“Müxalifətin dil tapmaması siyasi savadsızlıqdır”
Əli Əliyev: “Elə partiya var ki, hakimiyyətin bütün qollarını təkbaşına götürmək istəyir”
Parlament seçkilərinə hazırlaşan siyasi partiyaların bu istiqamətdə fəaliyyətləri davam etməkdədir. Hazırlıq prosesində ən çox müzakirə olunan mövzulardan biri seçkilərə təkbaşına və ya blok şəklində qatılmaq məsələsidir. Bugünə qədər verilən açıqlamalardan aydın olur ki, bir-iki partiyanı çıxmaq şərtilə əksər siyasi qurumlar seçkilərdə birgə iştirakın tərəfdarıdır.
Ötən gün təşkilat daxilində məsələni müzakirə edən Vətəndaş və İnkişaf Partiyasının Siyasi Şurası da parlament seçkilərində birgə iştirakın daha effektiv olacağı barədə qərar veriblər. Partiya sədri Əli Əliyev Demokratiya və İnsan Hüquqları Mərkəzində əməkdaşlıq edən qurumların sonuncu toplantısı haqqında məlumat verərək deyib ki, mərkəz daxilində seçki hazırlıqlarının intensivləşdirilməsi və bu çərçivədə seçki blokunun təsis olunması olduqca zəruridir. Məsələnin yenidən müzakirə olunmasına ehtiyac yarandığını diqqətə çatdıran Ə.Əliyev müxalifətin parlament seçkilərinə vahid platforma əsasında qatılmalarının vacibliyini vurğulayıb. Sədrin təklifini dəyərləndirən Siyasi Şura üzvləri seçki blokunun formalaşdırılması prosesində Ə.Əliyevə yetərli səlahiyyət verilməsini məqsədəuyğun sayıblar. Seçkiyə hazırlıq prosesi və partiyadaxili qərarla bağlı "Şərq”in suallarına partiya rəhbəri Əli Əliyev hələlik yekun qərarın verilmədiyini, amma istənilən halda seçkilərə birlik formatında qatılmağın tərəfdarı olduğunu deyib.
- Vətəndaş və İnkişaf Partiyasının konkret olaraq hansısa siyasi blokda təmsil olunmasına qərar verilibmi?
- Yox, hələlik bununla bağlı yekun qərar yoxdur. Partiyanın seçkilərdə iştirakı və bu iştirakın xüsusiyyətləri yalnız qurumun məclisində formalaşan sonuncu qərarla ortaya çıxacaq. Sadəcə olaraq siyasi baxımdan təmsil olunduğumuz Demokratiya və İnsan Hüquqları Mərkəzində seçki hazırlıqlarına start verildi, biz də texniki məsələlərin dərhal icra edilməsi qənaətinə gəldik. Ona görə də partiya sədrinə məhdudiyyət yaradan Nizamnamə amillərini aradan qaldıraraq mart-aprel aylarına qədər mənə xüsusi səlahiyyətlər verildi. Həmin dövrə qədər Mərkəzdə formalaşacaq hansısa seçki blokunda iştirak etmək üçün müvafiq addımlar ata bilərəm.
- Deməli, VİP seçkilərə blok halında qatılmağı məqsədəuyğun sayır..
- Partiya olaraq öz seçki fəlsəfəmiz var. Biz müxalifətin daha geniş çapda əməkdaşlığının tərəfdarıyıq. İstəyirik ki, müxalifət adına irəli sürülən namizədlər korpusu öz vədlərində bir- biriylə rəqabət aparmasınlar. Çünki bu, partiyaların elektoratını parçalayır və vahid seçki platformasının yaranmasına imkan vermir. Düzdür, birdən-birə bu prosesə nail olmaq mürəkkəb görünür. Prosesin ətrafında cərəyan edən beynəlxalq amillərin qeyri-müəyyən olması da çətinlik yaradır. Əgər kənar faktorlar ölkə müxalifətini təmərküzləşdirməyə sövq edə bilmirsə, onda mümkün olan əməkdaşlığı məqsədəuyğun sayırıq. Heç olmasa, təşkilatlanmış qrupların yaranmasına çalışmalıyıq. VİP 5 aydır Mərkəzdə təmsil olunan siyasi partiyalarla əməkdaşlıq edir. Mart-aprel ayına kimi də əməkdaşlığımız davam edəcək. Çalışacağıq ki, yaradılacaq seçki bloku müxalifətin geniş formatda əməkdaşlığı üçün nüvə rolu oynaya bilsin. Əgər buna nail ola bilsək, daha çox qüvvələrin bloka cəlb olunmasına cəhd edəcəyik. Yox əgər alınmasa, elə Mərkəzdə olan partiyalarla vahid seçki komandası formalaşdırıb seçkilərə qatılacağıq.
- Müxalifətin birliyini önəmli edən əsas amillər hansılardır?
