Nazirlər görüşdü, bəyanatlar verdi

Mövlud Çavuşoğlu: “Ermənistan səmimiyyət testindən keçə bilmədi, buna görə də protokolların parlamentdən geri qaytarılması heç bir əhəmiyyət kəsb etmir”
Elmar Məmmədyarov: “Vasitəçilərdən tələb edirik ki, danışıqlarda söhbət ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılmasından getməlidir”


"Sürix protokollarının qüvvəyə minməsi üçün Türkiyənin şərti vardı. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir”. APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

M. Çavuşoğlu bildirib ki, Ermənistan səmimiyyət testindən keçə bilmədi, buna görə də protokolların parlamentdən geri qaytarılması heç bir əhəmiyyət kəsb etmir: "Azərbaycan və Türkiyə Cənubi Qafqazın sülh və təhlükəsizlik məkanına çevrilməsini istəyir. Ancaq Ermənistan fərqli niyyətdədir. Ermənistan xətalarından dönərsə, Azərbaycanın işğal etdiyi torpaqlardan çıxarsa, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşarsa, Cənubi Qafqaz bütünlükdə sülh və təhlükəsizlik məkanına çevrilər”.

M.Çavuşoğlu deyib ki, Azərbaycan onun öz vətənidir. XİB başçısı bildirib ki, hər səfəri zamanı Azərbaycanın gücləndiyinin şahidi olur: "İki ölkə arasında münasibətlərin, xüsusən iqtisadi münasibətlərin inkişafı üçün çalışırıq. Qarşılıqlı ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması istiqamətində fəaliyyət göstəririk”. Nazir TANAP-ın Türkiyə üçün strateji layihə olduğunu vurğulayıb: "TANAP-a Türkmənistan qazının da daxil edilməsinə çalışırıq. Bunu da əvvəllər bəyan etmişik”. M. Çavuoşoğlu Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan üçlü formatlarının uğurlu fəaliyyət göstərdiyini, Azərbaycan-Türkiyə-Qazaxıstan formatı çərçivəsində xarici işlər nazirlərinin görüşünün keçirilməsi istiqamətində iş aparıldığını da qeyd edib.

M.Çavuşoğlu onu da deyib ki, Azərbaycanın G-20 sammitinə qatılması Türkiyəyə güc verəcək: "G-20 sammiti Antalyada keçiriləcək. Bu sammitə rəhbərlik Türkiyə üçün böyük şərəfdir. Biz sammitə bir ölkə dəvət edə bilərdik və Azərbaycanı dəvət etdik”.

"Vasitəçilərdən tələb edirik ki, danışıqlarda söhbət ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılmasından getməlidir. Ermənilər iki azərbaycanlı girovu saxlaya bilməzlər, əminəm ki, onları gec-tez qaytaracaqlar”. Bu sözləri isə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Girovlar məsələsinin hər zaman görüşlər zamanı gündəlikdə olduğunu vurğulayan E. Məmmədyarov ATƏT-in Minsk Qrupu həmsədrlərinin son səfərinə də toxunub. Nazir bildirib ki, həmsədrlər münaqişənin həlli ilə bağlı işçi qrupların yaradılmasını təklif ediblər: "Azərbaycan məcburi köçkünlərin qayıdışı zamanı görüləcək işlərlə bağlı Dünya Bankı ilə birgə layihə hazırlayıb. Ancaq Ermənistanla da bu məsələləri danışmalıyıq. İlk növbədə Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır. Ona görə də atəşkəsin pozulması hallarından danışarkən həmsədrlərdən tələb edirik ki, söhbət ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılmasından getməlidir. BMT, ATƏT və digər beynəlxalq qurumların bu barədə qətnamələri, qərarları var. Bəzi qətnamələr, qərarlar qəbul olunmamış icra olunur, ancaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təəssüf ki, biz bunu görmürük”. E. Məmmədyarov bildirib ki, Ermənistanın da regional layihələrə qoşulmasını istəyir: "Amma Ermənistan öz siyasəti ilə özünü küncə sıxır. Ermənistan regionda faydalı iş qurmaq istəyirsə, Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmalıdır”.