114 nəfər jurnalist mükafatlandırıldı, onların 4-ü “Şərq”in əməkdaşıdır
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Milli Mətbuatın 141 illiyi münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin yekunlarına və qaliblərin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Fondun icraçı-direktoru Vüqar Səfərli, Müşahidə Şurasının üzvləri, habelə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirmiş ekspertlər və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.
Fondun icraçı-direktoru Vüqar Səfərli media nümayəndələrini Milli Mətbuatın yaranmasının 141 illiyi münasibətilə təbrik edərək, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb. Ölkədə söz, fikir və mətbuat azadlıqlarının təminatı sahəsində ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayan V.Səfərli təşkil etdiyi müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini önə çəkib.
V.Səfərli mayın 26-dan iyulun 12-dək davam edən müsabiqəyə 70 kütləvi informasiya vasitəsindən 167 yazının təqdim edildiyini, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini bildirib. İcraçı-direktor Fondun Müşahidə Şurasının iclasında ekspertlərin balları əsasında 114 nəfər jurnalistin qalib elan edildiyini diqqətə çatdırıb. O, müsabiqədə hər istiqamət üzrə I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu bildirib.
Sonra yazı müsabiqəsinin ekspertlərinin fikirləri dinlənilib. Fondun ekspertlərindən olan "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid müsabiqəyə təqdim olunan yazıları yüksək qiymətləndirdiyini bildirərək, jurnalist peşəsinə tələbkar yanaşmağı, daha obrazlı şəkildə yazılmasını, eyni zamanda mövzuya yanaşarkən fərqliliyi və obrazlılığı nəzərə almağı diqqətə çəkdi. R.Məcid təqdim olunan 114 mükafatdan 3 bölgə müxbirinin 1-ci yerin qalib olmasının sevindirici hal olduğunu qeyd edib.
BDU-nun professoru Cahangir Məmmədli, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli çıxışlarında müsabiqələrə təqdim edilmiş yazılar barədə fikir və rəylərini bildiriblər. Ekspertlər çıxışlarında ölkə jurnalistlərinə Fondun təşkil etdiyi müsabiqələrə daha yaradıcı yanaşmağı, tədqiqatlara və analitik mövzulara, eləcə də fərdi və orijinal yazı üslubuna üstünlük verməyi tövsiyə ediblər.
Sonda müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib, 2 və 3-cü yerin qalibləri mükafatlandırıldı və 1-ci yerin qaliblərinin adları açıqlanaraq, 22 iyul Milli Mətbuat Günündə mükafatlandırılacağı bildirilib. Qeyd edək ki, qaliblər sırasında "Şərq” qəzetinin əməkdaşı da var.