Vəfa Quluzadə: “Hökumətin belə bir qərara müsbət yanaşacağını düşünmürəm”
"Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO nəinki üzv ölkələrin, hətta müttəfiq dövlətlərin təhlükəsizliyini qorumaq üçün xüsusi bir plan hazırlayır”. Bunu NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov deyib. O bildirib ki, xüsusi plana görə, Avropanın Rusiya ilə sərhədlərində əlavə hərbi kontingentin yerləşdirilməsi və tərəfdaş ölkələrdə alyansın hərbi bazalarının yaradılması nəzərdə tutulub:
"NATO-nun Azərbaycanla bağlı da xüsusi əməkdaşlıq planı var. Təbii ki, bu məsələ tərəfdaş ölkələrin istəkləri əsasında mümkündür”. Məsələyə münasibət bildirən ekspertlər Azərbaycanda hərbi bazaların yaradılacağı fikrini inandırıcı görmürlər.
"Xəzər” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vəfa Quluzadənin sözlərinə görə, NATO Rusiya ilə sərhəd olan Polşa, Macarıstan, Bolqarıstan və Baltikyanı ölkələrdə hərbi bazalar yarada bilər. Amma hərbi alyansın Azərbaycanda baza yerləşdirəcəyi reallaşmayacaq: "Azərbaycanda hər hansı hərbi bazanın yerləşdirilməsi ölkənin xarici qüvvələrin təsiri altına düşməsinə gətirib çıxara bilər. Hökumətin belə bir qərara müsbət yanaşacağını düşünmürəm”.
Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri də hesab edir ki, Azərbaycanda hərbi baza yaradılması məsələsi sadəcə fikirdir və fikir olaraq da qalacaq: "Azərbaycan neytral ölkə kimi hərbi bloklara qoşulmama qərarı alıb. Yəni öz təhlükəsizlik sistemini hansısa güc mərkəzinə bağlamamaqla müəyyən mənada müstəqil və balanslaşdırılmış siyasət yürüdür. NATO-nun Azərbaycanda hərbi baza yaratması dövlətin siyasi xəttinə ziddir”.
Siyasi ekspertin fikrincə, NATO-nun hərbi bazasına "yaşıl işıq yandırmaq” Rusiyaya açıq savaş elan etmək anlamına gələr: "Azərbaycan Rusiya kimi aqressiv bir ölkəni qarşısına almaq istəməz. Xüsusən də, dünyada və regionda indiki qeyri-müəyyənliyin hökm sürdüyü bir şəraitdə Azərbaycanın hərbi bazaya razılıq verməsi doğru olmaz. Onu da vurğulayım ki, mən alyansın postsovet ölkələrində hərbi baza yaratmaq niyyətində olduğunu düşünmürəm. Əgər elə olsaydı, NATO Moldova və Gürcüstanda da öz bazalarını yerləşdirərdi”.
İsmayıl