“Məhkəmə onların yaşını nəzərə alıb müəyyən yumşaldıcı qərarlar verə bilər”
“Ailədə qayğı görməyən, normal ailədə yaşamayan uşaqlar oğurluq da edə bilər, soyğunçuluq da. Uşaqlara daim nəzarət edilməlidir”
Paytaxt marketlərindən birində oğurluğa cəhd edən dəstə tutulub. Hadisə yerində saxlanılan 4 nəfərin yetkinlik yaşına çatmadığı məlum olub. Dəstə üzvlərindən biri qızdır.
Bu barədə DİN-dən verilən məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, fevralın 7-si gecə saatlarında Bakıxanov qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan” siqnalı daxil olub.
Dərhal idarənin xidmətdə olan əməkdaşları 1 dəqiqə ərzində hadisə yerinə çatıblar. Obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən, aralarında qız da olan 4 nəfərdən ibarət dəstə hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisi əməkdaşlarının çevikliyi sayəsində saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil veriliblər.
Bölmədə şəxsiyyətləri dəqiqləşdirilən zaman onların heç birinin yetkinlik yaşına çatmadığı müəyyən edilib. Araşdırma zamanı bu şəxslərin Sabunçu, eləcə də paytaxtın digər rayonlarında silsilə oğurluq cinayətləri törətdikləri məlum olub. Belə ki, saxlanılan şəxslərlə aparılan söhbətlər zamanı onların qrup halında 14 yanvar tarixində Sabunçu rayonunda yerləşən bir aptekdən 499 manat, eləcə də yanvarın 25-də Bakıxanov qəsəbəsində yerləşən marketdən pul və tütün məmulatları oğurladıqları məlum olub. Həmçinin bu şəxslər Yasamal, Nərimanov və Binəqədi rayonlarında yerləşən bir neçə market və aptekdən oğurluq etdiklərini etiraf ediblər.
Qeyd edək ki, saxlanılan şəxslərin Sabunçu rayonunda etdikləri oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.
Saxlanılan şəxslər barəsində toplanan materiallar prosessual qərar qəbul edilməsi və araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Məsələyə münasibət bildirən hüquqşünas Adəm Məmmədov "Şərq”ə açıqlamasında bildirdi ki, tutulan şəxslər barəsində cinayət işinin açılıb-açılmayacağı hansı yaşda olmalarından asılıdır:
- Əgər bu yeniyetmələrin 14 yaşı tamam olubsa, artıq onlar cinayətin subyekti sayılır. Sadəcə, məhkəmə onların yaşını nəzərə alıb müəyyən yumşaldıcı qərarlar verə bilər. Məsələn, həbs-qətimkan tədbirinin seçilməsində və s. Belə vəziyyətdə məhkəmənin qərarı işin hallarından asılı olur. Ağırlaşdırıcı hallar varmı, yoxsa əksinə, yüngülləşdirici hallar mövcuddur, məhkəmə bunlara diqqət edir. 18 yaşına çatmamış şəxslər cinayət əməli törətdikdə 10 ildən artıq azadlıqdan məhrumetmə cəzası verilmir. Bu uşaqların da törədilən əməldə nə qədər günahkar olduqlarını istintaq müəyyən edəcək. Ola bilər ki, kimsə onları bu cinayətə sövq etsin. Təcrübə göstərir ki, yeniyetmələr çox zaman böyüklərin əlində vasitəyə çevrilir.
A.Məmmədov yeniyetmələrin oğurluq əməlinə əl atmasına bir çox amillərin səbəb ola biləcəyini dedi:
- Cinayət tərkibli əməllər edənlər çox zaman təhsildən yayınan və valideyn nəzarətindən kənar uşaqlar olur. Ona görə də biz həmişə bu məsələni qaldırırıq ki, məktəblər uşaqların taleyi ilə maraqlanmalıdır. Dərsə gəlməyən, təhsildən yayınan şagirdlər barədə ailələrinə, müvafiq orqanlara məlumat verilməlidir. Nəzarətsizlik uşaqların cinayətkar qrupların toruna düşməsinə səbəb olur. Ailədə qayğı görməyən, normal ailədə yaşamayan uşaqlar oğurluq da edə bilər, soyğunçuluq da. Uşaqlara daim nəzarət edilməlidir. Ailə bunu etmirsə, məktəb üzərinə götürməlidir, yerli icra orqanları, uşaq təşkilatları onların taleyi ilə maraqlanmalıdır.
Məlahət Rzayeva