Novruz papağı məsələsini elə-belə ortaya atmayıblar

“Hamısı siyasi texnologiyalardır. Görünür, bütün bunlardan Atəş Əhmədlinin xəbəri yoxdur”



Səməni, tonqal mərasimi, papaqatdı, bahar qız, kosa-keçəl Novruz bayramının atributlarıdır. Amma nədənsə, bu adətlərin tarixi, etnoqrafiyası və əhəmiyyəti son zamanlar mübahisə mövzusuna çevrilib. Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli mediaya açıqlamasında deyib ki, Novruz bayramında qapılara papaq atmaq düzgün deyil və bu ənənə aradan qaldırılmalıdır.

Qapılara papağın atılmasını düzgün saymayan alim bildirib ki, vaxtilə Novruz bayramında oğlanlar papaq deyil, qurşaq atıblar: "Papağın atılması düzgün deyil. Çünki papaq ayaq altına atılmaz. O, qeyrət rəmzidir. Buna görə də təbliğat aparmaq lazımdır ki, uşaqların papaqatdı ənənələri yığışdırılsın”.

Fəlsəfə doktoru papaqla yanaşı, Bahar qızı da hədəf alıb. Bahar qız obrazının təqdim edilməsinin düzgün olmadığını deyən A.Əhmədli hesab edir ki, bu, sovet dövründə yaradılmış obrazdır.

Alimin sözlərinə görə, Bahar qızı Yeni il şənliyindəki Qar qızın prototipi olaraq yaradılıb: "Yeni il şənliyində Qar qız olan kimi Novruz bayramında da sanki Bahar qızı mütləq olmalıdır. Bahar qızının hər halda öz kökümüzlə bağlı olması daha yaxşı olardı”.

Bu cür müzakirələrin ortaya atılmasının tərəfdarı olmadığını vurğulayan sosioloq Əhməd Qəşəmoğlu bunun təhlükəli hal olduğunu bidirib: "Xüsusi mərkəzlər var ki, bu cür siyasi yönlü texnologiyalar hazırlayır ki, xalq öz adət-ənənələrinə, folkloruna şübhə ilə, yuxarıdan aşağı baxsın və onu təftiş eləsin. Bu gün ortaya atılanlar təsadüfi deyil. Hamısı siyasi texnologiyalardır. Görünür, bütün bunlardan Atəş Əhmədlinin xəbəri yoxdur. Olsa belə, ortaya atdığı müzakirələr əsassızdır. Papaq atmaq qədim adətlərdən biridir. Bu adətin yığışdırılmasını deyənlər məsələni yaxşı araşdırmayıblar. Papağın özünün formaları var. Əvvəla, başa qoyulanların hamısına papaq demirlər. Folklorşünas olaraq, Atəş müəllim bunları bilməlidir axı? Necə ki, xeyir-şər üçün ayrıca paltarlar olur? Eləcə də, xeyir-şər üçün papaqlar var.

"Namus-qeyrət papağı” deyilən papaqlar adətən dəridən, bahalı materiallardan tikilən xüsusi papaqlar olub. Buxarı, xeyrə-şərə geyilən papaqlar əsasən namus rəmzi hesab olunub. Hər papağı gətirib qapıya qoymayıblar. Dədə-babadan görmüşük ki, papaq atan uşaqlar və kasıb təbəqədir. Bəylər və ya ağsaqqal kişilər qapıya papaq atıb, qaçmır ki? Həmçinin də papaqdan hər zaman cib kimi istifadə olunub. Əlinə heç nə keçməyəndə papağın içinə meyvə, yumurta yığanlar olub”.

Sosioloqun dediyinə görə, cəmiyyət papaq atmaq, bahar qız adətinin qadağasını pis qarşılayar: "Papaqatma heç kimin "komandası” ilə yaranan ənənə deyil ki, kiminsə sözü ilə də aradan götürülsün. Xalq gözünü açandan bunu görüb. Əgər bu adət qondarma olsaydı, heç papaq atmaq termini də olmazdı. Papaqatmanın düzgün olmaması iradı gülüncdür. Bahar qızın sovet obrazı olmasına gəldikdə isə vaxtından asılı olmayaraq bu çox doğru və maraqlı obrazdır. Bahar qız Novruz bayramını gözəlləşdirən obrazlardan biridir. Papaq atdını, bahar qızı qadağan edib, Novruzu ancaq kosa və keçəllə bağlamağın nə mənası var? Hər iki təklifi kifayət qədər yersiz hesab edirəm”.

Ə.Qəşəmoğlunun sözlərinə görə, son zamanlar Azərbaycanda planlı şəkildə mənəviyyat aşınması gedir: "Novruz adətlərinin ləğvi də tarixi şəxsiyyətlərimizin təftiş olunması silsiləsindəndir. Füzuli böyük şairdir? Babək xalq qəhrəmanıdırmı? Bütün bunların eyni zamanda dövriyyəyə buraxılması təsadüfi ola bilməz. Yekunda da hamısı eyni mənafeyə xidmət edir. Məqsəd isə bizim tariximizdə, folklorumuzda, ədəbiyyatımızda xüsusi önəm kəsb edən mərhələlərin redaktə edilməsidir. Bir sosioloq kimi bu tendensiyanı ziyanlı və çox təhlükəli yanaşma hesab edirəm. Sırf bu cür aşınmalarda maraqlı olan siyasi və dini dairələr var. Onlar adətən, xalqımıza məxsus milli-mənəvi dəyərlərin gözdən salınmasının tərəfdarı olurlar ki, yaranmış boşluqdan istifadə edib, öz dəyərlərini cəmiyyətin beyninə yeritsinlər. Bunun üçün də biz çox ehtiyatlı olmalıyıq. Hər kefinə düşən folklorumuz, tariximiz, ədəbiyyatımızla bağlı əsassız təkliflər verib, insanlarda şübhə yaratmamalıdır”.

Şəymən