Müsavatın çöküşü...
Növbəti hədəf ya Qubad İbadoğlu, ya da Vurğun Əyyubdur
"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə görüşən Müsavat başqanı Arif Hacılı son günlər partiya ilə qəzet arasında yaranmış ziddiyyətləri aradan qaldırmağa çalışıb. Arif Hacılı müavini Osman Kazımovun mövqeyini bölüşmədiyini və "Yeni Müsavat”ı dəstəklədiyini bildirib. Görüş barədə məlumat verən R.Arifoğlu da başqanla arasında keçən görüşün dostluq atmosferində baş tutduğunu və müəyyən razılığa gəldiklərini deyib.
Amma yaşanan hadisələr göstərir ki, məsələ bir görüşdə həll olunacaq qədər sadə deyil. Ekspertlərin fikrincə, partiyada təmsil olunan xeyli funksioner, xüsusən də A.Hacılının yaxınları qəzetlə yola getmirlər. Amma başqan çətin durumda olduğundan hələlik "Yeni Müsavat” rəhbərliyi ilə münasibətlərini normal saxlamağa çalışır. Çünki partiyada onu qəbul etməyən və artıq təşkilatlanmaqda olan böyük bir qrup var. Bu səbəbdən də A.Hacılı özünə ikinci cəbhə açmaq istəmir. Bildiyimiz kimi Müsavat Partiyasının üzvü Qubad İbadoğlunun yaratdığı yeni hərəkat partiya daxilindəki vəziyyəti daha da qəlizləşdirib. 13 nəfərin yaratdığı hərəkat daha çox parçalanma yönündə atılan addım kimi qiymətləndirilir. Müsavat başqanı Arif Hacılı da sosial şəbəkədə buna işarə edən status paylaşıb və partiyada parçalanma təhlükəsinin ciddi olduğuna diqqət çəkib: "Narazılar bizim dediklərimizdən, yazdıqlarımızdan nəticə çıxarmalıdır. Müsavat tam parçalanma mərhələsindədir”. Hərəkatın təşkilatlanma dövrünə qədəm qoyduğunu deyən Qubad İbadoğlu da faktiki olaraq bu gün Müsavatın iki cəbhəyə bölündüyünü bildirib. Başqanlığa keçmiş namizədin sözlərinə görə, iki qrup arasındakı mübarizəni normal məcraya yönləndirmək mümkün olsa da, təəssüf ki, bu baş vermədi. Əksinə, tərəflərarası gərginlik daha da artdı: "Bu ziddiyyət partiyanın idarə olunmasında ciddi çətinliklər yaradır. İki ay davam edən müzakirələr də göstərdi ki, müsavatçıların bir hissəsi partiyadaxili demokratiyaya hazır deyil, bəziləri isə partiyadaxili demokratiyadan sui-istifadə edir”. Q.İbadoğlu deyib ki, hərəkatın yaradılması heç də Müsavat Partiyası ilə əlaqələrinin kəsilməsi anlamına gəlməməlidir: "Hərəkat ictimai birlik formatında fəaliyyət göstərəcək. İctimai hərəkatda siyasi məqsədlər güdmürük. Odur ki, bundan sonra da Müsavat Partiyasında qalaraq fəaliyyətimi davam etdirmək əzmindəyəm”.
Partiyadan bir müddət əvvəl istefa verən və yeni hərəkata qoşulan Əlövsət Talışxanlı isə bildirib ki, parçalanmanın olub-olmayacağı narazılardan deyil, partiya rəhbərliyindən asılıdır: "İctimai hərəkatın yaranması normal addımdır. Burada mənfi heç nə görmürəm. Əgər partiyanın siyasətini əksəriyyət bölüşmürsə, çıxış yolu ya fraksiya, ya da ictimai hərəkat yaratmaqda idi. Bu fikirlər gündəmə gəldi və hərəkat daha çox dəstəkləndi”.
