Oğlanların həkim olmaq marağı azalıb

Məlahət Mürşüdlü: “Bu sahəyə kişilərin az meyilli olması da çox vaxt alacaqları əməkhaqqının azlığı ilə bağlıdır”
Adil Qeybulla: “İndi tibb sahəsini seçən gənc məcburdur ki, 11 il oxusun. Həkim olmaq arzusunda olan oğlan fikirləşir ki, həkim olmaq üçün 11 il oxumalıdır ki, əli çörəyə çatsın”


Azərbaycanda ali məktəblərin IV ixtisas qrupu üzrə təhsil alan oğlanların sayı azalıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bir neçə gün öncə keçirdiyi mətbuat konfransında açıqlama verən sədr Məleykə Abbaszadənin sözlərinə görə, bəzi ali məktəblərə qəbul olunanlar arasında qızlar çoxdur.

Xüsusən də Tibb Universitetinin tələbələrinin əksəriyyətinin qızlardan ibarət olduğunu vurğulayan xanım Komitə sədrinin sözlərinə görə, tibb sahəsində müəyyən ixtisaslar var ki, orada oğlanlar olmalıdır. Ölkədə IV ixtisas qrupu üzrə təhsil alan oğlanların ildən-ilə azaldığını vurğulayan TQDK sədri bəyan edib ki, oğlanlar bu qrupa yalnız 500 baldan yuxarı nəticə göstərdikləri zaman sənəd verir.

Məsələyə münasibət bildirən təhsil eksperti Məlahət Mürşüdlü isə hesab edir ki, Azərbaycanda oğlanların ümumilikdə təhsildən yayınma halları artıb: "Bu isə araşdırılmamış bir problemdir və problemin kökündə bizə məlum olan və məlum olmayan səbəblər var. Məlum olanlar odur ki, oğlanlar gələcəkdə ailə başçısı funksiyasını həyata keçirirlər. Və onlar təhsil almağın, oxumağın iqtisadi durumun yaxşılaşmasına ciddi təsir etmədiyini ehtimal edirlər. Aşağı siniflərdə oğlanlar qızlardan da yaxşı oxuyurlar. Ancaq yuxarı siniflərə qalxdıqca, bir çoxlarında zəifləmə hiss olunur. Deyirlər ki, oxuyub diplom almağın nə mənası? Onsuz da öz ixtisasına uyğun karyera qura bilmirsən, sürücü və ya digər işlərdə çalışmalı olursan. Bu da oğlanlarda təhsilə marağın azalmasına səbəb olur. Onların çoxu gələcəklərini ali təhsildə görmürlər. Həyat şəraitlərinin yaxşı olmasını başqa sahələrdə görürlər və diplomun, təhsilin önəmi olmadığını düşünürlər. Amma bununla bağlı məlum olmayan səbəblər də ola bilər”. Orta məktəblərdə qadınlaşma prosesinin getdiyini vurğulayan ekspertin sözlərinə görə, məktəblərdə çalışanların 95 faizi qadınlardır ki, onların xüsusilə oğlan uşaqlarının təlim-tərbiyəsində təsiri var: "Bu sahəyə kişilərin az meyilli olması da çox vaxt alacaqları əməkhaqqının azlığı ilə bağlıdır. Çünki uşaq cəmiyyətdə gözünü açıb görür ki, kimlər yaxşı yaşayır, kimlərin qazancı daha çox olur, kimlər üçün yaşamaq iqtisadi cəhətdən daha əlverişlidir. Və həmin peşələrə də maraq artıq olur. Əməkhaqqı peşə seçiminə birbaşa təsir edən amildir”.

Konkret olaraq IV ixtisas qrupu üzrə təhsil alan oğlanların ildən-ilə azaldığına gəldikdə isə Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, sovet dönəmində də ATU-da təhsil alanlar arasında qızların sayı oğlanlara nisbətən çox olub: "Çünki ailələr qız övladlarının həkim olmasını arzu ediblər. Hazırda da bu tendensiya davam edir”.

Tibb sahəsinə maraq göstərən oğlanların sayının azalmasının müəyyən mənada maaşın azlığı ilə bağlı olduğunu deyən professorun sözlərinə görə, insan peşə seçərkən istəyir ki, qazanclı sahəni seçsin: "Əvvəl bunun üçün seçim az idi. İndi elə yeni sahələr yaranıb ki, orada mütəxəssislər yüksək maaşla təmin edilir. Tutaq ki, əvvəllər həkim övladları atasının yolunu davam etdirirdilər. İndi isə həkim atasının o qədər də evə qazanc gətirmədiyini görən övlad daha qazanclı sahəni seçir”. A.Qeybulla bu mənada TQDK sədri ilə həmfikirdir ki, tibbin elə sahələri var ki, orada ancaq kişi həkimlər çalışmalıdır: "Cərrahlığın elə sahəsi var ki, o işi yalnız kişi həkimlər yerinə yetirə bilər. Bu, mentalitetlə bağlı olan məsələ deyil. Kişi həkimlərə tələbat həmin sahənin ağır olması ilə bağlıdır”. A.Qeybullanın sözlərinə görə, oğlanların tibb sahəsinə marağının azalmasında bu ixtisas üzrə uzunmüddətli təhsil sisteminin olması da durur: "İndi tibb sahəsini seçən gənc məcburdur ki, 11 il oxusun. Həkim olmaq arzusunda olan oğlan fikirləşir ki, həkim olmaq üçün 11 il oxumalıdır ki, əli çörəyə çatsın. Bu da gəlib 30 yaşı haqlayır. O zaman həmin oğlanın ailə qurmaq problemi ortaya çıxır. Kişi ailə başçısı olduğundan, onun evlənərkən evə çörək gətirməsi, ailəsini dolandırması şərtdir. Tibb sahəsini seçən oğlanlar bunu nəzərə alıb, arzusunda olsalar belə, başqa peşənin arxasınca gedirlər. Tibb sahəsini seçən oğlanlara ailələrinin uzun müddət maddi dəstək olması lazım gəlir ki, bunu da ancaq imkanlı ailələr edə bilir. Bütün bu amillər, eləcə də tibb sahəsindəki, həkimlərin bizneslə məşğul olması Azərbaycanda kişi həkimlərin sayının azalmasına təsir göstərir”. Professor kişi həkimlərin sayının azalmasının tibb sahəsində boşluq yaradacağı fikrindədir: "Təcrübə göstərir ki, tibbin cərrahiyyə bölməsində qadın həkimlər uzun müddət işləyə bilmir. Bu iş həm də fiziki baxımdan güc tələb edir. Ona görə də bu, tibbin bəzi sahələrində boşluq, kadr problemi yarada bilər”.

Şəymən