Mütərəqqi addımdır, cəmiyyəti razı salacaq

Ehtiyacı olan şəxslər dövlətin hesabına peşə məktəblərində təhsil alacaqlar






Azərbaycanda peşə təhsili müəssisələrinin ödənişli ixtisaslarına qəbul olunan bəzi şəxslər dövlət büdcəsinin vəsaiti hesabına təhsil ala biləcəklər. Bu, yeni hazırlanan "Peşə təhsili haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, qanunvericiliklə müəyyən olunmuş qaydada sosial müdafiəyə ehtiyacı olan bir qrup şəxsin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Bu qrupa valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, I, II və III qrup əlillər, münaqişə zamanı əlil olanlar və şəhid ailələrinin üzvləri, 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər daxildir.

"Peşə təhsili haqqında” qanun layihəsindəki yeniliyi müsbət qiymətləndirən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev "Şərq”ə bildirib ki, qayğıya ehtiyacı olan, əlil və imkansız şəxslərin dövlət hesabına təhsil alması cəmiyyətimiz üçün vacibdir. 

Onun sözlərinə görə, dövlətin ehtiyacı olan şəxslərə bu cür qayğı göstərməsi onların gələcəkdə peşə sahibi olmasına, cəmiyyətdə bir fərd kimi özünü sübuta imkan yaradacaq: 

"Bu hal mütərəqqi hesab olunmalıdır. Əlillər və fiziki çatışmazlığı olan insanlar da təhsil ala biləcəklər. Onlar həmçinin hansısa peşəyə yiyələnib, öz həyatlarını quracaqlar. Qanundakı yenilik onların cəmiyyətin bir üzvü kimi yaşamasını təmin edəcək. Bu da əlbəttə ki, cəmiyyəti razı salacaq. Ona görə də qanunda belə bir maddənin yer tutması olduqca əhəmiyyətlidir.

 Düşünürəm ki, həm təhsil işçiləri, həm insanlar tərəfindən razılıqla qarşılanmalıdır. Lazım gələrsə, cəmiyyətin müəyyən imkanlı qrupları özü də bu hərəkata qoşulub, qayğıya ehtiyacı olan insanlara maddi dəstək verməklə öz əməklərini sərf etməlidirlər. Onlar dövlətin bu siyasətində iştirak etsələr, əlil şəxslərin təhsil almasının təmin olunması dairəsi daha da genişlənər. Ona görə də qanunvericilikdə belə bir maddənin olmasını dəstəkləyirəm”.

Yeganə Bayramova