Artıq cəmiyyətin əksər hissəsi yas mərasimlərini böyük xərcə düşmədən yola verməyin tərəfindədir
"Yas mərasimləri ilə bağlı dövlətin hər hansı qanunu yoxdur. Belə bir qanunun qəbuluna da ehtiyac görülmür. Çünki yas mərasimi vətəndaşın öz seçimindən asılıdır və buna müdaxilə yolverilməzdir”.
Bu sözləri yas və toy məclislərində baş verən israfçılıqla bağlı "Şərq”ə danışan millət vəkili Aydın Mirzəzadə deyib. Deputat bəzi mətbu orqanlarda zəngin ehsan süfrəsi təşkil edən vətəndaşlarımızın, guya, hansısa qanunu pozması haqda məlumatlar dərc etməsindən təəssüfləndiyini bəyan edib: "Sadəcə, Dini Komitə ictimaiyyət nümayəndələri ilə məsləhətləşmələr apardıqdan sonra yas mərasimləri ilə bağlı öz tövsiyəsini bildirib. Bu tövsiyə də cəmiyyət tərəfindən qəbul edilib. Əslinə qalsa, ehsan süfrələrindən aşırıya gedilməməsi
məsələsinə qismən əməl olunurdu. Ancaq məsələnin ölkə miqyasında qəbul edilməsi Dini Komitənin tövsiyəsindən sonra mümkün oldu. Artıq cəmiyyətin əksər hissəsi yas mərasimlərini böyük xərcə düşmədən yola verməyin tərəfindədir”. A.Mirzəzadə onu da vurğulayıb ki, belə məsələlərdə cəmiyyətin öndə gedən nüfuzlu şəxsləri nümunəvi davranış sərgiləməzsə, prosesi müsbət nəticələndirmək çox çətin olar: "Sevindirici haldır ki, artıq tanınmış insanlar ilk olaraq örnək addımlar atmağa başlayıblar. Qeyd edim ki, Dini Komitənin yeni təyin olunmuş sədri Mübariz Qurbanlı mərhum qardaşının yas mərasimini tövsiyə olunan qaydalarla yola verdi. Zənnimcə, tanınmış bir insanın belə davranışı digərləri üçün əyani və effektli nümunədir”.
A.Mirzəzadə yasdan fərqli olaraq toy mərasimləri ilə, daha doğrusu, şadlıq sarayları ilə bağlı bir qədər fərqli fikirdədir. Millət vəkilinin sözlərinə görə, inzibati orqanların şadlıq saraylarına müdaxiləsinə ehtiyac var: "Azərbaycan toy adətlərinin qədim tarixi var və hamısı çox gözəl ənənələrdir. Toy süfrələrinin bu gün lazım olduğundan artıq yeməklərlə bəzədilməsinin isə əsl toy adətlərimizə heç bir dəxli yoxdur. Yadınıza bir məsələni salım, şadlıq evlərindən əvvəl Azərbaycanda çadırlarda və yaxud açıq şəraitdə toylar keçirilirdi. Həmin toyların heç birində israfçılıq edilmirdi. Deməli, bu gün problem varsa, bu da daha çox saraylarla bağlıdır, toy sahibi ilə deyil. Təəssüflər olsun ki, şadlıq saraylarının əksəriyyətində süfrələr həddindən artıq yeməklərlə doldurulur və ehtiyac olmadığı halda müxtəlif növ içkilər, sərinləşdirici mayelər ortaya düzülür. Şadlıq sarayının sahibi təyin olunmuş qiymət çərçivəsində insanlara konkret menyu təklif edir. Sifarişçinin bu menyunu dəyişmək və ya azaltmaq imkanı olmur. Ona görə də hesab edirəm ki, ilk növbədə əmək müfəttişliyi vasitəsi ilə insanlara zorla qəbul etdirilən "menyu siyasətinin” qarşısı alınmalıdır.”
İsmayıl