Ekspertlər hesab edir ki, ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsinə çalışmalıyıq
Aprelin 28-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Məlumata görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasındakı görüş Rusiya XİN-in rəhbəri Sergey Lavrovun dəvəti əsasında reallaşacaq. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolları müzakirə olunacaq. Xatırladaq ki, ilkin məlumatda görüşün dünən baş tutacağı bildirilmişdi.
Lakin Ermənistan tərəfinin nəzərdə tutulan görüşdən imtina etməsi üçtərəfli toplantının bir gün təxirə düşməsinə səbəb oldu. Daha sonra yayılan məlumatdan bəlli oldu ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Moskvanın tələbindən sonra görüşə razılıq verib. Görünür, İrəvan Kremlin təşəbbüsü ilə planlaşdırılan görüşdən imtinanın baha başa gələcəyini anladığı üçün bir gün sonra təşkil olunacaq danışıqlara qatılmağa məcbur olub. Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov Moskva görüşünün Dağlıq Qarabağ münaqişəsi üçün əhəmiyyətli olduğunu deyib. Onun sözlərinə görə, bu görüş Ermənistanın ya münaqişənin "Kazan düsturu” çərçivəsində həllinə razılaşmasını, ya da danışıqlar prosesindən tamamilə yayınmasını müəyyən edəcək: "Əgər Ermənistan danışıqlar prosesindən yayınsa, bu, münaqişə zonasında hərbi variantın gündəmə gəlməsi deməkdir. Axı hamımız anlayırıq ki, Bakı sülh perspektivlərini görməyəcəksə, başqa variantlara üz tutmağa məcbur olacaq. Ermənistanın sükutu onunla bağlıdır ki, Moskva və Bakı çoxdan "Kazan düsturu” əsasında həll variantına razıdır. Əlbəttə, Moskva və Bakının mövqeləri arasında fərqlər mövcuddur. Lakin burada ümumi olaraq, ciddi sıçrayışa səbəb olacaq konstruktiv danışıqlardan söhbət gedir. Ermənistan indi çətin vəziyyətdədir. İrəvanda bəziləri danışırlar ki, "Kazan düsturu”na razılaşmaq lazımdır, digərləri bu mövqeyi qəti rədd edir və danışıqların kəsilməsini istəyir. İrəvandakı daxili nizamsızlıq qeyri-müəyyənlik yaradır”.
Üçtərəfli görüşlə bağlı "Şərq”ə açıqlama verən politoloq Vasif Əfəndiyev deyib ki, əslində bu cür görüşlərdə Ermənistanın tərəf kimi çıxış etməsi yalnız formal xarakter daşıyır:
"Keçən il Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi sammitində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin yüksək səviyyədə təmsil olunmasına baxmayaraq, münaqişə tərəfləri arasında arzuolunan görüş baş tutmadı. Buna səbəb isə Ermənistanın Azərbaycanla danışıqlarda müstəqil tərəf kimi çıxış edə bilməməsi oldu. Bu dəfə də aprelin 27-nə nəzərdə tutulan görüşdən öncə Ermənistanın əvvəlcə imtina etməsi və sonradan razılıq verməsi eyni ssenarinin davam etdiyini göstərir. Bu yaxınlarda tanınmış erməni politoloqu İqor Muradyanın "Ermənistan Rusiyanın əyalətidir” bəyanatı dediklərimin sübutudur”.
Ekspert bildirib ki, Qarabağın Rusiya tərəfindən işğal edilməsi və orada qondarma separatçı rejimin qurulmasının səbəbkarı, iştirakçısı və qarantı Rusiyadır:
"İndiki vəziyyətdə yalnız iki yol var. Birinci yol ondan ibarətdir ki, Ermənistanın iştirakı olmadan birbaşa Rusiya ilə danışıqlara nail olmalıyıq. Bunun baş tutmayacağı təqdirdə isə ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsinə çalışmalıyıq. İlk növbədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin sayının daha 2-3 ölkə nümayəndəsi ilə genişləndirilməsinə və bu heyətə Almaniya, Türkiyə və Pakistanın əlavə olunmasına çalışmalıyıq”.
İsmayıl