Natəvan Dəmirçioğlunun yaradıcılıq gecəsi keçirilib (FOTO)

Bu gün tanınmış yazıçı, publisist, Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri, Bakı Dövlət Universitetinin müəllimi və jurnalistika üzrə ekspert Natəvan Dəmirçioğlunun İncəsənət Gimnaziyasında yaradıcılıq gecəsi keçirilib.
Sherg.az xəbər verir ki, xanım yazarın oxucularına, gənc nəslə daha yaxından tanıdılması məqsədilə keçirilən tədbirdə tanınmış ziyalılar və mədəniyyət xadimləri, N.Dəmirçioğlunun qələm dostları, tələbələri və jurnalistlər iştirak edib. Milli Məclisin Mədəniyyət Komissiyasının sədr müavini Jalə Əliyeva, Bakı Dövlət Universitetinin professoru İfrat Əliyeva, Xalq Artisti Eldost Bayram, Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, Universitet YAP Qadınlar Şurasının sədri, dosent Salatın Əhmədli və digər qonaqlar yazarın sevincini bölüşüb. Tədbirin daha da maraqlı alınmasında əvəzsiz rol oynayan gimnaziyanın istedadlı şagirdləri N.Dəmirçioğlunun əsərlərindən səhnəciklər göstərib, şeirlər, musiqi nömrələri səsləndiriblər.
Yaradıcılıq gecəsində maraqla qarşılanan məqamlardan biri də N.Dəmirçioğlunun ibtidai sinif müəlliməsi, Qazax rayonundan təşrif buyuran Şərqiyə müəllimənin çıxışı olub. 
Tanınmış yazarın ömür yolunun uşaqlıq illərindən xatirələrini bölüşən Şərqiyə müəllimə onun istedadı, nizam-intizamı, ədəbiyyata olan marağından fəxrlə danışıb.
Tədbirdə çıxış edən mədəniyyət nümayəndələrinin də vurğuladığı kimi 90-cı illər Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi Natəvan Dəmirçioğlunun imzasını ədəbi mühitdə, elmi camiədə çox yaxşı tanıyırlar. Görüş ədibin məktəblilərə daha yaxından tanıdılması məqsədini daşımaqla bərabər, məktəblilərin bədii ədəbiyyata, söz sənətimizə marağını artırmaq, onları mütaliəyə yaxınlaşdırmaqda əvəzsiz rol oynayıb.
Tədbirin sonunda şagirdlər Natəvan xanıma suallarını ünvanlayıb.
Qeyd edək ki, Natəvan Dəmirçioğlu Azərbaycan ədəbiyyatına çox sayda şair və yazıçılar, ədəbiyyat xadimləri bəxş etmiş Qazax rayonunda anadan olub. Doğma kəndi Daş Salahlıda təhsil alıb. Hələ məktəb illərində ilk bədii yazılarını yazıb, bu yazılar Qazax rayonunun ”Qalibiyyət bayrağı” qəzetində dərc olunub. 1984-89-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi olub. Hələ tələbə ikən Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsi ilə əməkdaşlıq edib, bədii yazıları həmin illərdə dövrü mətbuatda dərc edilib. Sonralar da bədii yaradıcılıqla elmi yaradıcılığı bərabər davam etdirib. Dünyanın müxtəlif nüfuzlu elmi nəşrlərində yazıları dərc edilib, on ildən artıqdır ki, pedaqoji fəaliyyətlə də məşğuldur.
Natəvan Dəmirçioğlunun bədii əsərləri dünyanın bir sıra dillərinə tərcümə olunub, Rusiyada, Ukraynada, Türkiyədə, Amerikada nəşr olunub. Onun əsərləri haqqında Azərbaycan, Moskva və Qazaxıstan mətbuatında müxtəlif resenziyalar çap olunub. 2006-cı ildə ”Qılınc və Qələm” ədəbi mükafatına layiq görülüb, 2010-cu ildə "İlin qadın yazıçısı” elan edilib. O, 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin imzası ilə və 2010-cu illərdə prezident cənab İlham Əliyevin fərmanı ilə prezident təqaüdünə layiq görülüb. Natəvan Dəmirçioğlu "Açar” romanının, "Üç nöqtə", "Səbət", "Yetim" povestlərinin, "Dözüm”,"Avey əfsanəsi", "Kəlağayı" və sair hekayələrin, yüzlərlə bədii-publisistik, elmi məqalələrin müəllifidir.
2014-cü ildə Azərbaycanlı yazıçı Natəvan Dəmirçioğlunun "Yetim” əsəri Türkiyədə "Ölmədən öncə okumanız gərəkən 1001 kitab” seryasından "İlin ən yaxşı 50 romanı" siyahısında nəşr edilib.
Aysel Aslan