Öcalan növbəti dəfə sülh çağırışı etdi

Ərdoğan sevindi, amma PKK-nın silahı yerə qoyacağı real görünmür



PKK-nın Türkiyədə həbsdə olan lideri Abdullah Öcalan tərəfdarlarını 30 ildir davam edən silahlı mübarizəyə son qoymağa çağırıb. PKK lideri televiziyada yayımlanan bəyanatında "demokratik həll” əldə etmək və silahlı münaqişəyə son qoymaq üçün xüsusi konqres tələb edib. Xatırladaq ki, vətənə xəyanətdə təqsirli bilinən və 1999-cu ildən bəri ömürlük həbs cəzası çəkən Öcalan artıq üçüncü dəfədir ki, tərəfdarlarını "sülhə” çağırır.

40 mindən çox adamın ölümünə bais olan Öcalanın bəyanatına münasibət bildirən Türkiyə prezidenti Ərdoğan çağırışdan sevindiyini gizlətməyib və bunu həsrətlə gözlədiklərini deyib: "Əsil bir davranışdır. Silahlar buraxıldıqdan sonra əmin-amanlıq və rifah dövrü gələcək. Görək tətbiqi necə olacaq. Əlbəttə, separatçı terror təşkilatı silahı buraxmalıdır. Təhlükəsizlik qüvvələrinin silahı buraxması xam xəyaldır”.

PKK liderinin bəyanatını şərh edən millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa terrorçuların bu addıma müsbət yanaşacağına inanmır: "Öcalan həbsdən çağırış edir. Əlində silah olan digər şəxslərin çağırışa müsbət yanaşacağını gözləmək çətindir. Çünki onların mövcudluğu silahla bir yerdə qəbul olunur. Onlar özlərinin nüfuzunu bu cür təsdiqləyiblər. Birdən-birə statusun dəyişdirilməsinin terrorçular üçün nə dərəcədə uyğun olması düşündürücüdür. Ola bilsin, Öcalan səmimi şəkildə bunu edir, amma atəşkəs real görünmür”. Deputatın sözlərinə görə, hər iki tərəfdən müəyyən addımlar atılsa, Türkiyədə siyasi bir dəyişim ola bilər: "Əgər atəşkəs elan edilsə, müsbət bir tarixi hadisənin şahidi olarıq. Bütün hallarda problemin dinc yolla həllinin tərəfdarıyıq. İstəyirik ki, Türkiyədə vahid dövlət şəkli dəyişmədən kürdlərin də hüququnu müəyyən dərəcədə tanıyan, hamının bərabər hüquqlu bir vətəndaş olduğu cəmiyyət quruculuğuna keçid baş versin”.

"Yeni Türkiyə” Strateji Araşdırmalar Mərkəzinin eksperti, politoloq Orxan Qafarlının sözlərinə görə, Öcalanın açıqlaması PKK tərəfindən müsbət qarşılanıb. Politoloqun fikrincə, Öcalanın çağırışı AKP-yə seçkilərdə yenidən qələbə qazanmaqda kömək edə bilər: "Türkiyədə "kürd məsələsi” ilə bağlı ciddi addımlar atılıb. Həmçinin, Türkiyə hökuməti də bəyanatı müsbət qarşılayıb. Əslində ortaya qoyulan mövqe doğrudur. Çünki artıq silah və güc dilində danışmaq dövrü sona çatıb, indi demokratik siyasət zamanıdır”. Silah buraxmaq çağırışının müsbət nəticə verməyəcəyi ilə bağlı yayılan iddiaları dəyərləndirən O.Qafarlının qənaətincə, Öcalanın üçüncü dəfə "silahı buraxın” çağırışı bir necə aspektdən dəyərləndirilməlidir: "Aydın olur ki, Qəndil dağında məskunlaşmış silahlı qruplaşma ilə Öcalan arasında ciddi fikir ayrılığı var. Qəndil silahı yerə qoymaq istəmir və bu səbəbdən də PKK lideri tapşırıqlarını yerinə yetirmir. Ancaq Öcalan bir daha silahı yerə qoymaq çağırışı etməklə dağdakı liderləri çox çətin durumda qoyur və onların kürdlər içində legitimliyi düşür. Digər tərəfdən Öcalan bu çağırışı ilə qaraladığı on maddəlik planını razılaşdırır. 10 maddədə demokratik siyasətə keçid, iki xalq arasında demokratik həll üçün milli və yerli qrupların müəyyən olunması, azad vətəndaşlıq, qanuni və demokratik təminatlar verilməsi, demokratik siyasətin dövlət və cəmiyyətlə əlaqəsi və s. müddəalar yer alır”. Politoloq deyir ki, təqdim olunan plan kürd hərəkatının PKK-nın əlindən alınması kimi də dəyərləndirilə bilər: "Daha doğrusu, kürd hərəkatının yenidən sivilləşməsi prosesi başlayır. Bunun üçün kürd hərəkatında yeni bir konqresin keçirilməsi planlaşdırılır. Kürdlərin siyasi qanadı olan KCK da Öcalanın minimum ölçülərdə razılaşma təmin edilməsi şəraitində silahlı mübarizənin dayandırılması ilə bağlı çağırışını dəstəkləyib”. Ekspertə görə, qarşıdan parlament seçkiləri yaxınlaşır və bu ərəfədə kürd məsələsində ciddi addımların atılması AKP-nin mövqelərini gücləndirir: "Hakim partiyanın seçkilər ərəfəsində sülh planını yenidən gündəmə gətirməsi çox önəmlidir. Bu, ilk öncə Novruz bayramında Öcalanın yenidən sülh çağırışı edəcəyini təsdiq edir. İkincisi, seçkilər öncəsi hər hansı silahlı toqquşmanın qarşısının alınmasını təmin edir”.

İsmayıl