Nuşirəvan Məhərrəmli daha televiziyaların işinə qarışacaq

Nizami Cəfərov: “Telekanallar və radiolar işlərinə ciddi yanaşmalıdırlar”



Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli telekanallara çox ciddi mesaj verib. Qurum sədri bəyan edib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə uyğun olmayan verilişlərə dair qərar qəbul ediləcək. Onun sözlərinə görə, məqsəd teleproqramların keyfiyyətinin yüksəldilməsidir:

"İndiyə qədər telekanalların yaradıcılıq siyasətinə qarışmamışıq. Amma qanunvericiliyə son dəyişiklikdən sonra MTRŞ bu sahədə işlərini daha da gücləndirəcək. Televiziyalarda gedən verilişlərin kontentinə ciddi fikir verəcək. Hesab edirəm ki, bu, bizim üzərimizə düşən ən məsuliyyətli işlərdən biridir. Yaxın vaxtlarda Şuranın Monitorinq şöbəsinin araşdırmalarının nəticəsinə uyğun olaraq addımlar atacağıq. Hansı televiziya kanalında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, televiziya və radio yayımı haqqında qanunvericiliyə uyğun olmayan verilişlər olacaqsa, o verilişlərə dair qərar qəbul ediləcək. Düşünmürük ki, bu səlahiyyətləri almaqla televiziya kanalları üzərində bir "Damokl qılıncı” olmalıyıq. Sadəcə, hər kəs öz işini qanunauyğun şəkildə həyata keçirməlidir”. Yada salaq ki, bu günlərdə Televiziya və Radio yayımı haqqında” qanunun 16-cı və 23-cü maddələrinə dəyişikliklər edilərək MTRŞ-nin səlahiyyətləri artırılıb. 23.1-ci maddəyə təklif olunan yeniliyə, teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və bu qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı proqramın yayımı teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırılır.

Qurum sədrinin açıqlamasını dəyərləndirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili, professor Nizami Cəfərov "Şərq”ə söyləyib ki, təşkilatın hüquqlarının genişləndirilməsinin nəzəri əhəmiyyəti böyükdür: "MTRŞ xeyli böyük təcrübə qazanıb. Bu təcrübədən istifadə edib, ölkədə teleradio yayımı işlərinin keyfiyyətini yüksəldə bilər. Təcrübəsi nəzərə alınaraq, qanunvericilikdə şuranın imkanları artırıldı. Çünki müasir dövr televiziya və radiomuzdan müəyyən mühüm məsələləri tələb edir. Efirlərdə ölkənin təhlükəsizliyindən tutmuş, mədəni səviyyəyə qədər heç nəyə əməl olunmur. Bu səbəbdən hazırkı tələblər səviyyəsində Teleradio Şurası öz işini daha da gücləndirəcək”.

Bəyanatın bir mesaj olduğunu söyləyən akademik düşünür ki, telekanallar və radiolar işlərinə ciddi yanaşmalıdırlar: "Proseslərə günün tələbləri səviyyəsində yanaşmalıdırlar”.

Teleməkan və radiolarımızda qeyri-peşəkarlıqla yanaşı, hüquqi-texniki axsamaların müşahidə olunduğunu deyən millət vəkili düşünür ki, əlaqədar qurumun addımları bu sahədəki problemlərin həllinə yönəlib: "MTRŞ-nin funksiyasının çoxaldılması da göstərilən məsələlərin tənzimlənməsi məqsədini daşıyır. Hesab edirəm ki, N.Məhərrəmlinin söylədikləri tam realdır”.

Ayyət Əhməd