- İqtidar partiyasının maddi imkanları, kadr potensialı və beynəlxalq resursları ümumi müxalifətin resursları ilə müqayisə edilməyəcək dərəcədə üstündür. Bu baxımdan müxalifətin cəmlənməsi vurğuladığım boşluqları aradan qaldırmaq üçün çox mühüm bir aksiyadır. Yəni partiyaların ideoloji birliyindən, daxili siyasi etimadından və müxalifət spektrində tutduğu mövqeyindən asılı olmayaraq vahid komandada birləşməsi həyati əhəmiyyət kəsb edir. Əks halda, seçkilərə qatılmaq onsuz da zəif olan müxalifətin imkanlarını daha da məhdudlaşdıracaq. Üstəgəl, dairələr üzrə pərakəndə halda seçkilərə qatılan müxalifət partiyaları sahib olduqları ümumi elektoratı da parçalayacaqlar. Nəticədə hakim partiya öz gücü ilə namizədlərinin parlamentə seçilməsinə asanlıqla nail olacaq. Bu baxımdan təmərküzləşmə mühümdür.
- Təkbaşına seçkilərə qatılmaq niyyətində olan partiya rəhbərləri fikirlərini indiyə kimi yaranan blokların uğursuzluğu ilə izah edirlər. Siyasi birliklərin istənilən nəticəni verməməsi qurumların formatı ilə bağlıdır, yoxsa orada təmsil olunan partiyalarla?
- Seçki blokları yaranan zaman qarşılarına yalnız seçkini məqsəd qoyurlar. Yəni blokların seçkidən sonra parçalanması normaldır. Çünki belə qurumlar seçkidə nəticə əldə etmək üçün müvəqqəti formalaşır. Daha sonra isə onların varlığına ehtiyac qalmır. Bizim yaratmaq istədiyimiz blok da bu cür seçki birliyidir.
- Ümumiyyətlə, indiki şəraitdə müxalifətin ümumi birliyi mümkün görünürmü?
- Partiyaların əsas fərqi mübarizə vasitələrinin müxtəlif olmasıdır. Ancaq həmin fərqlər seçki dövründə ümumi yaxınlaşmaya, təşkilatlanmaya zərər verməməlidir. Bilirsiz, kimsə ölkədəki vəziyyətin dəyişməsini yalnız radikal və inqilabi yolla, digəri isə hakimiyyətə qarşı düşmənçilik siyasəti aparmaqla görür. Amma elə qüvvələr var ki, onlar sadəcə demokratik açılıma üstünlük verirlər. Əlbəttə, bütün bunlar mübarizə üsullarından doğan fərqli münasibətlərdir. Amma istənilən şəraitdə seçki dönəmi ölkə müxalifətini toparlamaq üçün mühüm siyasi taktika hesab olunur. Əgər kimlərsə ötən əsrin 90-cı illərindəki ab-havadan çıxa bilmirsə və hamını öz "bayrağı” altına cəmləməyə çalışırsa, bu yanaşma həmin fərdlərin şəxsi psixologiyasında olan pozğunluqdan irəli gəlir. Hamı gözəl anlayır ki, siyasi baxımdan ölkənin müqəddəratı yalnız parlamentdə həll oluna bilər. Süni surətdə bu prosesdən kənarda qalanların arqumentləri qəbuledilməzdir. Mən demirəm ki, biz haqlı, onlar isə səhvdir. Amma eyni zamanda onlar da haqlı olduqlarını zənn edərək bizi haqsız saya bilməzlər. Hərənin öz fikri var, biz inanırıq ki, təyin etdiyimiz yol daha düzgündür.
- Ayrı-ayrı siyasi blokların seçki zamanı bir-biri ilə əməkdaşlıq etməsi müxalifətin ümumi birliyi sayıla bilərmi?
- Əlbəttə, sayıla bilər. Bəlkə elə ən düzgün olanı da budur. Bilirsiz, partiyalar təşkilati və siyasi özünüifadə baxımından vahid blokda deyil, fərqli birliklərdə təmsil olunurlar. Fərqli siyasi bloklarda təmsil olunsalar belə, ümumi işdə blokların əməkdaşlığını və seçki təbliğatını koordinasiya etmək mümkündür. Blokların qarşılıqlı şəkildə bir-birini inkar etməsi isə xəstəlik və şıltaqlıqdır. Əgər dünyada müharibə aparan düşmən tərəflər bir masa arxasına otura bilirsə, Azərbaycan müxalifətinin ortaq dil tapmaması siyasi savadsızlıqdan başqa bir şey deyil.
- Müxalifət partiyalarının bir-biri ilə sərt rəqabət aparmasını normal hesab edənlər, bunun siyasi qanunauyğunluq olduğunu deyənlər də var. Sizcə, müxalifət düşərgəsindəki rəqabətin bir həddi varmı?
- Partiyaların siyasi rəqabətinə normal baxmaq lazımdır. Hər bir qurum avtonom şəkildə fəaliyyət göstərən canlı orqanizmdir. Təşkilatların öz maraqları, xüsusiyyətləri, maliyyə mənbələri və hədəfləri fərqlidir. Məsələn, elə partiya var ki, hakimiyyətin bütün qollarını təkbaşına götürmək istəyir. Ancaq bizim partiya bunu mümkünsüz sayır və qəbul etmir. Belə ziddiyyətlər başadüşüləndir. Heç kimi maksimalist və ya mərkəzçi mövqedən çıxış etdiyi üçün ittiham etmək olmaz. Amma yenə deyirəm, ümumi maraqların ətrafında əməkdaşlığın yaranmaması anormallıqdır. Təəssüflər olsun ki, bu amil Azərbaycan siyasətinin natamamlıq hissəsidir.
İsmayıl