Nə istirahət günü qalıb, nə də gecə rahatlığı...

Tikinti işləri insanların əsəb gərginliyinə səbəb olur



Bakı şəhəri böyük bir tikinti meydançasını xatırladır. Yeni tikililərin tikilməsi, köhnələrin təmir olunması müsbət haldır. Amma hər addımda "müvəqqəti narahatlığa görə üzr istəyirik” sözləri yazılmış çəpərlər bu şəhərdə yaşayan insanların narahatlığına da səbəb olur. Bu problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti qurumların heç bir addım atmaması da vətəndaşları bir yandan narazı salırdı.

Bir çox hallarda qonşuda, evimizə yaxın ərazidə tikinti-təmir işləri aparanda yaranan səs-küy narahatlığa, əsəb gərginliyinə səbəb olur. Əslində, bu problem dünyanın bir çox ölkələri üçün xarakterikdir. Bu səbəbdən də Rusiya kimi ölkələrdə təmir işlərinin aparılması üçün vaxt məhdudiyyəti qoyulub. Qaydalara əsasən, təmir yalnız həftə içi günlərdə və 09:00-19:00 arası aparıla bilər. İstirahət günləri isə təmir işlərinin görülməsi ümumiyyətlə, qadağan edilib. Məqsəd istirahət saatlarında, istirahət günlərində başqalarına mane olmamaq, narahatlıq yaratmamaqdır. Şübhəsiz ki, bu təcrübənin Azərbaycanda da tətbiq olunması müsbət hal olardı. Xüsusən də, təmir işlərinin indiki kimi geniş vüsət aldığı bir şəraitdə sadəcə tikintiyə cəlb olunan işçilər deyil, digər vətəndaşlar da istirahət günlərindən yararlana bilmirlər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla təmir üçün konkret vaxt təyin olunmasının bir neçə cəhətdən faydalı ola biləcəyini deyib: "Ümumiyyətlə, iş rejiminin konkret müəyyənləşdirilməsi çox vacibdir. Hər kəsin əmək müqaviləsində müəyyən edilən qədər işləməli olduğu bir vaxt var. O saatdan artıq çalışmağa görə, işçiyə əlavə pul verilməlidir. Əks halda, bu, insan əməyinin istismarı sayılır. Hesab edirəm ki, istirahət günləri təmir işlərinin dayandırılması təcrübəsinin Azərbaycanda istifadəsi, yəni, təmir işləri üçün konkret vaxtın müəyyən olunması bir tərəfdən bu halın qarşısını alacaq. Yəni, heç kim gərəyindən çox işləməyəcək. Digər tərəfdən isə, təmir işləri zamanı yaranan səs-küyün digər sakinlər üçün yaratdığı diskomfort hissi qismən aradan qalxa bilər. Elə evlər var ki, orada xəstə var. Və xəstə insan üçün də ən vacib amillərdən biri sakit mühitdə dincəlmək, müalicə almaqdır. Nəinki xəstə olan, ümumiyyətlə, uşaq, yaşlı, yaxud da bütün gün çalışıb axşam evinə dincəlmək üçün gələn insanların hamısının sakitliyə ehtiyacı var”.

Bizdə heç kəsin tikinti normalarına məhəl qoymadığını vurğulayan Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, hər hansı bir binada tikinti və ya təmir işləri gedən zaman həmin ərazidə məskunlaşan insanların hüquqları kobud şəkildə pozulur. Nə istirahət günü qalıb, nə də gecə rahatlığı. Baxırsan ki, binada təmir-bərpa işləri aparılır. Təmir başa çatdıqdan qısa müddət sonra isə ev sahibinin xaricdə yaşayan oğlu gəlib, yenidən həmin binanı təmir etdirir. Deməli, biz bir ildə eyni işgəncələrə məhkumuq. Mənə elə gəlir ki, təcili surətdə tikinti ilə bağlı tənzimləyici addımlar atılmalıdır. Əslində bizdə hansısa qanun qəbul olunacağı təqdirdə həmin qaydalara əməl edən olacaqmı? Bu suala cavabın özü sual altındadır. Çünki bir çox hallarda Azərbaycanda qaydalara heç bir orqan nəzarət mexanizmini öz üzərinə götürmür və qərar havadan asılı qalır”.

Vaxtı ilə Azərbaycanda müxtəlif tikinti şirkətləri tərəfindən həyata keçirilən tikinti-təmir işlərini tənzimləməyə çox cəhdlər edildiyini vurğulayan S.Məmmədovun sözlərinə görə, problemlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin də müvafiq qərarları olub. Sadəcə bir qayda olaraq tikinti rəhbərliyi tərəfindən həmin qərarlara əməl olunmayıb: "Çünki bu cür tikintiləri həyata keçirən şirkətlərin əksəriyyətinin arxası sağlamdır. Onlar müxtəlif nüfuz altında saxlandıqları üçün nəzarət orqanları onlara yaxınlaşa, fəaliyyətlərinə məhdudiyyətlər qoya bilmir. Halbuki tikinti vaxtı ilə bağlı dünyada qəbul olunan standartlar, iş rejimləri var ki, Azərbaycanda da onlara əməl olunmalıdır. Demokratik ölkələrdə heç nəyə fikir vermədən qanunun aliliyi təmin olunur, hətta İngiltərə kimi ölkələrdə baş nazirin də avtomobili cərimə olunur. Azərbaycanda isə qanuna hörmət yox səviyyəsindədir, hər şey imtiyazlara görə müəyyən edilir”.

S.Məmmədovun fikrincə, hazırda Azərbaycanda tikinti işlərində əmək mühafizəsinin qorunması məsələsi də heç qaydasında deyil. Əməyin mühafizəsi qaydaları və onun tərkib hissəsi olan texniki təhlükəsizlik pozulur. Bunun nəticəsidir ki, iş yerində ölüm və xəsarət halları var. Problem olmasaydı, belə neqativ hallar da baş verməzdi.

Liqa sədrinin sözlərinə görə, işəgötürən vaxtında təlimatlar verməli, giriş təlimatı almalı, eyni zamanda iş yerindəki standartlara əməl etməlidir. İşçi buna əməl etmədikdə isə işəgötürənin cəza tətbiq etmək, inzibati tənbeh tədbiri görmək hüququ var. İşəgötürən görür ki, işçisi sistematik əməyin mühafizəsi qaydalarını pozur və bunun səbəbini öyrənməlidir. Səbəb işçinin məlumatsızlığı ilə bağlıdırsa, bu problemi aradan qaldırmalı, müvafiq təlimat verməli, bilik və bacarığını artırmalıdır. İşçi bilərəkdən edirsə, işəgötürənin cəza tədbiri görmək, əmək müqaviləsinə xitam verməyə qədər cəza vermək səlahiyyəti var.

Şəymən