Novruz bayramında əfv gözlənilir?

Hüquq müdafiəçiləri qərarın prezidentdən asılı olduğunu bildirirlər



Adətən əlamətdar sayılan günlərdə əfv fərmanı imzalanır və bir qrup məhkum azadlığa buraxılır. Bəzi mətbu orqanlarda artıq Novruz bayramı ilə əlaqədar əfv olacağı ilə bağlı məlumatlar dərc olunub. Bir çox hüquq müdafiəçiləri və bəzi millət vəkilləri bu barədə ümidli olduqlarını deyiblər.

Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Bəxtiyar Əliyev də Novruz bayramı münasibətilə prezidentin əfv sərəncamı imzalayacağını gözləyənlər arasındadır: "Ümid edirik ki, bu il də ölkə başçısı humanistlik nümayiş etdirərək bir çox ailələrə sevinc bəxş edəcək”.

Əfv Komissiyasının hər zaman işlədiyini və mütəmadi olaraq ərizələr daxil olduğunu vurğulayan millət vəkili bildirib ki, işçi qrup lazımi sənədləri toplayır və topladıqca, komissiya üzvlərinə təqdim edir: "Üzvlər də daxil olan ərizələri komissiya üzvlərinə təqdim edir. İşlər yekunlaşdıqdan sonra komissiya üzvləri öz fikrini formalaşdıraraq qərar qəbul edir, təkliflərimiz dövlət başçısına təqdim olunur. Əfv bilavasitə prezidentin səlahiyyətində olan məsələdir. Komissiya, sadəcə olaraq işçi qurum kimi müraciətləri araşdırıb rəyini dövlət başçısına təqdim edir”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı da Novruz bayramı ərəfəsində əfv sərəncamı veriləcəyinə ümid edir: "İşçi qrupu bu ay yığışacaq. Çünki hər il mütəmadi olaraq Novruz bayramı ərəfəsində cənab prezident tərəfindən əfv sərəncamı imzalanır. İnanırıq ki, bu Novruzda da bir çox ailələri sevindirəcəyik”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə deyib ki, hər şey prezidentin sərəncamından asılıdır: "Bütün insanlar kimi biz də istəyirik ki, geniş əfv olsun. Məhbuslarımız azadlığa çıxsınlar. İşçi qrupu olaraq biz dəfələrlə toplanıb, əfv məsələsini müzakirə etmişik. Sadəcə olaraq, kimlərin əfv edilməsi İşçi Qrupundan asılı deyil. Hər şey Prezidentin qərarından asılıdır. Yenə əfvin olması üçün çalışırıq. Növbəti iclasımızda təbii ki, bu istiqamət üzrə müzakirələr aparacağıq. İndidən əfvin olub-olmayacağını deyə bilmərik”.

Hüquq müdafiəçisi məhbuslar və onların yaxınları tərəfindən İşçi Qrupuna çoxlu sayda müraciətlərin daxil olduğunu da qeyd edib: "İşçi Qrupunda ümumi katiblik var. Katibliyə, hüquq müdafiəçilərinə və bizə də çoxlu sayda müraciətlər edilir. Hamısını İşçi Qrupunun katibliyinə vermişik. Təkcə siyasi məhbuslar tərəfindən müraciətlər olmur. Elə məhbuslar var ki, hesab

edirlər, ədalətsiz həbs olunublar. Bizə müraciət edən siyasi məhbusların adlarını demək düzgün olmazdı. Çoxlarının hazırda məhkəmə prosesləri davam edir. Onların, o cümlədən, İntiqam Əliyev, Rəsul Cəfərov və başqalarının ev dustaqlığına buraxılmaları ilə əlaqədar müraciətlərimiz olub. Vaxt getdikcə, işləri qaldırırıq. Ən çox xəstə məhbusların məsələsini gündəmə gətiririk. Təbii ki, başqa məhbuslara da xüsusi diqqət ayırırıq. İndidən hansısa bir siyahı barədə danışmaq düzgün olmazdı. Biz heç kəsə ayrı-seçkilik etmirik. Hamının məsələsini qaldırırıq. Tez-tez Əfv Komissiyasına daxil olan qurumlarla görüşürük”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat, hüquq müdafiəçisi Çingiz Qənizadə isə deyib ki, yaxın vaxtlarda əfv sərəncamının olacağından məlumatsızdır: "Bu, Prezident İlham Əliyevin səlahiyyətində olan bir məsələdir. Hər zaman ölkə başçısı humanistlik nümayiş etdirərək ildə bir neçə dəfə əfv sərəncamı imzalayıb. Yaxın günlərdə belə əfv olacağını deyə bilmərəm. Bu barədə məlumatım yoxdur”.

Şəymən