Mixeil Canalidze: “Azərbaycan və Gürcüstan üçün ən vacib məsələ münaqişələrin həllidir”
Nazirlər Tiflisdə sülh mesajları verdilər
Elmar Məmmədyarov: “Münaqişənin həlli Ermənistanın da regional əməkdaşlıq proseslərinə inteqrasiyasına töhfə verə bilər”
Mixeil Canalidze: “Azərbaycan və Gürcüstan üçün ən vacib məsələ münaqişələrin həllidir”
Mixeil Canalidze: “Azərbaycan və Gürcüstan üçün ən vacib məsələ münaqişələrin həllidir”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfər edib. XİN rəhbəri əvvəlcə gürcüstanlı həmkarı Mixeil Canelidze ilə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlər, regionda və dünyada baş verən hadisələr müzakirə olunub.
Nazir daha sonra parlamentin sədri David Usupaşvili və Baş nazir Giorgi Kvirikaşvili ilə də bir araya gəlib. Nazirlərin görüşündə enerji və nəqliyyat sahəsində iki ölkə arasında əməkdaşlığa da toxunulub. Bəyan olunub ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin icrası istiqamətində ölkələrimiz arasında fəal əməkdaşlıq var. Nazirlər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yol xəttinin inşasının tezliklə başa çatdırılması üçün səylərin gücləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar. Eyni zamanda birgə mühüm infrastruktur layihələri həyata keçirən Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşmış üçtərəfli tərəfdaşlıq mexanizminin mühüm əhəmiyyətini vurğulayıblar. Tərəflər Azərbaycan və Gürcüstan arasında beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın vacibliyini qeyd ediblər. Nazirlər Azərbaycan və Gürcüstanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq biri-birlərinin ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini bildiriblər.
"Münaqişənin həlli
regionda davamlı sülh və təhlükəsizliyi təmin edəcək”
Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanda həmkarı Mixeil Canalidze ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. Nazir deyib ki, Azərbaycan bütün beynəlxalq ictimaiyyət, o cümlədən dövlət başçıları səviyyəsində mövcud status-kvonun dəyişdirilməsi üzrə substantiv danışıqların tərəfdarıdır. O, həmkarını Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumatlandırıb: "Münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və hərbi işğal faktına son qoyulmalıdır. Qarabağ münaqişəsinin həll edilməsi regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olmasını təmin edəcək”.
"Münaqişənin həlli
Ermənistanın regional
əməkdaşlıq proseslərinə
inteqrasiyasına töhfə verə bilər”
Elmar Məmmədyarov gürcüstanlı həmkarı ilə birgə keçirilən mətbuat konfransında deyib ki, Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq dostluq, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf edir: "İki ölkə arasında əməkdaşlığın inkişafında xalqlarımız arasında olan tarixi dostluq əlaqələrinin danılmaz rolu var. Azərbaycan və Gürcüstan beynəlxalq hüquq norma və prinsiplərinə və BMT Nizamnaməsinə uyğun olaraq, biri-birlərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Mən həmkarımı Ermənistan-Azərbaycan münaqişələrinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumatlandırdım. Münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalıdır. Azərbaycana qarşı yürütdüyü destruktiv işğalçı siyasətin nəticəsidir ki, Ermənistan bu gün bütün regional layihələrdən kənarda qalıb. Münaqişənin həlli Ermənistanın da regional əməkdaşlıq proseslərinə inteqrasiyasına töhfə verə bilər”.
Azərbaycan və Gürcüstanın
üzləşdiyi münaqişələr çözülməsi vacib olan problemlərdir
Gürcüstan xarici işlər naziri Mixeil Canelidze də azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə mühüm məsələlərə toxunub. Nazir bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolu istifadəyə verildikdən sonra əlverişli nəqliyyat dəhlizimiz olacaq və bu, daha da inkişaf edəcək: "Biz eyni zamanda enerji təhlükəsizliyi baxımından Avropa İttifaqı üçün çox böyük rol oynayırıq. Bu sahədə də əməkdaşlığımızı davam etdirəcəyik. Biz çalışacağıq ki, Avropa üçün enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş ölkə olaraq qalaq. Azərbaycanla mədəniyyətlərimizin inkişaf etdirilməsi və bu sahədə əməkdaşlığımızın daha da gücləndirilməsi barədə danışdıq”. M.Canelidze Gürcüstan və Azərbaycanın müvafiq nazirlikləri arasında əməkdaşlığın davam etdirildiyini və bu əlaqələrin hər iki ölkənin maraqlarına xidmət etdiyini, nazirliklər arasında ikitərəfli tərəfdaşlıq məsələlərində beynəlxalq təşkilatlarla birgə çalışdıqlarını vurğulayıb. Nazir görüşdə azərbaycanlı həmkarı ilə iki ölkənin mədəniyyət sahəsində əməkdaşlığının davam etdirilməsinə dair müzakirələr apardığını bildirib: "Ölkəmizdə turizm getdikcə inkişaf edir. Azərbaycandan Gürcüstana daha çox turist gəlir. Azərbaycan Gürcüstana ən çox investisiya yatıran ölkədir. 2016-cı ildə Gürcüstana yatırılan investisiya 136 faiz artıb”. Canelidze dost və qardaş ölkə olan Azərbaycanın, eləcə də Gürcüstanın işğal olunan ərazilərini sülh yolu ilə qaytaracağına inandığını bildirib. Nazir vurğulayıb ki, Azərbaycan və Gürcüstanın üzləşdiyi münaqişələr çözülməsi vacib olan problemlərdir.
İsmayıl