Narazılardan olan və hərəkatda təmsil olunan Səxavət Əlisoy isə ADR-in yaranmasının Müsavatın parçalanması yolunda atılan addım olduğunu deyib: "Bunun başqa adı yoxdur? Parçalanma baş verməməsi üçün ya narazılar saxtakarlığı qəbul etməlidir, ya da qarşı tərəf dinləməyə hazır olmalıdır. Bunlar olmadıqda isə narazılar məsləhət bildikləri qurumu yaratmalıdır. Bu da baş verdi. İndi adını parçalanma, bölünmə, dağılma qoysunlar, nə qoyurlar, qoysunlar. Fakt odur ki, partiya daxilində "qalib” tərəflə bir yerdə olmaq mümkün deyil”.
Müsavat başqanının müavini Elman Fəttah isə partiyanı bölməyə çalışan narazıları hədələyib. Partiya funksioneri bəyan edib ki, ictimai birlikdə təmsil olunan partiya üzvləri qurum əleyhinə fəaliyyət göstərərlərsə, buna görə cavab verəcəklər: "Əgər ictimai birlikdə təmsil olunan müsavatçıların fəaliyyəti partiyaya qarşı olmayacaqsa, onlarla bağlı hər hansı tədbirimiz olmayacaq. Amma əleyhimizə çalışsalar, sözsüz ki, bunun qarşısı alınacaq”.
Partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Sevinc Hüseynova da Qubad İbadoğlunu hədəf alıb: "Qubad bəyin sonuncu müşavirədə mənim haqqımda və komissiya barədə çıxışı onun subyektiv fikridir. Təqdim etdiyi arayışa bizim cavabımız onu qane etmədiyinə görə qərəzli münasibəti var. Mən belə məsələdə çox prinsipial mövqe qoymağı bacarıram. Arayışa sənədlərlə, protokollarla çox dəqiq araşdırılaraq cavab verilib. Məni MNTK sədrliyindən ancaq komissiyanın üzvləri kənarlaşdıra bilər. Hələ ki komissiyada Qubad İbadoğlunun məsələsi müzakirə olunmayıb. Ancaq o, daha da irəli getsə, barəsində müzakirə aparıla bilər”.
Qubad İbadoğlunu dəstəkləyən Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli Müsavatda növbəti hədəfin Qubad İbadoğlu və Vurğun Əyyub olduğunu bəyan edib. E.Məmmədlinin fikrincə, rəhbərlik MNTK-ya xüsusi olaraq belə bir tapşırıq verib: "Halbuki nə Vurğun bəy, nə də Qubad bəy partiya haqqında pis söz işlətməyiblər. Mən əvvəl də demişəm ki, yeni rəhbərlik verəcəyi qərarı öncə sosial şəbəkələrdə müzakirəyə çıxarıb hədəfi tənqid edir, sonra qərarını verir. Vaxtilə Osman Kazımov da bu proseslərin anonsunu əvvəlcə sosial şəbəkələrdə verdi, sonra baş verənlər yaşandı. Görünür, növbəti hədəf Vurğun Əyyub və Qubad İbadoğludur, yaxud ikisindən biridir”.
Müsavat üzvü, keçmiş başqan müşaviri Hüseyn Məlik də açıqlamasında deyib ki, rəhbərlik MNTK-dan müsavatçıları "qorxutmaq” üçün istifadə edir: "Səlahiyyətsiz Məclisin seçdiyi komissiya da, Divan da səlahiyyətsizdir. Biz burda siyasi yox, hüquqi dava aparırıq. Səlahiyyətsiz orqanın seçdiyi qurumlar necə qanuni ola bilər?”. H.Məlik saxta komissiyanın haqsızlığının son həddə çatdığını bildirib: "Əgər Vurğun bəyi çıxarsalar, bu, haqsızlığın son həddi olacaq. Belə bir qərarı mən tanımayacam. Komissiya məhkəmə orqanı kimi narazı müsavatçıları cəzalandırır. Bu qurum fəaliyyətə başlayandan bəri asacam, kəsəcəm, qovacam deməklə məşğuldur”.
İsmayıl