nə sülh yaranmasına, nə də hərbi əməliyyatların alovlanmasına icazə verir. Amma səbrin də bir hüdudu var. Gec-tez tərəflər hərəkətə keçəcək. Onu da deyim ki, hər nə qədər 2015-ci il Azərbaycanda keçirilən olimpiya oyunları ölkəmizə müharibəni başlamaq üçün mane olacaq səbəbdirsə, ermənilər üçün qondarma erməni soyqırımının 100-cü ildönümü müharibəni başlamaq üçün bir o qədər əhəmiyyətlidir. Onlar özlərini dünyaya qurban kimi tanıtmaq üçün hərbi əməliyyatlardan müsbət amil kimi yararlana bilərlər. Həmçinin paralel olaraq, Azərbaycanda keçirilən olimpiya oyunlarını pozmaq üçün ermənilərin bundan istifadə etmə təhlükəsi var”.
Prezidentlərin görüşü məsələsində həmsədr ölkələrin bir-biri ilə rəqabətə girdiyini vurğulayan hərbi ekspert hesab edir ki, tərəflərdən biri aktivləşən kimi digər tərəf də analoji addım atmağa başlayır. Çünki onların əsas məqsədi münaqişənin həllinə nail olmaq yox, üstünlüyü hansısa tərəfin götürməsinə mane olmaqdır: "Əslində Dağlıq Qarabağ probleminin bu qədər uzanmasında başlıca səbəb 3 həmsədr dövlətin fərdi maraqlarıdır. Sanki onların əsas missiyası münaqişənin həllinə nail olmaq yox, problemi "ölü nöqtə”də saxlamaqdır. Minsk Qrupu həqiqətən də siyasi turizmlə məşğuldur. Onlar özləri üçün ölkələri gəzir, keflərinə düşəndə də cəbhə xəttində monitorinqlər keçirməklə işlərini bitmiş hesab edirlər. Hətta onların bu "fəaliyyət” üçün yüksək maaş aldıqları da istisna deyil. Hesab edirəm ki, Minsk Qrupunun statusunu və tərkibini dəyişməyin vaxtı çoxdan gəlib çatıb. Çünki bu tərkiblə Minsk Qrupu bizə vaxt itkisindən başqa heç nə vəd eləmir”.
Şəymən